İnkişaf yolu təhsildən və məktəbdən keçir - Mehriban Vəliyeva
Məktəbdə baş verən hər hansı bir hadisə ilə bağlı dəqiq olmayan, reallıqdan uzaq yanaşmalar təhsil işçilərinin əməyinə hörmətsizlikdir
“İki sahil”in müsahibi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevadır.
Qarşımızda daha böyük hədəflər var
- Mehriban xanım, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumi təhsil müəssisələrində yeni dövrün çağırışlarından irəli gələn tələblərin yerinə yetirilməsi istiqamətində hansı işləri görür?
- Azərbaycan ümumi təhsilinin flaqmanı olan paytaxt təhsilində - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində keyfiyyətli tədris, şagirdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə çoxsaylı işlər görülüb, layihələr reallaşdırılıb, nailiyyətlər qazanılıb. Ötən müddət ərzində əldə olunan nəticələr onu göstərir ki, dövrün, zamanın tələblərinə uyğun olaraq, müasir dünya təcrübəsi əsas götürülməklə ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, fənlərin məzmununun yenilənməsi, fənn kurikulumlarının təkmilləşdirilməsi, nəticəyönümlü və şəxsiyyətyönümlü təhsilin məzmunda standart məfhumun reallığa çevrilməsi diqqət mərkəzində olan əsas amillərdəndir. Həmçinin, ümumi təhsil sahəsində təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də səmərəli işlər görülüb. Eyni zamanda, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirlərini xüsusilə qeyd etmək yerinə düşər.
Qarşımızda daha böyük hədəflər var. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda vurğulandığı kimi, ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqeyin yaxşılaşdırılması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması, məktəbəqədər təhsilin inkişafı və digər istiqamətlərdə tədbirlərin həyata keçirilməsi kimi vacib öhdəliklərimiz var.
Paytaxt məktəblərinin iştirakı ilə Ümummilli Liderin anadan olmasının 100-cü ildönümü ilə bağlı tədbirlərinin təşkili nəzərdə tutulur
- “Heydər Əliyev İli” çərçivəsində paytaxt məktəblərində hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?
- “Heydər Əliyev İli” Azərbaycan təhsili, Azərbaycan məktəbi qarşısında da mühüm vəzifələr qoyur. İl çərçivəsində dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılması ilə Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaranacaq. Əsası Ümummilli Lider tərəfindən qoyulan təhsil strategiyası, Azərbaycanda intellektual potensialın formalaşması, hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması, onların maddi-texniki bazasının formalaşdırılması, Azərbaycan gənclərinin təhsil almaq üçün xarici ölkələrdəki ali məktəblərə göndərilməsi, müstəqillikdən sonrakı dövrdə də təhsilin inkişafı istiqamətində bir-birinin ardınca imzaladığı fərman və sərəncamlar, bu sahədə mükəmməl qanunverici bazanın formalaşdırılması, bütün bunlar ayrı-ayrılıqda geniş müzakirə mövzusudur.
Xüsusilə vurğulamaq istərdim ki, uzun müddətdir ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev irsinin öyrədilməsi mövzusunda dərslər keçirilir. Dərslərin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində Ulu Öndərin genişmiqyaslı fəaliyyəti, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdir. Həmçinin mütəmadi olaraq hər il ümumi təhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümləri ərəfəsində “Ən yaxşı təqdimat” müsabiqəsi həyata keçirilir ki, burda da əsas məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının aşılanması, milli-mənəvi dəyərlərin təbliği, dahi liderin çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da genişləndirməkdir.
“Heydər Əliyev İli” çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində uşaqların hərtərəfli inkişafına xidmət edən, Ulu Öndərin örnək həyat yoluna və zəngin fəaliyyətinə işıq salan silsilə tədbirlərə artıq start vermişik. Paytaxt məktəblərinin iştirakı ilə Ümummilli Liderin anadan olmasının 100-cü ildönümü ilə bağlı irimiqyaslı yubiley tədbirlərinin təşkili nəzərdə tutulur. Bakının təhsil müəssisələri, məktəblilər hazırlıq prosesində çox həvəslə iştirak edirlər. Əminik ki, Azərbaycan təhsili, Azərbaycan məktəbliləri “Heydər Əliyev İli”nə öz dərəyli töhfələrini verməklə bərabər, həm də bu çərçivədə həyata keçiriləcək layihələr müdrik şəxsiyyət Heydər Əliyevin ideyalarına sadiqliyin ifadəsinə çevriləcək.
