Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  525-ci qəzetə müsahibəsi (13.12.2022)

Keyfiyyətli təhsil formulu: əlverişli tədris mühiti, qarşılıqlı etimad və inam - Mehriban Vəliyeva yazır

 

Təhsil daim inkişaf edən, yeniləşən, islahatlara açıq bir sahədir. Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir. Bu dəyişiklikləri nəzərə almadan təhsilin müasir dövrün tələblərinə cavab verməsi mümkün deyil. Təhsildə baş verən dəyişikliklər dünya təhsilinin trendləri ilə ayaqlaşmaq baxımından daha çevik və səmərəli olmalı, eyni zamanda Azərbaycan təhsilinin ənənələri mövcud reallıqlarla uzlaşdırılmalıdır. Təbii ki, inkişafa gedən yolda hədəflərə daha tez çatmaq üçün problemləri görmək və həllinə nail olmaq mühüm şərtlərdəndir. Bu, məzmunun yenilənməsi, tədrisin təşkili, keyfiyyətin artırılması, münasibətlərin tənzimlənməsi, yeniliklərin tətbiqi, təşəbbüskarlıq, mövcud imkanlardan səmərəli istifadə olunması və digər çoxsaylı istiqamətləri özündə birləşdirir.:21

Təhsildə keyfiyyətin artırılması həmişə aktual olan məsələdir. Bununla bağlı müntəzəm olaraq peşəkar və strateji yanaşmalardan irəli gələn tədbirlər görülür. Həftə ərzində bir neçə dəfə səhər tezdən işə gələrkən yolumu paytaxtın ümumi təhsil müəssisələrindən salmağım problemi yerində görmək və həllinə yönlənməkdir. Öncədən planlaşdırılmayan bu səfərlərimin məqsədi məhz məktəblərdəki mühitlə tanışlıq, məktəbin tədris şəraitinin, ordakı ab-havanın, mövcud durumun izlənməsidir. Bu ziyarətlərimdə məktəb rəhbərliyi, müəllim və şagirdləri maraqlandıran mövzular ətrafında söhbətlərimiz olur, tətbiq olunan yeniliklər, qarşıdakı planlarla bağlı fikir mübadiləsi aparırıq. Hesab edirəm ki, kollektivin fikirlərini dinləmək, problemlərlə yerində tanış olmaq tədrisin keyfiyyətini yaxşılaşdırmaq, məktəb-valideyn münasibətləri və sağlam məktəbdaxili mühitin formalaşdırılması istiqamətində həll yollarını müəyyənləşdirmək baxımından da olduqca əhəmiyyətlidir. Onu da bildirim ki, təhsili idarəetmə qurumları rəhbərlərinin məktəblərə öncədən planlaşdırılmayan səfərləri, müəllim, şagird və valideynlərlə belə görüş və müzakirələr maraqla qarşılanır.

Daha çox müşahidə xarakteri daşıyan bu monitorinqlər zamanı ortaya çıxan bəzi nüansları qeyd etmək istərdim. Məktəbə getməmişdən öncə səfərimin məqsədini müəyyənləşdirirəm ki, getdiyim məktəbdə nələrə diqqət edəcəyəm. Diqqətimdə olan əsas üç məsələ var ki, onlardan birincisi  məktəbin səliqə-sahmanı, ikincisi, oradakı psixoloji mühit, üçüncüsü isə tədris prosesinin təşkili məsələsidir.

Məktəbə daxil olanda diqqət etməyə çalışıram ki, qarşılaşdığım şagirdlər tanımadığı şəxsə salam verəcəkmi? Təhsil ocağı şagirdlərdə salamlaşmaq, qonağı qarşılamaq mədəniyyətini formalaşdıra bilibmi? Müşahidələrimə əsasən deyə bilərəm ki, məktəbə daxil olarkən onun astanasından səliqə-sahmanı, həmçinin, dəhlizdə gəzərkən müəllim və şagirdlərin bir-birinə münasibəti, sinfə girərkən şagirdlərin üzündəki ifadə məktəbdəki mühitdən xəbər verir. O ifadə özü bəlli edir ki, sinifdə öyrənmə mühiti var, yoxsa yox? Uşaqlar özlərini məktəbdə xoşbəxt hiss edə bilirmi? Qeyd etdiyim bu nüansları məktəblərdə müşahidə edə biliriksə, deməli, normal təhsil mühiti formalaşdırılıb və keyfiyyətli tədrisin uğurlu nəticələrini də görə biləcəyik. Təhsilin keyfiyyətinə təsir edən amillər çoxdur. Çox məsələlər isə 45 dəqiqəlik dərslərdə formalaşır. Dərsin keyfiyyətinin yüksəldilməsi təhsilin keyfiyyətinə birbaşa təsir edir.

