Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  AZƏRTAC-a müsahibəsi (24.12.2021)

Azərbaycanda təhsil sahəsində həyata keçirilən hər bir islahat xalqın xoşbəxt gələcəyinə hesablanıb

 

Tarixi gerçəklik deməyə əsas verir ki, gərgin mübarizələrlə istiqlalına qovuşan xalqların tərəqqi yolu məhz qətiyyətli lider amili ilə şərtlənir. Taleyüklü qərarlar qəbul etmək, kütləni arxasınca aparmaq qabiliyyəti ilə seçilən liderlərin uzaqgörənliklə müəyyən etdikləri yol mənsub olduqları dövlətlərin, xalqların gələcək taleyinə etibarlı zəmin yaradır. Dünyada xilaskarlıq və quruculuq missiyası ilə tanınan belə liderlərlə bağlı kifayət qədər misallar sadalamaq olar. Azərbaycan xalqı da o xoşbəxt xalqlardandır ki, ulu öndər Heydər Əliyev kimi müdrik, ən çətin tarixi-siyasi şəraitdə hakimiyyət sükanını məharətlə idarə edərək dövləti, onun müstəqilliyini əbədi və dönməz edən lideri hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Bu, bir həqiqətdir ki, liderin böyüklüyü təkcə onun ideyalarının gücü ilə ölçülmür. O, həm də özündən sonra layiqli davamçı yetişdirmək, hakimiyyət sükanını etibarlı əllərə ötürmək bacarığı ilə seçilir. Əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək davamçı yetişdirməsi Ulu Öndərin şəxsiyyət və lider kimi böyüklüyünün göstəricisi idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O xatırladıb ki, 2003-cü ildə ümummilli lider Heydər Əliyev xalqa müraciətində “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son 10 ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - söyləmişdi. Həm Azərbaycan xalqı, həm də bütün dünya Heydər Əliyevin uzaqgörənliyinə bu dəfə də şahid oldu. Son 18 ildə Azərbaycanın inkişaf salnaməsinin yeni, parlaq səhifələrinin müəllifi məhz Prezidentimiz İlham Əliyevdir. Heydər Əliyev siyasi kursunu müasir dövrün çağırışlarına uyğun zənginləşdirən dövlət başçımızın yürütdüyü məqsədyönlü siyasətin uğurlu bəhrələri müasir Azərbaycanın şanlı tarixinə çevrilir.

Bill Qeytsin bir sözü var, deyir ki, “əsr güclü liderlərin yox, gücləndirən liderlərin əsridir”. Elmi-texniki tərəqqi, innovasiyalar, humanitar və mədəni intibah əsri kimi səciyyələndirilən XXI yüzillikdə belə liderlərin öz xalqlarının taleyində oynadıqları misilsiz xidmətlər daha qabarıq diqqət çəkir. Onların yüksək idarəetmə məharəti rəhbərlik etdikləri dövlətlərin və xalqların taleyində müstəsna rol oynayır. Bu mənada Prezident İlham Əliyevin dünyada gedən yeni siyasi və iqtisadi proseslərə dərindən bələd olması, reallığa əsaslanan siyasət yürütməsi qabarıq görünür. Ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlət başçımızın son 18 ildə həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan müasir yüksəliş mərhələsini yaşayır.

Neft kapitalını intellektual kapitala çevirməklə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirən dövlət başçımız qeyd edir ki, “Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, gənclər bilikli olmalıdırlar. Əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar, əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır”.

M.Vəliyeva qeyd edib ki, müasir dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, idarəçilik sistemində müvafiq dəyişikliklər həyata keçirilir. Milli özünəməxsusluq, adət-ənənələr qorunub saxlanılmaqla insanların həyat tərzi, təfəkkürü, düşüncə tərzi çağdaş dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir. Dövlət başçımız çıxışlarında vurğulayır ki, qloballaşan dünyada milli tərəqqinin yeganə yolu elm və təhsildən, yeni biliklərin əldə olunmasından keçir. Hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən olunur. Bu baxımdan Azərbaycanda təhsilə ən yüksək səviyyədə göstərilən qayğı, bu sahədə həyata keçirilən hər bir islahat, baş verən hər bir hadisə, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı göstərir ki, bu sahənin yüksəlişi dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil edilib. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Son 18 ildə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyevin müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Bu qayğının nəticəsidir ki, son illər ölkəmizdə müasir standartlara cavab verən, modern, yaraşıqlı məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinin sosial rifahı yaxşılaşdırılır. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” müvafiq Sərəncam müəllim əməyinə verilən ali dəyərin daha bir göstəricisidir. Bu artım müqəddəs peşə sahibi olan müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədini daşıyır. Təhsilimizin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqətin nəticəsidir ki, Azərbaycan müəlliminin nüfuzu durmadan artır, güzəranı getdikcə yaxşılaşır. Həmçinin Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi təhsildə varislik prinsipinin tətbiqi baxımından böyük əhəmiyyət daşımaqla, həm də təhsil işçilərinə göstərilən böyük etimaddır. Bununla da məktəbəqədər təhsilə məzmun baxımından daha peşəkar yanaşma formalaşdırılacaq, təhsilin bu pilləsinə maraq daha da artacaq.

