Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  AZƏRTAC-a müsahibəsi (06.11.2021)

Mehriban Vəliyeva: Zəfər Günü Azərbaycanın bu gününə və gələcəyinə işıq saçır

 

Azərbaycan xalqı müasir tarixinin ən şanlı, qürur və fəxarət dolu günlərini yaşayır. Otuz ilə yaxın dilimizin əzbərinə çevrilən, “gün o gün olsun ki, Qarabağımız işğaldan azad olsun!” adlı ümidimizin göyərdiyi gündür bu gün. Əzəli ata-baba yurdlarının işğalından sonra didərgin düşən, əsir olan ruhların azadlığa qovuşduğu gündür bu gün. Bir sözlə, 8 noyabr Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşmənin cəfəng iddiasına qarşı qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida” fikrinin sonundakı o nidanın təsdiqini tapdığı gündür.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O qeyd edib ki, bizi Qarabağdan ayıran 30 illik zamanın içərisində ölçüyə gəlməyən acı, nisgil, həsrət var idi. Hər nə qədər ümidlərimizi ölməyə qoymasaq da, bir gün bu həsrətin bitəcəyinə inansaq da, amma yenə də tərəddüd etdiyimiz anlar olurdu. Hər işğal tarixinin ildönümlərində yenidən o torpaqlara dönə biləcəyimiz gün sanki uzaqlaşırmış kimi bir hiss var idi içimizdə. Lakin 2020-ci ilin 27 sentyabrında - Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başlaması bizi Qarabağ arzumuza yaxınlaşdıran günün başlanğıcı oldu. O gün millətin daxilində illərlə yığılıb qalan döyüş ruhu, birlik duyğuları sanki vulkan kimi püskürdü.

Dünya hərb tarixində həftələr, aylar, illərlə davam edən, bəzən də çox qısamüddətli müharibələr olub. Vətən müharibəsində Azərbaycan Ordusuna cəmi 44 gün kifayət etdi ki, 30 ilə yaxın davam edən düşmən işğalına son qoysun. Bu ay yarım müddətdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı Qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun zəfər yürüşü və bununla da dünya hərb tarixində açdığı yeni səhifə beynəlxalq aləmə səs saldı. Bu səs işğalçı dövlətlə bərabər dünyanı Azərbaycan reallıqları ilə barışmaq məcburiyyətində qoydu. BMT Təhlükəsizlik Şurasının 27 il idi ki, kağız üzərində qalan qətnamələrini icra etdi. Münaqişənin hərb yolunun olmadığını bildirən dövlətlərə, erməni ordusu barədə “döyüşkən”, “məğlubedilməz” mifi yaradan Ermənistan hakimiyyətinə lazım olan mesajı verdi. Sübut etdi ki, saxta, əsassız iddialarla başqasının torpağına sahib çıxmaq istəyən yox, haqqı olana, əzəli torpağına, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bütün dünya 44 gün ərzində Azərbaycan xalqının məğrurluğuna, yenilməzliyinə, birliyinə, ordusunun gücünə və Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyətinə şahidlik etdi.

Azərbaycanın istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə qazandığı uğurlar, əldə olunan tarixi zəfər bir daha onu göstərdi ki, dövlətlə xalqın birliyinin aşa bilməyəcəyi heç bir əngəl yoxdur. Ataların məşhur məsəlində deyildiyi kimi, “El bir olsa, dağ oynadar yerindən” ifadəsi Vətən müharibəsində Azərbaycanın zəfəri ilə bir daha öz təsdiqini tapdı.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq narahat, itkilər, qurbanlar verdiyimiz, bununla bərabər qalibiyyət xəbərlərinə sevindiyimiz, Müzəffər Ali Baş Komandan hər işğaldan azad edilən rayonların, kəndlərin adlarını açıqladıqca sevincdən ağladığımız günlər oldu. Bir sözlə, qarışıq duyğular yaşadığımız o günlərdə Qarabağ adlı Vətən torpağına qovuşmağa qalan bircə addımlıq məsafə hər kəsin ən böyük təsəllisi idi - övladını Vətənə pay verən ata-ananın da, qardaşı şəhid olan bacının da, ömür-gün yoldaşını itirən qadının da.

Filosof B.Spinozanın bir sözü var, deyir “Qaliblərin yaraları tez sağalır”. Azərbaycan xalqı Vətən müharibəsində necə həmrəylik nümayiş etdirdisə, gələn hər şəhid xəbəri ilə ağlayıb, Qələbə xəbərinə sevindisə, müharibədən sonrakı proseslərdə də həmrəylik nümunəsi göstərməyə davam edir. Acılarımız, itkilərimiz nə qədər böyük olsa da, parlaq zəfər onları qürur və and yerimizə çevirdi.

M.Vəliyeva qeyd edib ki, Qarabağa böyük qayıdışın astanasındayıq. İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bu gün ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə bərpası istiqamətində bir-birinin ardınca uğurlu layihələrin icrasına start verilib. Yol-nəqliyyat, enerji infrastrukturunun bərpası ilə bağlı layihələrin icrası çox sürətlə həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müharibənin bitməsindən sonra Qarabağa etdikləri ardıcıl səfərlər onu göstərir ki, Qarabağın bərpası dövlət başçımızın qarşıya qoyduğu milli prioritetdir. Məcburi köçkün düşmüş vətəndaşlarımızın qısa zamanda öz ata-baba yurdlarına qayıtması üçün başlanan sürətli quruculuq işləri deməyə əsas verir ki, Qarabağın doğma sakinlərinin dönüşü ilə yeni həyata qovuşacağı, oralara yeni nəfəsin gələcəyi gün uzaqda deyil.

