Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  AZƏRTAC-a müsahibəsi (20.10.2022)

“Heydər Əliyev İli” Ulu Öndərin zəngin siyasi irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq

 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə verilən böyük dəyərin göstəricisidir. Azərbaycanda hakimiyyətinin həm birinci dönəmində, həm də müstəqillik qazandıqdan sonrakı dövrdə ölkədə yaranmış çətin durumda xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndərin bütün fəaliyyətinin təməlində xalqımızın parlaq gələcəyi, qüdrətli bir dövlət kimi milli müstəqilliyinin əbədiliyinin təmin edilməsi dayanırdı. Əslində Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətləri, bu dahi şəxsiyyətin dünya tarixindəki yeri və mövqeyinə nəzər salmaq baxımından sadəcə bir il kifayət etməz. Bu tarixi yol öz başlanğıcını 1969-cu ildən götürüb və əbəs yerə həmin dövrü bugünkü müstəqil Azərbaycan dövlətçiliyinin təməlinin qoyulduğu dövr adlandırmırlar. Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini hər an, hər gün həyatımızda hiss etməkdəyik.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, yarım əsrdən artıqdır Azərbaycan xalqı bu uzaqgörən, müdrik şəxsiyyətin ideyalarının işığında hərtərəfli inkişaf yoluna davam edir. Hesab edirik ki, “Heydər Əliyev İli” mənalı ömrünü xalqına, Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən, misilsiz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşən böyük azərbaycanlını, Heydər Əliyev dühasını daha dərindən dərk etmək, böyük bir epoxanın mahiyyətini, hadisələrini şərh etmək baxımından yaradılmış bir fürsət, imkandır.

 

Ümummilli Liderin Azərbaycanda hakimiyyətinin hər iki dönəmində ölkə həyatının bütün sahələrində olduğu kimi, təhsildə də köklü islahatlar aparılmağa başlandı, geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılması bir vəzifə olaraq qarşıya qoyuldu. Digər mühüm məsələlər kimi, aktual hesab olunan təhsil Ulu Öndərin qayğısı, diqqəti ilə əhatəli quruculuq yoluna qədəm basdı. Bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan görkəmli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, tərəqqinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Cəmiyyətin inkişaf zəminini haqlı olaraq təhsildə və maarifçilikdə görən dahi rəhbər bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. Bu gün hər kəs qətiyyətlə deyə bilər ki, Azərbaycan təhsilinin yüksəlişi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

 

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılması, Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq. Bu baxımdan “Heydər Əliyev İli” Azərbaycan təhsili, Azərbaycan məktəbi qarşısında da vəzifələr qoyur. Əsası dahi rəhbər tərəfindən qoyulan təhsil strategiyası, Azərbaycanda intellektual potensialın formalaşması, hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması, onların maddi-texniki bazasının formalaşdırılması, Azərbaycan gənclərinin təhsil almaq üçün xarici ölkələrdəki ali məktəblərə göndərilməsi, müstəqillikdən sonrakı dövrdə də təhsilin inkişafı istiqamətində bir-birinin ardınca imzaladığı qərar və sərəncamlar, bu sahədə mükəmməl qanunverici bazanın formalaşdırılması, bütün bunlar ayrı-ayrılıqda geniş müzakirə mövzusudur.

 

“Qeyd edim ki, uzun müddətdir ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilir. Dərslərin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdən ibarətdir. Həmçinin mütəmadi olaraq hər il ümumi təhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümləri ərəfəsində “Ən yaxşı təqdimat” müsabiqəsi həyata keçirilir ki, burda da əsas məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının aşılanması, milli-mənəvi dəyərlərin təbliği, ümummilli liderin çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da genişləndirməkdir. Bu qəbil tədbirlərlə bərabər, təbii ki, 2023-cü il - “Heydər Əliyev İli” çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində uşaqların hərtərəfli inkişafına xidmət edən, Ulu Öndərin örnək həyat yoluna və zəngin fəaliyyətinə işıq salan silsilə tədbirlərin keçiriləcəyini deyə bilərik. Əminik ki, Azərbaycan təhsili, Azərbaycan məktəbliləri “Heydər Əliyev İli”nə öz dəyərli töhfələrini verməklə bərabər, həm də bu çərçivədə həyata keçiriləcək layihələr müdrik şəxsiyyət Heydər Əliyevin ideyalarına sadiqliyin ifadəsinə çevriləcək. Heydər Əliyevin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsdən hələ neçə-neçə nəsillər bəhrələnəcək.

 

30 illik erməni işğalından sonra Qarabağda qazanılan Zəfər, Prezident İlham Əliyevin Azərbaycan xalqı üçün mənəvi dəyəri heç nə ilə ölçülməyən, Qarabağın tacı Şuşanın şərəfinə 2022-ci ili “Şuşa İli” elan etməsinin ardından növbəti 2023-cü ili “Heydər Əliyev İli” elan etməsinə dair Sərəncamı əslində ata vəsiyyətini yerinə yetirmiş qalib sərkərdənin Ulu Öndərin ideyalarının bu Zəfərdəki roluna diqqət çəkməsi kimi də səciyyələndirilə bilər”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.

 

AZƏRTAC