Təhsilə qarşı əsassız qarayaxma və qərəz ruhlu mövqe, əslində təhsilə və məktəbə bulinqin təzahürüdür
- Razılaşarsınız ki, ictimaiyyət arasında məktəblərlə bağlı müzakirələr daha tez-tez gündəmə gəlir. Paytaxtda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində mövcud olan problemlər əsasən nədən ibarətdir?
- Bütün cəmiyyəti düşündürən aktual mövzulardan biri də təhsildir. Hər yerdə, hamı təhsili müzakirə edir. Bu, əslində yaxşıdır və normal qəbul olunur. Çünki bu və ya digər formada hər kəsin təhsillə bağlılığı var. Bu da o deməkdir ki, təhsil hamımızındır. Necə ki, məktəb gələcəyimizi yetişdirir, daha işıqlı sabaha gedən yol təhsildən, məktəbdən keçir, hər birimiz də təhsilin daha aydın yolda olması üçün sağlam və obyektiv müzakirəyə açıq olmalıyıq.
Müzakirə məsələsinə gəlincə bir məqamı da unutmamalıyıq ki, məktəbdə baş verən hər hansı bir hadisə haqqında bir sıra hallarda dəqiq olmayan, reallıqdan uzaq yanaşmalar təhsil işçilərinin əməyinə hörmətsizlik, peşəkar müəllimlərə qarşı haqsızlıqdır. Təhsil hamımızın olduğu üçün məktəbin, müəllimin nüfuzu da ictimai məsələdir. Təhsilə qarşı əsassız qarayaxma və qərəz ruhlu mövqe, əslində təhsilə və məktəbə bulinqin təzahürüdür. Bu baxımdan məktəbdaxili məsələlərin pedaqoji nöqteyi-nəzərdən araşdırılması daha məqsədəuyğundur.
Təhsil elə bir sahədir ki, fəaliyyəti hər kəsin gözü qarşısındadır. Elə bir ev, ailə yoxdur ki, bu və ya başqa şəkildə təhsillə, məktəblə əlaqəsi olmasın. Deməli, məktəbin fəaliyyəti cəmiyyətin gözü qarşısındadır, uğurlar da, çatışmazlıqlar da insanlardan gizli deyil. Təhsilin, məktəbin uğuru ayrılıqda bir fərdin deyil, ümumilikdə sağlam, savadlı gələcəyə hesablanmış uğur olaraq qiymətləndirildiyi kimi mövcud olan çatışmazlıqların həllində də cəmiyyət öz köməyini əsirgəməməlidir. Birgə fəaliyyət dediyimiz də elə budur.
Çətin tərbiyə olunan şagirdlərlə məktəb psixoloqları tərəfindən fərdi iş qurulmalıdır
- Məktəb mühitinə uyğunlaşmaqda çətinlik çəkən, sadə dillə ifadə etsək, çətin tərbiyə olunan uşaqlarla iş necə qurulmalıdır?
- Cəmiyyət olaraq hər bir uşağın həyat tərzi, təhsilə münasibəti, olduğu mühit bizim üçün aktualdır. Çətin tərbiyə olunan uşaqlarla iş, xüsusi hallarla bağlı yanaşma təklikdə bir qurumun və ya təkcə ailənin işi deyil. Cəmiyyətdə uşaqların daha hərtərəfli və faydalı olması üçün hər kəs öz məsuliyyətini düzgün dəyərləndirməlidir. Unutmamalıyıq ki, hansısa bir uşaq təhsildə, yaradıcılıqda yüksək uğurlar qazanmasa da, o da nümunəvi vətəndaş, yaxşı sənətkar, uğurlu idmançı və ya qəhrəman ola bilər.