Sual oluna bilər ki, keyfiyyətli dərs deyəndə nəyi nəzərdə tuturuq? Bizim keyfiyyət yanaşmamız nədən ibarətdir? Keyfiyyətli dərs, ilk növbədə, dövlətin müəyyənləşdirdiyi standartları reallaşdıran dərsdir. Keyfiyyətli dərsin fəlsəfəsində düşündürən dərs anlayışı dayanır. Gələcəyin düşünən insanını formalaşdıran, yetişdirən dərs keyfiyyətli dərsdir. Başqa sözlə desək, yaddaşdan təfəkkürə keçid edə bilən, dəyərlər formalaşdıran, səriştəliliyə yönələn dərs keyfiyyətli adlanır. Bu, həm də şagird nailiyyətlərində özünü göstərir. Keyfiyyət öyrənmə prosesi ilə düz mütənasib təşkil etməlidir. Əgər öyrənmə prosesi yoxdursa, orda keyfiyyətli dərsdən söhbət gedə bilməz. Belə olduğu halda keyfiyyətli təhsildən də söhbət gedə bilməz.

Dərsin keyfiyyətini təmin edən amillərdən biri də məqsəddir. Əgər məqsəd yoxdursa, keyfiyyətə nail olmaq mümkün olmayacaq. Hər bir öyrədən dərs prosesi zamanı bu sualı özünə verməlidir: "Mən kimi və nəyi öyrədirəm, eyni zamanda necə və niyə öyrədirəm?" Müəllim bu sualların cavabını mütləq şəkildə bir məqsəd olaraq qarşısına qoymalıdır. Unutmamalıyıq ki, qarşımızdakı şagird dünənin şagirdi olmadığı kimi, valideynlər də fərqlidir. Tədris prosesində müəllim qarşısında oturan şagirdlərin fərqli olduğunu nəzərə alaraq müxtəlif metodik vasitə və üsullardan istifadə etməlidir. Hər bir şagirdə fərdi yanaşma, açarlar və alətlər müxtəlif olmalıdır. Öyrədənlər uşaqları düşündürmək üçün hansı alətlərdən istifadə etmək lazım olduğunu bilməlidirlər. Bütün bunları nəzərə alaraq düzgün münasibətlərin qurulması, yeni nəsli düzgün tanıyaraq doğru yanaşmanın müəyyən edilməsi olduqca vacibdir. "Nəyi öyrədirik?" sualı ətrafında isə, əlbəttə, məzmun məsələsi dayanır. Müasir dövrün tələblərinə uyğun məzmunu müəyyənləşdirmək çox əhəmiyyətli bir məsələdir. Çünki məzmun müasir dövrün tələbinə cavab vermirsə və həyati bacarıqları aşılamağa qadir deyilsə, onun heç bir əhəmiyyəti yoxdur.

Yaradıcılıq imkanlarının genişlənməsi üçün şəraitin yaradılması da vacib şərtlərdəndir. Dünyaca məşhur təhsil tədqiqatçısı Andreas Şleyxer "Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı" kitabında da qeyd edir ki, biz daha çox istedada, qabiliyyətə söykəndiyimiz halda, asiyalı müəllimlər daha çox zəhmətə önəm verirlər. Şagirdə "sən bunu bacarmazsan, bu, sənin üçün çətindir" demək onun bütün potensialını, həvəsini məhv etmək deməkdir. Yaxud müəllim uşağın valideynində "sizin övladınızın istedadı, bacarığı yoxdur, öyrənə bilmir" əvəzinə, onun bacara biləcəyinə, daha yaxşı nəticələr qazanacağına əminlik yaratmalıdır. Yəni şagirdin istedad qapısını hər tərəfdən açmağa çalışmalıdır.