İşğaldan azad edilən ərazilərdə vacib obyektlərin təməlini qoyan Prezident İlham Əliyevin erməni vandalizminin qurbanı olan məktəb binalarının yenidən inşasına dair göstərişləri, məktəblərin təməlqoyma mərasimlərində şəxsən iştirak etməsi dövlətin təhsilə göstərdiyi qayğının ən bariz nümunəsidir. Çünki hər kəs yaxşı bilir ki, xalqın gələcəyi üçün layiqli vətəndaş, yüksək mədəniyyətə, intellektə, Vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət məktəbdə yetişir. Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Vətən sevgisini aşılayan ailələri ilə birgə həm də məktəbdir. Şagirdlərə Vətəni sevməyi, onu qorumağı öyrədən məktəbdir, müəllimdir. O müəllimlərin yetişdirdiyi paytaxt məktəblərinin 354 məzunu ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında borclarını layiqincə yerinə yetirdi. Müəllimlər savaş meydanında da şagirdlərini yalnız buraxmadı. Müharibədə iştirak edən Bakı məktəblərinin 38 müəllimi yetirmələri olan şagirdləri ilə çiyin-çiyinə vuruşaraq şanlı tariximizə öz imzasını atdı. Sinif otaqlarında keçdikləri vətənpərvərlik dərsinin əməli nümunəsini soyuq səngərlərdə düşmənlə savaşaraq göstərdi. Bir sözlə, Azərbaycan müəllimi də, o müəllimlərin yetirmələri də Qarabağ sınağından “əla” qiymət aldı. Amma buna baxmayaraq, müəllim yenə də işini bitmiş saymır. Onlar bu zəfərin davamını sinif otaqlarında savadlı gələcək, Qarabağın çiçəklənməsinə öz töhfələrini verəcək bacarıqlı gənclər yetişdirməklə yazacaqlar.

“Qeyd edim ki, qazi müəllimlərimizlə mütəmadi olaraq görüşlər keçirir, onlara qayğımızı əsirgəmirik. Ötən müddət ərzində Vətən müharibəsində yaralanmış, eləcə də müxtəlif dövlət təltiflərinə layiq görülmüş müəllimlərlə müntəzəm olaraq əlaqə saxlamış, bayramlar, əlamətdar günlərdə evlərinin qonağı da olmuşuq. Bu, hər zaman diqqətimizdə olan bir məsələdir və onlara hər sahədə diqqət və qayğı göstərməyi özümüzə borc bilirik. Hesab edirik ki, sinif otaqlarını döyüş səngərlərinə dəyişən qazi müəllimlərimizin həyat və fəaliyyətini, döyüş yolunu geniş ictimaiyyətə çatdırmaq, günümüzün real qəhrəmanlarını təbliğ etmək olduqca vacibdir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Qafqazinfo.az xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn “Qazi müəllimlər” kitabını yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik. Düşünürük ki, bu kitab geniş oxucu auditoriyası üçün məktəb divarları arasında fədakar əməyi ilə seçilməklə yanaşı, həm də Vətən savaşında şücaət göstərən müəllimlərimizi tanımaq, onların nümunəvi fəaliyyətinin öyrənilməsi baxımından istinad mənbəyi olacaq.

Bir haşiyəyə də çıxım ki, Zəfər Günü ərəfəsində uğurlu bir təşəbbüsə də imza atdıq. Bakıdakı 2 nömrəli Texniki-Humanitar Liseylə Şuşa şəhər 1 nömrəli tam orta məktəbi arasında əməkdaşlıq sazişi imzalandı. Bu saziş ölkəmizin inzibati və mədəniyyət paytaxtları arasında uğurlu təhsil körpüsü, həmçinin Şuşadan uzaqda böyüyən, Vətənin Şuşa adlı cənnətini sadəcə şəkillərdən, lentlərin yaddaşına köçən kadrlardan görən, böyüklərin dilindən eşidən uşaq və gənclərin Bakıdan Şuşaya uzanan mənəvi bağlılığıdır.

Bu gün Azərbaycan xalqı, dünyanın hər tərəfində yaşayan soydaşlarımız Zəfər Gününün ildönümünü qeyd edir. Bir il bundan öncə müharibənin gedişi zamanı Müzəffər Ali Baş Komandan “Şuşasız bizim işimiz yarımçıq qalar” dedi və Şuşanın işğaldan azad olunması ilə də müharibənin taleyində həlledici dönüş yaşandı. Qarabağın incisi Şuşanın noyabrın 8-də 28 illik əsarətdən azad edilməsi və xalqımızın döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən bu misilsiz qələbəsi qəti Zəfər oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər ilin bu gününün qürurla qeyd olunması rəsmiləşdirildi və tariximizin ən parlaq səhifəsinə çevrildi. Təkcə ilin bu günü yox, hər günü bu fəxarəti, bu zəfəri bizə yaşadan şəhidlərimizə, qazilərimizə sonsuz minnətdarıq. Şəhidlərin sayəsində başımızı qalib xalq kimi dik tuta bilirik. Ayağını, qolunu, gözünü Vətənin azadlığına fəda edən qazilərimiz sayəsində qalibiyyətin sevincini yaşaya bilirik. Odur ki, zəfər tariximizin bu unudulmaz qəhrəmanları Azərbaycanın bu gününə və gələcək yoluna daim işıq salacaqlar”,- deyə Mehriban Vəliyeva bildirib.

 

AZƏRTAC