Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  AZƏRTAC-a müsahibəsi (14.02.2022)

“Şuşa İli” tarixi və mədəni dəyərlərə sahibliyin ifadəsidir

 

2020-ci ilin 8 noyabrı Azərbaycan xalqının müasir tarixinin qürur və şərəf dolu qəhrəmanlıq salnaməsidir. O tarixdən etibarən Azərbaycan xalqı üçün 30 illik həsrətdən sonra Qarabağ ili, yurda qayıdış ili başlandı. 8 noyabr tarixindən bu yana bizim üçün hər gün Şuşanın günüdür. O gündən bəri biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Şuşa, biz səni dirçəldəcəyik” nidalarına köklənib Qarabağa, Şuşaya dönüşün heç nə ilə əvəz olunmayan sevincini yaşayırıq.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

 

O vurğulayıb ki, ötən ilin sonuncu günü - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində dövlət başçımızın 2022-ci ili “Şuşa İli” elan etməsi daşıdığı böyük tarixi, milli-mənəvi əhəmiyyəti baxımından olduqca önəmlidir. Bunun bir səbəbi 2022-ci ildə Şuşanın əsasının qoyulmasının 270 illiyinin tamam olması və ölkəmizdə milli-mədəni və tarixi irsin qorunmasına, təbliğinə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyinin nümayişidir. Digər tərəfdən “Şuşa İli”ndə həyata keçiriləcək tədbirlərlə Qarabağın əsl sahibinin kim olduğunu dünya ictimaiyyətinə bir daha göstərməklə uzun illər tarixi saxtalaşdırmaq istəyən ermənilər və onların yalanlarını əyani faktlarla ifşa edəcək. Həmçinin “Şuşa İli”nin ən mühüm hədəflərindən biri Qarabağda quruculuq işlərini və işğaldan azad edilən ərazilərə qayıdışı sürətləndirməkdir.

 

Hələ ötən ilin mayında Prezident İlham Əliyevin Sərəncamı ilə zəngin tarixi keçmişə malik Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu qədim şəhərə verilən ən böyük dəyərin göstəricisi idi. Bunun ardınca “Şuşa İli”nin elan edilməsi həmin qərarın məntiqi davamıdır. Prezident İlham Əliyevin imzaladığı hər iki sərəncam Şuşanın Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb etdiyini göstərən mühüm tarixi sənədlərdir. Şuşa işğaldan azad olunanda xalqa müraciəti zamanı Ali Baş Komandan İlham Əliyevin söylədiyi “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” fikirləri “Şuşa İli”nin elan olunmasının ölkəmizdə və dünyada yaşayan soydaşlarımızın hədsiz sevincinə, məmnunluğuna səbəb olması ilə bir daha öz təsdiqini tapdı.

 

“Şuşa İli” çərçivəsində həm dövlət, həm özəl qurumlar, qeyri-hökumət təşkilatları, media institutları tərəfindən Şuşanın tarixi, onun Qarabağın və bütövlükdə Azərbaycanın iqtisadi, mədəni həyatında oynadığı rol, işğal dövründə məruz qaldığı vandallıq, Azərbaycan Ordusunun şəhəri işğaldan azad edərkən göstərdiyi misilsiz qəhrəmanlıq və digər vacib məsələlərin geniş təbliği bütün dünyaya bir daha sübut edəcək. Qarabağ, Şuşa əzəli Azərbaycan torpağıdır, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb və 30 illik erməni işğalına son qoyaraq haqqı olan torpaqlarına geri dönüb. Mehriban Vəliyeva diqqətə çatdırıb ki, Şuşa bu gün yenidən qurulur, mədəniyyət paytaxtı Şuşada şəhərin əsl tarixi simasının bərpası istiqamətində bir-birinin ardınca nəhəng layihələr gerçəkləşdirilir. Bu layihələr sırasında qısa müddətdə Şuşanın Baş planının hazırlanması, şair, ictimai xadim Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksinin əvvəlki görkəminə geri qaytarılması, dahi Üzeyirin heykəlinin, Bülbülün ev-muzeyinin və heykəlinin açılışları, həmçinin Şuşadakı tarixi, dini və memarlıq abidələrinin bərpası, erməni vandalizminin qurbanı olan tarixi Şuşa məktəbinin yenidən inşası burada aparılan kompleks quruculuq, bərpa işlərinin tərkib hissəsidir. Quruculuq işləri ilə paralel olaraq Qarabağda, Şuşada böyük tarixi və mədəni əhəmiyyət kəsb edən layihələrin icrası, tədbirlərin keçirilməsi Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin yenidən bərpa olunaraq təşkili, Cıdır düzündə gerçəkləşən, ruhumuza toxunan “Bayatı-Şiraz”ın əks-sədası ilə nəinki Qarabağa, bütün dünyaya səs salan məşhur “Xarıbülbül” musiqi festivalı bütün dünyaya verilən mesaj idi. Xüsusilə Ermənistanın havadarlarına, münaqişənin həllində hərb yolunun olmadığını bildirən dövlətlərə mesaj idi: hərb yolu ilə, oğullarımızın qanı bahasına haqqımız olan ata-baba torpaqlarımızı azad etdik və bu gün burada, öz torpağımızda milli-mənəvi dəyərlərimizə sahib çıxırıq.