Keyfiyyətli təhsil yalnız bilik və bacarıqların, səriştələrin deyil, həm də dəyərlərin formalaşdırılmasıdır. Elə dəyərlər var ki, onlar ölçüləbilən deyil. Vətənpərvərlik, Vətən sevgisi kimi. Bu dəyəri formalaşdıran, özülünü qoyan isə ailə ilə bərabər məktəbdir. Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Şanlı Zəfərimiz göstərdi ki, təhsil ocaqlarımız vətənpərvər gənclər tərbiyə edə bilib. Ola bilsin ki, bir zamanlar tarix dərsindən müvəffəqiyyət göstəricisi o qədər də yüksək olmayan bir şagird döyüş meydanında əsgər kimi şücaəti, torpağı üçün canını qurban verməsi ilə Vətən sevgisinin dəyər olaraq nə qədər yüksəkdə dayandığını göstərdi, ən şərəfli tarix yazdı. 

Məktəblərə səfərlərim zamanı valideynlərlə də görüşür, müzakirələr aparıram. Çünki müəllim, şagird kimi valideynlər də təhsil iştirakçısıdır, onların da məsuliyyət yükü var.  Müəllimin vəzifələri ilə yanaşı, valideyn də övladının mənəvi yetkinliyinə cavabdehdir. Onlar da öz məsuliyyətlərini anlamalı, qanunvericiliyə uyğun olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirakı mühüm şərtdir. Əgər bu əməkdaşlıq olarsa, şagirdlərin təlim-tərbiyəsində səmərəlilik artar, tədris nəticələri yüksələr, valideynlərlə məktəb arasında daha yaxşı ünsiyyət mühiti yaranar. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini genişləndirmək üçün intensiv işlər görülür. Səfərlərim zamanı da məktəb rəhbərlərinə bildirirəm ki, valideynlərin məktəblərə cəlb olunması, əməkdaşlıq platformasının genişləndirilməsi üçün məzmunlu layihələri genişləndirsinlər.

Həqiqətən də, valideynlərin etimadını qazanmaq bizim üçün çox vacib amildir. Çünki təhsildə keyfiyyətə gedən yol məhz əlverişli tədris mühiti, qarşılıqlı etimad və inama əsaslanır. Arzuolunan nəticənin əldə olunması üçün şagird, müəllim və valideyn üçbucağının birgə səyləri olduqca əhəmiyyətlidir.

İnsanın inkişafının yeniyetməlik dövrü (11-19 yaş), uşaqlıqdan yetişkənliyə doğru inkşaf mərhələsi ən mürəkkəb mərhələdir. Bu, insanın özünüdərki, ətraf aləmlə, cəmiyyət üzvləri ilə bağlarının formalaşdığı bir mərhələdir. Özünütəsdiq, etiraz, qəbullanmama, fərqli davranış nümayiş etdirmə kimi xaotik, mürəkkəb proses əsasən məktəbdən keçir. Məktəb bu prosesləri tənzimləyən, korreksiya edən məkandır. Həmin dönəmdə təhsil iştirakçıları olan valideyn və müəllimlərin birgə fəaliyyəti yalnız uğura aparan yol ola bilər.

Unutmamalıyıq ki, nəsil təsnifatı baxımından hazırda cəmiyyətdə 3-4 nəsil bir aradadır. X və Y nəsli kimi iştirak edən müəllim və valideynlərin yeni gələn - azadlığı, sərbəstliyi, realistliyi, materialistliyi ilə seçilən Z nəslini doğru idarə etməsi və yönləndirməsi üçün ilk növbədə onları tanımalı və yeni yanaşmaları öyrənməlidirlər. Dünyanı təkcə ailədən, məktəbdən və cəmiyyətdən deyil, daha çox virtual məkandan alıb dərk etməyə çalışan Z nəsli X və Y nəslindən daha çox qloballaşma ilə üz-üzədir. Müxtəlif mədəniyyətlər, dəyərlər axını yeni baxış və dəyərlər formalaşdırır. Belə xaotik vəziyyətin tənzimlənməsi isə qaydalar, qanunlarla mümkündür.