Hər kəsə məlumdur ki, xalqın gələcəyi üçün layiqli vətəndaşı, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyəti yetişdirən məktəbdir, müəllimdir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində məktəbin, müəllimin rolu danılmazdır. Prezident İlham Əliyevin gənclərə ünvanladığı “Gənclər, mən sizə inanıram, güvənirəm” fikirləri Zəfərlə başa çatan Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Dövlətin daim qayğısı ilə əhatə olunan Azərbaycan təhsilinin, məktəbinin yetişdirdiyi vətənpərvər nəsillər 30 illik həsrətdən sonra üçrəngli bayrağımızı Qarabağda dalğalandırdı.

“Qalib ölkənin qalib lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə həyata keçirdiyi güclü dövlət, güclü ordu quruculuğu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbi oldu. Zəfərdən bir il öncə “Qarabağ Azərbaycandır və nida” deyə bəyan edən, Ordusunun gücünə, əsgərinin şücaətinə, xalqının dəstəyinə güvənən Müzəffər Ali Baş Komandan 44 gündə tarixi Qələbənin nidasını qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə qazandığı uğurlar, əldə olunan tarixi Zəfər bütün dünyaya səs saldı. Vətən müharibəsi başlanan gündən dünya mediasına müsahibələr verən, bəzi KİV-in nümayəndələrinin qərəzli suallarını dəqiq faktlar və arqumentlərlə cavablandıran ölkə başçısının hərbi, siyasi və ideoloji gedişləri dünya siyasətçilərinin təqdir etdiyi məqamlardandır.

Düşmən tapdağında olan əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı yüksək tribunalardakı qətiyyətli çıxışları, verdiyi müsahibələrdə söylədiyi hər söz, hər kəlmə Azərbaycan xalqının illərdir həsrətini çəkdiyi, qovuşa bilmədiyi yurd yerlərinə bir gün mütləq dönəcəkləri ümidini alovlandırırdı. Nəhayət xalqın gözlədiyi o gün gəldi. Müzəffər Ali Baş Komandanın əmrini gözləyən cəsur Azərbaycan oğulları könüllü olaraq Vətənin müdafiəsinə yollandılar. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Güclü Azərbaycan Ordusu, məğrur və rəşadətli əsgərlərimiz Müzəffər Ali Baş Komandanın əmrlərini yerinə yetirərək 44 gün ərzində Azərbaycanın şanlı tarixini yazdı. Prezident İlham Əliyevin uğurlu strategiyası nəticəsində Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını erməni işğalından azad etdi.

İllər ərzində doğum gününü cəbhədə əsgərlərlə bərabər, qaçqın düşərgələrindəki vətəndaşlarımızla birgə qeyd edən, hər zaman onların qayğıları, problemləri ilə maraqlanan ölkə başçımız onlarla hər görüşündə doğma torpaqlarına qayıdacaqları günün uzaqda olmadığını söyləyirdi. Ölkə rəhbəri doğma yurd yeri Qarabağın həsrətini çəkən, Vətənində məcburi köçkünə çevrilən soydaşlarına verdiyi sözü tutdu. Azərbaycan Ordusunun gücü və Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti ilə Qarabağ öz sahiblərinə geri qaytarıldı. Bakının baş meydanı sayılan Azadlıq meydanında Azərbaycan vətəndaşları və bütün gələcək nəsillər üçün rəmzi məna və tarixi əhəmiyyət daşıyan möhtəşəm Zəfər paradının təntənəsi isə hər zaman xatırlanacaq, haqqında qürurla danışılacaq.

Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi münasibətilə keçirilən parada işğaldan azad edilən Lələtəpədə ucaldılan bayraq gətirilərkən “Gün gələcək, biz azad edilmiş ərazilərdə ucaldılmış bayrağı Zəfər paradına gətirəcəyik”, - söyləmişdi. O gün 2020-ci ilin 10 dekabr günü idi. Həmin paradda işğaldan azad edilən Qarabağımız, Şuşamıza sancılan üçrəngli bayrağımızla bərabər Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da gətirildi. Qənimət götürülmüş hərbi texnikanın paradda nümayişi Qarabağdakı məğlubiyyətindən sonra Ermənistana vurulan növbəti zərbə oldu. Bir sözlə, dosta qürur, düşmənə göz dağı olan Zəfər paradı dövlət başçısı İlham Əliyevin dönməz iradəsi, qətiyyəti, yürütdüyü siyasət, idarəetmə səriştəsi və Ordumuzun şücaəti sayəsində Azərbaycanın gücünü bütün dünyaya göstərdi.

Vətən müharibəsindən sonra Azərbaycan böyük quruculuq mərhələsinə qədəm qoyub. İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə bir-birinin ardınca uğurlu layihələrin icrasına start verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağa ardıcıl səfərləri, məcburi köçkün düşmüş vətəndaşlarımızın qısa zamanda öz ata-baba yurdlarına qayıtması üçün başlanan sürətli quruculuq işləri deməyə əsas verir ki, Böyük Qayıdış çox yaxındır. İşğaldan azad edilən ərazilərdə vacib obyektlərin təməlini qoyan Prezident İlham Əliyevin erməni vandalizminin qurbanı olan məktəb binalarının yenidən inşasına dair göstərişləri, məktəblərin təməlqoyma mərasimlərində şəxsən iştirak etməsi dövlətin təhsilə göstərdiyi qayğının ən bariz nümunələrindəndir.

Bu gün hər kəs əmindir ki, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti Azərbaycanın daha da qüdrətli, firavan və inkişaf etmiş dövlətə çevrilməsini təmin edəcək, ölkəmiz daha böyük uğurlara imza atacaq”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.

 

AZƏRTAC