 

“Şuşa İli”nin elan olunması ilə 2022-ci ilin ilk günlərindən Azərbaycan vətəndaşlarının Şuşaya səfərlərinə start verildi. Azad edilən ərazilərə ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm iqtisadi-sosial, həm də humanitar inteqrasiyasında mühüm rola malikdir. Səfərlərin başladığı ilk günlərdən istər Şuşada doğulub-böyüyən, o torpağın sakinləri olsun, istərsə də məmləkətimizin fərqli bölgələrində yaşayanlar, fərq etməz, 28 il Şuşadan uzaq qalan insanlar axın-axın onun ziyarətinə tələsirlər. Qədim yurd yerimiz olan Şuşanı, işğal dövründə erməni barbarlığını, qəhrəman Azərbaycan əsgərinin qazandığı şanlı Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görmək istəyirlər. İstər-istəməz bir sual yaranır. Bir şəhər nə qədər sevilərmiş? Bir şəhər insan ruhuna, düşüncələrinə nə qədər təsir edərmiş? Adı çəkiləndə uşaqdan-böyüyə üzlərə təbəssüm, gözlərə sevinc qonur. Bircə kəlmə Şuşadan söz sal, bitməyən dastanlar, əfsanələr danışsın yurdumuzun insanı. Belə bir intəhasız sevgini insan yalnız öz doğma torpağına göstərə bilər. Saxta iddialarla Qarabağı, Şuşanı özününküləşdirməyə çalışan erməni bu 30 ildə nə etdi? Yalnız yandırmaq, talan etmək, viran qoymaqla məşğul oldu. İnsan öz torpağına qarşı bu şəkildə barbarlıq nümayiş etdirərmi? Onların özlərinə də gün kimi aydın idi ki, bu torpaqlarda müvəqqətidirlər, Qarabağın əsl sahibləri gec-tez öz yurdlarına geri dönəcəklər və döndülər də.

 

Möhtərəm Prezidentimizin 2022-ci ili “Şuşa İli” elan etməsi digər sahələrdə olduğu kimi, Azərbaycan təhsili qarşısında da vacib öhdəliklər qoydu. Şuşanın qədim tarixinin, zəngin mədəni irsinin, işğal dövründə ermənilər tərəfindən məhv edilən tarix-mədəniyyət abidələri, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qarabağı, Şuşanı işğalçılardan təmizləmək üçün göstərdikləri misilsiz qəhrəmanlıqların gələcək nəsillərə aşılanması olduqca böyük əhəmiyyət daşıyır.

 

Digər bir tərəfdən, hamımıza məlumdur ki, Şuşa zəngin tarixə, mədəniyyətə sahib olduğu kimi, həm də qədim təhsil ənənələrinə malikdir. 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəb məhz Şuşada inşa olunub. Şuşa 1 nömrəli tam orta məktəb Azərbaycanın zəngin tarixə malik olan qədim məktəblərindəndir. İşğala qədər 1 nömrəli tam orta məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar. Qarabağa, Şuşaya böyük qayıdışın ilk təməlləri sırasında Şuşa 1 nömrəli məktəbinin də olması, Prezident İlham Əliyev tərəfindən ötən ilin mayın 12- də məktəbin təməlinin qoyulması təhsilə olan ali dəyərin göstəricisi olmaqla yanaşı, həm də qədim və zəngin ənənələri olan Şuşa məktəbinin yenidən qurulması üçün dövlət qayğısının nümunəsi idi. Ötən ilin payızında Bakının 2 nömrəli Texniki-Humanitar Liseyi ilə Şuşanın bu qədim məktəbi arasında əməkdaşlıq sazişi imzalandı. Bu sazişi, hər şeydən öncə Bakı ilə Şuşa arasında uğurlu təhsil körpüsü adlandırmaq olar. İnanırıq ki, “Şuşa İli”nin elan olunması ilə bu təhsil körpüsü daha da möhkəmlənəcək, əlaqələrimizə öz töhfələrini verəcək.

 

“Şuşanın Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi həyatındakı rolunu bir daha bütün dünyaya nümayiş etdirmək, həmçinin bu tarixi şəhərin bərpasını sürətləndirmək məqsədilə “Şuşa İli” elan edilməsi qarşıdakı dönəmdə Azərbaycan naminə daha böyük işlərin görüləcəyinə əminlik yaradır. Nəinki 2022-ci il, bizim üçün bundan sonra hər il o torpaqların əzəli sakinlərinin öz yurdlarına qayıdıb, öz ocaqlarını yandırıb o yerlərin əvvəlki növrağını özünə qaytaracağı günlər naminə Qarabağ ili, hər gün Şuşanın günüdür”, - deyə Mehriban Vəliyeva bildirib.

 

AZƏRTAC