Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  AZƏRTAC-a müsahibəsi (02.09.2021)

Qarabağa qayıdışın astanasında

 

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Qələbədən 10 ay ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində torpaqlarımız işğaldan azad edilib.

Müharibənin getdiyi 44 gün ərzində bütün dünya Prezident İlham Əliyevin timsalında hərtərəfli, yüksək hazırlığa malik, hərb işinə böyük məharətlə rəhbərlik etməyi bacaran əsl qətiyyətli lider nümunəsinin şahidi oldu. Ölkə rəhbərinin siyasi-ideoloji cəbhə ilə bərabər informasiya cəbhəsində də apardığı müharibədə qeyri-adi peşəkarlıq nümayiş etdirməsi özlüyündə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət daşıyırdı. Müharibənin getdiyi günlərdə nüfuzlu beynəlxalq media orqanlarına, kütləvi informasiya vasitələrinə verdiyi müsahiblər informasiya savaşında Azərbaycanın qələbəsini şərtləndirən amillərdən idi.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva söyləyib. M.Vəliyeva bildirib ki, bu yaxınlarda Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibə, əslində savaş dönəmində dövlət başçısının yürütdüyü informasiya siyasətinin məntiqi davamı olaraq qalib Azərbaycanın postmüharibə dövründə beynəlxalq ictimaiyyətə verdiyi əhəmiyyətli mesajlardan ibarət idi. Otuz il ərzində torpaqlarımızın işğal altında olmasını böyük ədalətsizlik kimi dəyərləndirən dövlətimizin başçısı bu illər ərzində Minsk qrupunun nəticəsiz fəaliyyətinə toxundu və bildirdi ki, Azərbaycan xalqının ümidləri artıq tükənmişdi. Azərbaycan qurtuluş savaşı sayəsində öz tarixi torpaqlarını işğalçılardan azad edərək tarixi ədaləti bərpa etdi. Digər tərəfdən, Prezident İlham Əliyev bir çox ölkələrin Azərbaycan həqiqətlərinə qarşı ikili standartlarını da beynəlxalq ədalətsizlik adlandırdı. Xüsusilə, yaxın tarixin ən dəhşətli qətliamı olan Xocalı soyqırımını bəzi ölkələrin tanımamasını ədalət prinsipinin pozulması kimi qiymətləndirdi: “Ancaq sözdə “erməni soyqırımı”nı tanıyan, o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar. Bu, ədalətsizlikdir”.

Postmüharibə dövrü prosesləri barədə ətraflı danışan Prezident İlham Əliyev mülki əhali üçün böyük təhlükə yaradan, bərpa işlərini, doğma el-obasından məcburi köçkün düşmüş insanların öz torpaqlarına qayıdışı prosesini ləngidən minalanmış ərazilər məsələsini də bir daha diqqətə çatdırdı. Bildirdi ki, ermənilər işğal altındakı torpaqlarımızda yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik.

Ermənistanın minaların xəritələrini vermədiyini qeyd edən dövlətimizin başçısı bildirib: “Son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik”.

Otuz il ərzində ermənilərin dağıtdığı ərazilərin bərpasının vaxt tələb etdiyini deyən Prezident İlham Əliyev bu məsələdə əsas rəqibin zaman olduğunu söyləyib: “Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq”.

BŞTİ müdiri deyib: “Böyük Qayıdışın gerçəkləşməkdə olduğunu, birinci pilot layihənin artıq həyata keçirildiyini, Zəngilan rayonunda 3 kəndi birləşdirən layihənin bu ilin sonu, gələn ilin əvvəlinə hazır olacağı müjdəsini verməklə dövlət başçımız bir daha bütün dünyaya bəyan etdi ki, torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik.

Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri və çox əhəmiyyətli obyektlərin açılışında iştirak etmələri, illər sonra Vaqif Poeziya Günlərinin Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunması, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş Xalq artisti Bülbülün Şuşadakı ev-muzeyinin bərpa edildikdən sonra açılışında iştirak etmələri - bütün bunlara ekrandan tamaşa etdikcə keçirdiyimiz qürur hisslərinin sözlə ifadə olunması mümkün deyil.