Müxtəlif informasiya axını uşaqların yetişməsində fərqli təsirlər də yarada bilir. Bu səbəbdən cəmiyyət olaraq hamımız gəncliyin inkişafına cavabdehlik daşıyaraq hər zaman istər valideyn, istərsə də müəllim olaraq dostcasına izah etməli, nəyin pis, nəyin yaxşı olduğunu aydınlaşdırmalı, ən əsası isə nümunə olmalıyıq. Yeni nəsil bizdən diqqət və ünsiyyət istəyir. Bu istək mürəkkəb dövrün çətinliyindən qaynaqlanır.

"Uşaqları xoşbəxt edən məktəb mühiti, hamını qane edən məktəb necə olmalıdır?" sualı əgər 40 il bundan əvvəl verilmiş olsaydı, cavabı da fərqli olacaqdı. Çünki əvvəldə də dediyimiz kimi, təhsil daim inkişaf edən, yeniliklər tələb edən bir sahədir, həmçinin, qarşımızdakı şagird dünənin şagirdi olmadığı kimi, valideynlər də fərqlidir. Biz 40 il əvvəlki təhsillə bugünün şagirdlərini təəccübləndirə bilmərik. Müasir təhsil sistemi yeni çağırışları diktə edir. Azərbaycan təhsilinin illərlə mövcud olmuş ənənələrini qoruyub saxlamaqla, həm də yeni dünyanın tələb etdiyi reallıqlarla da ayaqlaşmalıyıq. Necə deyərlər, formaca yeni, məzmunca milli təhsil əsasında dəyərlərimizə sadiq, yeni dövrün tələbinə uyğun insan formalaşdırmalıyıq.

Bir sözlə, təhsildə keyfiyyətə nəzarət məqsədilə aparılan, bir növ yoxlayıcı və dəstəkləyici monitorinqlərin təşkili, prosesin təhlili, təhlillərdən sonra isə strategiyanın müəyyənləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən işlər ümumi prosesin bir-birinə bağlı olan halqalarıdır. Düşünürəm ki, keyfiyyətli insan kapitalının hazırlanması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası kimi prioritet-strateji istiqamətlər də təhsilin gələcək inkişafı üçün qarşıya qoyulan məqsədlərdəndir.   

Hər bir xalqın rəqabətə davamlılığı, ümidli gələcəyi bilavasitə təhsil sahəsində qazanılan nailiyyətlərlə bağlıdır. BMT tərəfindən XXI əsrin "Təhsil əsri" elan edilməsi əslində bütün bəşəriyyətə ünvanlanmış bir mesajdır. Çünki danılmaz reallıqdır ki, inkişafın mənbəyində yalnız təhsil, təhsilli cəmiyyət dayanır. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, "Təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı da o qədər çox artacaq".

Təhsil sahəsi ölkənin inkişafını müəyyənləşdirən əsas sahə olduğundan cəmiyyətin gələcəyi də daha çox biz müəllimlərdən, təhsil işçilərindən asılıdır. Məktəb nə qədər keyfiyyətli təhsil, hərtərəfli tərbiyə verəcəksə, cəmiyyətimiz, dövlətimiz də bir o qədər güclü və qüdrətli olacaq. Çünki uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq.

Azərbaycanın indiki böyük quruculuq və böyük qayıdış dövründə hərtərəfli yetişmiş vətəndaşa olan ehtiyac daha aydın şəkildə özünü büruzə verir. Bu mənada təhsil işçilərinin, təhsil ocaqlarının müqəddəs missiyası bu gün dünənkindən daha aktual, daha gərəklidir. Bu dəyərləri qəbul edən, qoruyan, reallaşdıran hər bir müəllim həm səmərəli məktəb mühitinin, həm də ölkəmizin xoşbəxt gələcəyinin qurucuları kimi sabaha daha nikbin baxır.