Təhsilalanların təlim və tərbiyə mühitinin yaxşılaşdırılması üçün öncə məktəb psixoloqlarının təkmilləşdirilməsi vacibdir. Belə ki, ilk olaraq, məktəb psixoloqları üçün dövrün tələbinə uyğun təlimlər keçirilməli, peşəkar psixoloqlar tərəfindən yeniyetməlik yaşında olan uşaqların problemlərinin həlli yolları ilə bağlı onlara biliklər verilməlidir. Çətin tərbiyə olunan şagirdlərlə məktəb psixoloqları tərəfindən fərdi iş qurulmalıdır. Əlbəttə ki, təhsilalanların təlim prosesinə müsbət cavab verməsi və bəzi yaşlarda xüsusi problemlərin əmələ gəlməməsi üçün şagirdin ev şəraiti və ailə mühiti də çox önəmlidir. Sinif rəhbərləri tərəfindən özünə qapanan, davranışında müəyyən problemlər hiss olunan şagirdlərin evlərinə ziyarətlər təşkil edilməli, ev, ailə vəziyyəti ilə bağlı monitorinq aparılmalı və həssas mühitdə böyüyən şagirdlər həm psixoloq, həm də sinif rəhbəri tərəfindən nəzarətə götürülməlidir. Bu istiqamətdə BŞTİ tərəfindən “Ailəm və məktəbim”, “Valideynin məktəbdə bir günü” və digər layihələr həyata keçirilir.
Məlumat üçün bildirim ki, bu məsələdə qurumlararası əməkdaşlıq məqsədilə BŞTİ ilə Sosial Xidmətlər Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Bakı Şəhər İcra Hakimiyyəti arasında Koordinasiya Şurası yaradılıb. Məqsəd müvafiq qurumların təhsilalanlara, təhsilverənlərə və təhsil prosesinin digər iştirakçılarına dair daxil olmuş məlumatların və müraciətlərin çevik mübadiləsini aparmaq, təxirəsalınmaz tədbirləri təmin etmək, uşaqların müdafiəsi istiqamətində fəal iştirak etmək və əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir.
İnternet və texnologiya əsrinin yetirmələri olan “Z və A nəsilləri” valideynləri, böyükləri ilə fikir ayrılıqları yaşayırlar
- Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik. Ümumiyyətlə, məktəblərdə uşaqlar tənbeh oluna bilərmi və ya necə tənbeh olunmalıdır?
- Məktəb təlim-tərbiyə müəssisəsidir. Qaydalar və nizam-intizam olmadan nə təhsil sahəsində, nə də tərbiyə baxımından istədiyimiz nəticəni əldə edə bilmərik. Cinsindən, dinindən, dilindən, etnik mənsubiyyətindən və şəxsi xüsusiyyətlərindən asılı olmayaraq hər bir uşaq öz şagird yoldaşlarına və böyüklərə hörmət etməli, digər şagird və ya böyüklərin fiziki və ya mənəvi təhlükəsizliyi üçün narahatlığa səbəb olacaq davranışlara yol verməməlidir. Qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq, dava-dalaş və digər antisosial davranış formaları yolverilməzdir. Bütün bunlar nümunəvi əxlaqa, tərbiyəyə zidd davranışlar deyilmi? Bugünün nəsilləri yeni dünyanın, internet və texnologiya əsrinin yetirmələri olan “Z və A nəsilləri”dir. Onlar özlərindən əvvəlki nəsillər olan valideynləri, böyükləri ilə fikir ayrılıqları yaşayırlar. Bu, “atalar və oğullar” arasındakı mübarizədir ki, hər zaman olub. Lakin zaman, dövr nə qədər dəyişsə də bəzən dəyişməyən, zamanın təsiri ilə öz mahiyyətini itirməyən mental dəyərlər var. Az öncə sadaladığım qaydalar da, ümumilikdə şəxsiyyətə hörməti ifadə edən qaydalardır. Məktəb də şagirdə qarşısındakı insana hörmət etməyi, onun şəxsiyyətini alçaltmamağı tərbiyə, təlqin edir. Bu, illər öncə də belə idi, indi də belədir. Bu münasibətlərdə yeni yanaşmalar mütləqdir. Yeni qaydalar ilkin mərhələdə bir sıra məktəblərdə tətbiq olunmağa başlayacaq.
Valideyn məktəbin fəaliyyətinə ictimai nəzarət həyata keçirir
- Məktəb-valideyn əməkdaşlığının daha yaxşı təşkili üçün nələrə diqqət etmək lazımdır?
