Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  “Respublika” qəzetinə müsahibəsi (25.09.2021)

               Təhsildə sağlam rəqabət, innovasiyaların tətbiqi əsas meyardır

 

2020-2021-ci tədris ili ciddi sınaqlar ili kimi yadda qalsa da, digər tərəfdən, Zəfər tarixinin şahidi kimi əlamətdardır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində böyük qələbə ilə başa çatan Vətən müharibəsindən bir il ötür.

Ali Baş Komandanın barışmaz mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində 8 noyabr 2020-ci il şanlı tariximizə Zəfər Günü kimi yazıldı. İndi bütövlükdə Qarabağın, mədəniyyət paytaxtımız Şuşanın o böyük əzəməti yenidən özünə qaytarılır.

44 günlük müharibənin gedişi bir daha onu göstərdi ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş, ilk növbədə öz köklərinə və əzəli torpaqlarına bağlı, hər qarış torpaq üçün canından keçməyə hazır olan, milli mənsubiyyəti ilə fəxr edən, xalqının adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq vətənpərvərdir. Belə övladları olan Vətən basılmazdır.

Müzəffər  Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun Vətən Müharibəsindəki zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə dərsliklərimizə yeni tarixi mövzu gətirdi.

Müharibədə iştirak edən Bakı məktəblərinin 38 müəllimi yalnız sinif otaqlarında deyil, döyüş meydanında da vətənpərvərlik dərsi keçərək, şagirdləri ilə çiyin-çiyinə vuruşub şanlı tariximizə müəllim imzasını atdı. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi hər zaman ehtiramla yad edir, ruhları qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq.

Bakının ölkənin elm və mədəniyyət, intellektual və beyin mərkəzi olması, digər tərəfdən, respublikanın ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin təxminən üçdə birinin burada cəmləşməsi Bakı Şəhəri Təhsil İdarəsi və paytaxtın təhsil işçilərinin qarşısında daha böyük öhdəliklər qoyur.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 310 ümumi təhsil, 3 xüsusi, 5 əyani-qiyabi axşam məktəbi, 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi müəssisələrində 471 661 şagirdin təlim-tərbiyəsi ilə 28 467 müəllim məşğul olur.

2020-2021-ci tədris ili Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı müəyyənləşdirilmiş qaydalara uyğun olaraq hibrid formada təşkil edildi. Pandemiya və müharibə şəraitinin çətinliklərinə baxmayaraq bütün alternativ variantlardan istifadə etməklə Bakı məktəblərində təhsilin fasiləsizliyini təmin etməyə çalışdıq. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 447 843 şagird və 27 293 müəllim qeydiyyatdan keçərək onlayn dərslərə cəlb olundular. Bu dövrdə müəllimlərin böyük bir qisminin təşəbbüskarlığı, fədakarlığı da təqdirəlayiq hal kimi dəyərləndirilir.

Teledərslərdə Bakı məktəblərində fəaliyyət göstərən 28 müəllim uğurla iştirak etmişdir.

“Virtual məktəb” layihəsi üzrə səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə Təhsil Nazirliyi tərəfindən 9 müəllimimiz “Təşəkkürnamə”yə layiq görülmüşdür.  

Ötən tədris ilində təhsildə xüsusi nailiyyətləri ilə seçilən IX siniflər üzrə 1520 nəfərə, XI siniflər üzrə 764 məzuna, ümumilikdə 2284 məzuna fərqlənmə attestatı, XI sinfi xüsusi nailiyyətlərlə bitirən 21 məzuna qızıl, 9 məzuna isə gümüş nişan təqdim olunmuşdur.

Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul göstəricilərində də müsbət dinamika müşahidə olunmaqdadır.

Tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası ildən-ilə genişlənir və demək olar ki, bütün ölkə ərazisini əhatə edir. BŞTİ-nin tabeliyindəki 187 məktəbdə 720 təmayül sinif təşkil olunub. Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir, eyni zamanda tam orta təhsil səviyyəsində şagirdlərin meyil və bacarıqlarına uyğun fənlərin seçimində, bu fənlər üzrə daha çox biliklərin əldə olunmasında əhəmiyyətli rol oynayır.

Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilində Bakıdakı 5 ümumi təhsil müəssisəsində yaradılmış peşə təmayüllü siniflərdə ümumilikdə 223 nəfər şagird 3 istiqamətdə: xidmət, kənd təsərrüfatı, təmir-tikinti istiqamətlərində müxtəlif peşələr üzrə təhsil almışlar. Çox böyük maraqla qarşılanan bu layihə orta təhsili başa vuran şagirdlərin müxtəlif peşə istiqamətində səriştələrə sahib olması baxımından əhəmiyyətlidir.

Onu da qeyd edim ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin əhatə dairəsi daha da genişləndirilərək tətbiq olunan məktəblərin sayı yeni tədris ili üçün 15-ə çatdırılmışdır.

2020-2021-ci tədris ili ərzində istedadlı şagirdlərin üzə çıxarılması və inkişafı baxımından müxtəlif istiqamətlər üzrə layihə, müsabiqə və olimpiadalar həyata keçirilmişdir. Bakı məktəbliləri respublika fənn olimpiadaları və fənn müsabiqələrində, eləcə də beynəlxalq olimpiadalarda uğurla iştirak edərək yüksək nəticələr qazanmışlar.

2020-2021-ci tədris ilində IX-XI siniflər üçün keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 62 paytaxt məktəblisi qalib olub. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8 nəfər qızıl, 28 nəfər gümüş, 26 nəfər bürünc medal qazanmışdır.

Təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin 2020-ci il 29 yanvar tarixli F-51 nömrəli əmrinə əsasən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində paytaxtın təhsil işçiləri də fəal iştirak edib, qaliblər sırasında yer alıblar. IV qrant müsabiqəsi çərçivəsində paytaxt məktəblərindən ümumilikdə 36 layihə, V qrant müsabiqəsində isə 44 layihə qalib olub.

Hazırda cari tədris ili istisna olmaqla ümumilikdə 87 sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsilə cəlb olunmuşdur.

2020-2021-ci tədris ilindən etibarən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən adıçəkilən məktəblərdə inklüziv təhsil üzrə 5-6 yaşlı sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər qəbulu da həyata keçirilməyə başladı. Bu qərar həmin uşaqların 1-ci sinifdə adaptasiya prosesini, mühitə uyğunlaşmaq, cəmiyyətin yararlı üzvü olmaq imkanlarını sürətləndirir.

2021-2022-ci tədris ilindən etibarən təhsil nazirinin imzaladığı müvafiq əmrə əsasən, Bakı şəhəri 246 nömrəli tam orta məktəbdə də inklüziv sinfin təşkili nəzərdə tutulub. Təhsil İnstitutunun və UNİCEF-in birgə əməkdaşlığı ilə Psixoloji-Tibbi Pedaqoji Komissiya (PTPK) üzvlərinə Sağlamlıq İmkanları Məhdud (SİM) uşaqların inklüziv sinfə qəbul meyarları ilə bağlı 12 akademik saat, 246 nömrəli məktəb-liseyin inklüziv sinfində dərs deyəcək müəllimlərə və məktəb rəhbərinə isə 36 akademik saatlıq təlim keçirilmişdir.

BŞTİ-nin təşəbbüsü ilə sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində təhsilinin təşkili baxımından əlçatanlığını təmin etmək məqsədi ilə 2021-2022-ci tədris ilindən etibarən Yasamal rayonunda 31 nömrəli, Suraxanı rayonunda 270 nömrəli və Xəzər rayonunda 117 nömrəli tam orta məktəblərin nəzdində əqli məhdudiyyəti olan uşaqlar üçün xüsusi siniflər yaradılmışdır. Ümumilikdə Bakı şəhərində 8 (55, 99, 170, 197, 228, 233, 254, 274 nömrəli) tam orta məktəbin nəzdində xüsusi siniflər fəaliyyət göstərir.

Paytaxt məktəblərinin yetirmələri 2020-2021-ci tədris ilində müxtəlif idman növləri üzrə beynəlxalq və respublika yarışlarında da uğurla iştirak edərək beynəlxalq və respublika yarışlarında 112 qızıl, 89 gümüş, 97 bürünc olmaqla, ümumilikdə 298 medal əldə ediblər.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə də intensiv şəkildə həyata keçirilir. Bu tədbirlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 7 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılıb. Belə ki, yeni dərs ilinə hazırlıq çərçivəsində 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi başa çatdırılmışdır. 71 və 307 nömrəli tam orta məktəblərin köhnə korpusunun əsaslı təmiri və yeni korpusun tikintisinə yeni tədris ili başlanana qədər yekunlaşması nəzərdə tutulur.

Bundan əlavə ehtiyac olan ərazilərdə 5 yeni məktəbin (Hövsan, Binə, Xocasən, Kürdəxanı qəsəbəsi və Yeni Yasamal yaşayış massivi) tikintisi tamamlanmışdır. 3 yeni məktəbin (Binəqədi, Binə atçılıq və Qala yaşayış massivi) tikintisi davam edir. Hövsan qəsəbəsində inşa edilən 172 nömrəli tam orta məktəb yeni tədris ilində fəaliyyətə tam hazırdır.

Eyni zamanda Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 74 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib. Yeni tədris ili üçün dezinfeksiya işlərinin aparılması, təhsil müəssisələrinin lazımi inventar və ləvazimatlarla təminatı da həyata keçirilib.

2020-2021-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 1740-dək vakansiya təqdim edilib. Ümumilikdə Təhsil Nazirliyi tərəfindən 1600 nəfər işlə təmin edilib.

2021-2022-ci tədris ilində ilk dərslərin I-XI siniflərdə “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunması barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Eləcə də IX siniflərdə “Zəfər tarixi” kursunun tədrisi və digər əlamətdar yeniliklərlə əyani tədrisin bərpası sevincini yaşayırıq.

Ancaq unutmamalıyıq ki, əyani tədrisin davamlılığı vaksinasiyadan keçir. Bu məqsədlə ilk mərhələdə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılmışdır.

Əyani təhsildə davamlılığı təmin etmək üçün ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesi davam edir. İndiyədək Bakı üzrə 31 532 nəfər, yəni 90 faiz təhsil işçisi vaksinasiyadan keçib.

Keyfiyyət artımının təməli hesab olunan ümumi təhsilin məqsədyönlü inkişafı, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, məzmun islahatlarından irəli gələn yeniliklərin tətbiqi, fənlər üzrə şagirdlərin təlim nəticələrində yaranmış boşluqların aradan qaldırılması üçün tədbirlərinin görülməsi davam etdiriləcək.

Yeni tədris ilinə Zəfər tarixinin yaratdığı qürur hissi il qədəm qoyuruq. Bu hissi bizə yaşadan, təhsilə həmişə qayğı və diqqətlə yanaşan Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Bakı təhsilinə diqqətini əsirgəməyən Təhsil Nazirliyi rəhbərliyinə Bakı təhsil işçiləri adından dərin təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək bütün təhsil işçilərini yeni tədris ili münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram.

Mehriban VƏLİYEVA,

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri.

 

 

“Respublika” qəzeti