Bir zamanlar sadəcə könül gözü ilə o torpaqları gəzən insanların həsrətinə birdəfəlik son qoyulub. İndi o insanlar doğma yurd yerlərini öz gözləri ilə görür, o torpaqlarda “Xarıbülbül” festivalına, Vaqif Poeziya Günlərinə şahidlik edirlər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalının dünyaya verdiyi ən mühüm mesaj ondan ibarət idi ki, Şuşa Azərbaycanın tarixi şəhəridir. Dünyaya bəyan olundu ki, Şuşanın xalqımız, dövlətimiz üçün ölçüyəgəlməz dərəcədə böyük önəmi var və birmənalı olaraq bütün dünya bunu bilməlidir. Həmçinin erməni vandalizminin qurbanı olan Vaqifin məqbərəsinin bərpadan sonra açılışı, Vaqif Poeziya Günlərinin 39 ildən sonra yenidən Şuşada keçirilməsi Azərbaycanın mədəni dəyərlərinə sadiqliyinin göstəricisi olmaqla, həm də poeziyasevərlər üçün əsl bayram idi. Burada bir önəmli məqamı da unutmamalıyıq ki, Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial, humanitar siyasətin həyata keçirilməsində böyük əməyi olduğu kimi, Qarabağa Qayıdış prosesində də daim dəstək nümayiş etdirir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşən bu qəbildən olan mərasimlərin, festivalların keçirilməsi Mehriban Əliyevaya olan ümumxalq sevgisini və məhəbbəti daha da artırır. Əlbəttə, bütün bunlar hələ Qarabağa Qayıdış prosesinin başlanğıcıdır. Hələ qarşıda dünyaya səs salacaq neçə-neçə beynəlxalq festivallar, genişmiqyaslı mədəniyyət layihələri baş tutacaq. Təbii ki, bu layihələr, sadəcə, mədəniyyət sahəsi ilə məhdudlaşmayacaq. Bildiyimiz kimi, Mehriban Əliyevanın fəaliyyəti maarifçilik, səhiyyə, idman, ətraf mühitin qorunması, həssas əhali qruplarına qayğı, xeyriyyəçilik kimi geniş bir sferanı əhatə edir. İşğaldan azad edilmiş torpaqlarımızda Heydər Əliyev Fondunun, bilavasitə Mehriban Əliyevanın rəhbərliyi ilə çoxşaxəli silsilə layihələrin uğurlu həllinə şahidlik edəcəyik. İşğal nəticəsində dağıdılıb viran edilən, xarabalığa çevrilən məktəblərimiz uşaqların isti nəfəsi ilə isinəcək, yenə o məktəblərdə çalınacaq zənglər övladlarımızı elmin sirlərini öyrənməyə səsləyəcək”.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən önəmli layihələrə diqqət çəkən müsahibimiz deyib: “Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusilə böyük əhəmiyyət daşıyır. Bundan başqa, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrası Mehriban Əliyevanın Azərbaycanda təhsilin inkişafına necə böyük həssaslıqla yanaşdığının göstəricisidir. Bu layihələrin məqsədi ondan ibarətdir ki, ən ucqar kənddə belə təhsildən kənarda qalan olmasın, təhsil bütün ölkə əhalisi üçün əlçatan olsun. Bu çərçivədə respublikamızın ən ucqar regionlarında da hər cür təchizatı olan, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ümumilikdə ölkə ərazisində 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilib.

Onu da qeyd etməliyik ki, son illərdə ölkəmizdə ümumilikdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Dövlət səviyyəsində həyata keçirilən genişmiqyaslı yeni məktəb quruculuğu prosesində Heydər Əliyev Fondunun müstəsna rolu dünyada yaxşı bir örnək kimi qəbul olunur. Otuz ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarımız bütün bu inkişaf proseslərindən uzaq düşsə də, artıq hər şey geridə qalıb. Prezident İlham Əliyevin Vaqifin məqbərəsinin açılışında çıxışı zamanı söylədiyi kimi, “Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”. Doğrudan da, Qarabağa yeni nəfəs gəlib, Qarabağ yeni həyatını yaşamağa başlayıb. Bu ilin yanvarın 14-də bərpasına başlanan Şuşada çox qısa müddət ərzində böyük işlər görülüb. Ən əsası, Şuşaya çəkilən Zəfər yolu bütün bu inkişafın, quruculuq prosesinin, yeni həyata qayıdışın rəmzinə çevrilib. Bu yol bizi illərlə həsrətində olduğumuz torpaqlara aparır. Öz doğma ata-baba yurdunu, evini-eşiyini tərk etmək məcburiyyətində qalaraq köçkünlük taleyini yaşayan bir milyona yaxın qarabağlının, hətta Qarabağı görməyən, çadır şəhərciklərində doğulub böyüyən uşaqların öz yurduna qayıtmaq arzusu artıq reallığa çevrilir, Zəfər yolu ilə arzularımızın şəhərinə gedə bilirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan əsgərinin, yenilməz ordumuzun sayəsində bu gün bütün yollar bizi Qarabağa aparır. Yolumuzun aydınlığını təmin edən böyük siyasət və milli birliyimiz bütün digər hədəflərimizə çatacağımız günün də uzaqda olmadığını deməyə əsas verir”.

 

AZƏRTAC