- Məktəb-icma birliyinin məktəb mühitinin formalaşmasında, məktəbin idarə edilməsində, daha məsuliyyətli yanaşmaya nail olunmasında əvəzsiz rolu var. Valideyn öz övladının təhsil aldığı məktəbə dayaq olmaqla yanaşı, eyni zamanda məktəbin fəaliyyətinə ictimai nəzarəti həyata keçirmiş olur. Məktəb-ailə münasibətlərinin tənzimlənməsi, qarşılıqlı əməkdaşlığın daha səmərəli müstəviyə köçürülməsi üçün çevik və şəffaf mexanizmlərin formalaşdırılması qarşıda duran vəzifələrdəndir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə müntəzəm olaraq müzakirələr aparılır.
Yeri gəlmişkən qeyd edim ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin icrasına artıq başlanılıb. Layihənin əsas ideyası məktəb-icma münasibətlərini təkmilləşdirmək, beləliklə, məktəb nüfuzunun artırılmasına nail olmaq, effektiv məktəb mühitini formalaşdırmaqdır. Məqsədə nail olmaq üçün Məktəb İnkişaf Şuralarının yaradılması, icmada praktiki layihələrin həyata keçirilməsi və davamlılığı nəzərdə tutulub.
İlkin olaraq layihə çərçivəsində Türkan qəsəbəsi 262 nömrəli və Hövsan qəsəbəsi 280 nömrəli tam orta məktəblərdə hər biri 9 nəfərdən ibarət Məktəb İnkişaf Şurası formalaşdırılaraq onların bacarıqlarının artırılması üçün 11 mövzuda 22 təlim sessiyası təşkil edilib. Eyni zamanda, icma və məktəbin ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğular keçirilib, müəyyən edilmiş prioritet ehtiyacların həlli üçün tədbirlər planı və layihə təklifləri hazırlanıb. Hər bir icmada məktəb və icmanın iştirakı ilə bir layihə (məktəb kitabxanasının zənginləşdirilməsi, məktəbin elmi-texniki bazasının gücləndirilməsi, məktəb həyətində yaşıllığın salınması, idman qurğularının quraşdırılması və s.) icrası nəzərdə tutulur.
Onlar sosial şəbəkədə reytinq qazanmaq üçün belə bir addım atırlar
- Şagirdlərin sosial şəbəkələrdən və internetdən asılılığı kimi neqativ hallara qarşı necə mübarizə aparılmalıdır?
-Dünya miqyasında sosial şəbəkələrə konkret nəzarət mexanizmi mövcud deyil. Bu baxımdan burada sərt yanaşmalar, tənzimləmələr qeyri-mümkündür. Bəzən fərqli sosial platformalar üzərindən şagirdlərin paylaşımlarının şahidi oluruq ki, həmin şagirdlər uşaq şıltaqlığı edərək bununla özlərini “qəhrəman” kimi göstərmək istəyirlər. Onlar sosial şəbəkədə reytinq qazanmaq xatirinə belə bir addım atırlar. Burada təkcə məktəb yox, ailə və cəmiyyət olaraq məsuliyyəti qəbul etməliyik. Bəzən uşaqlara nəzarət baxımından ailədən qaynaqlanan laqeydlik də qeyd olunan nümunələrin ortaya çıxmasına səbəb olan amillərdəndir. Bu baxımdan məktəblərin üzərinə düşən məsuliyyətin də daha düzgün dəyərləndirilməsinə nəzarəti artırırıq. Zəruri maarifləndirici işlər görülür, psixoloji yardımlar göstərilir. Bu prosesə ayrı-ayrılıqda məktəblilər, müəllim və valideynlər cəlb olunur. Təhsil müəssisələrinin daxilində isə internet təhlükəsizliyi, zərərli resurslara əlçatanlığın qarşısının alınması peşəkar səviyyədə təmin olunur.
Unutmayaq ki, məktəb təkcə biliklər verməklə kifayətlənmir. Nəzərə alsaq ki, indi material resurs və mənbələr əlçatan olduğundan məktəblərin yalnız bilik verən məkan kimi əhəmiyyəti azala bilər. Məktəb vacib bacarıq və səriştələrin formalaşmasına diqqət edərsə, sosial-emosional durumla məşğul olarsa, şəxsiyyət amilinə kompleks yanaşarsa uğurlu olacaq. Çünki tədris ocaqları uşaqların dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması, cəmiyyətə faydalı və Vətənə layiqli övladlar yetişdirmək kimi müqəddəs bir missiya daşıyıcısıdır. Hər birimizin və ölkəmizin inkişaf yolu təhsildən, məktəbdən keçir.
Yaqut Ağaşahqızı, “İki sahil”