Xocalı faciəsi - ibrət dərsi alacağımız qan yaddaşımız
Azərbaycan mühüm strateji mövqedə, təbii sərvətlərlə zəngin bölgədə yerləşdiyindən zaman-zaman müxtəlif qüvvələr torpaqlarımızı işğal etməyə, Azərbaycanı öz əsarətində saxlamağa, sərvətlərini talamağa çalışıb. Daha dəhşətli faciələrimiz isə XIX əsrdə ermənilərin Azərbaycanın Qərb bölgəsinə yerləşdirilməsindən sonra başlanıb. Tarixi Azərbaycan torpaqlarında məskunlaşma başa çatar-çatmaz, missiyalarına uyğun olaraq xalqımıza qarşı soyqırımı aktı həyata keçirmək planını işə salan ermənilər bu məkrli niyyətlərini 200 il ərzində mərhələ-mərhələ reallaşdırmağa başlayıblar. 1992-ci ilin fevralında Xocalıda törətdikləri faciə isə XX əsrin ən qəddar, insanlıq tarixində misli görünməmiş, bir gecədə bir şəhərin yer üzündən silinməsi ilə nəticələnən faciə kimi tarixə yazıldı.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olan o gecədə Xocalı şəhid şəhər statusunu aldı. Bu, Ermənistanın ölkəmizə hərbi təcavüzünün kuliminasiya nöqtəsi idi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə qarşı amansız qəddarlıqla divan tutdu. Bu qanlı qətliamdan geriyə qalan isə bu acı tablodur: 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək məlum deyil. Şəhər yerlə-yeksan edildi. Həmin gecə 487 nəfər Xocalı sakini yaralanıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq öldürülüb. Bu qanlı hadisələrdən 31 il ötsə də, faciənin dəhşətləri unudulmayıb. Dünya dövlətləri də artıq ermənilərin törətdikləri soyqırımına öz münasibətlərini bildirir və Xocalı qətliamını kəskin pisləyən bəyanatlar verirlər. Çünki azərbaycanlılara, bütünlükdə türk millətinə qarşı düşmən mövqeyindən çəkinməyən ermənilərin Xocalıda törətdiyi qətliam yalnız Azərbaycan xalqına, türk millətinə qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli idi. Azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu qətliamı törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqının mübarizə əzmini qırmaq, məhv etmək niyyətini güdürdü. Amma düşmən bu niyyətinə çata bilmədi. Xalqın mübarizə əzmi heç bir zaman qırılmadı, Xocalının qisasının bir gün mütləq alınacağına hər kəs inandı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində əldə olunan şanlı Qələbə ilə işğal altında olan torpaqlarımız azadlığa qovuşdu və Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. Vətən savaşında cəsur Azərbaycan oğulları Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadı.
“Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”, - deyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi bu fikirlər Vətən savaşında Azərbaycan əsgərinin 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin, o cümlədən də Xocalı soyqırımı qurbanlarının intiqamını aldığını bir daha təsdiq edir.
Hər il fevralın 26-nın Xocalı Soyqırımı Günü kimi yad olunması və beynəlxalq təşkilatların soyqırımı həqiqətləri barədə məlumatlandırılması, ötən il Prezident İlham Əliyevin imzaladığı “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncama uyğun olaraq həyata keçirilən tədbirlər, həmçinin dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda keçirilən yürüş Azərbaycan dövlətinin tarixi həqiqətlərimizin, haqq səsimizin dünyaya çatdırılması istiqamətindəki davamlı və məqsədyönlü fəaliyyətinin daha bir təzahürü idi.
Nahaq demirlər ki, tarix unudulanda təkrarlanır. İndi bizim qarşımızda duran, yerinə yetirməli olduğumuz vəzifə tarixdən dərs almaq, unutmamaq və unutdurmamaqdır. Gənc nəsillərə tarixi həqiqətlərin aşılanması, tariximizə, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmasında məktəbin, müəllimin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Vətən müharibəsində döyüşən Azərbaycan Ordusunun hər bir əsgərinin yüksək vətənpərvərliyində ailəsi ilə yanaşı, Azərbaycan məktəbinin və müəlliminin də müstəsna rolu danılmazdır. Mütəmadi olaraq şagirdlərin qədim və çağdaş tariximizdə yaşanan, hər bir azərbaycanlının unutmamalı olduğu hadisələr haqqında məlumatlandırılması öyrədənlərin ən başlıca vəzifələrindən biridir. Vətənə sevgi, sədaqət hisslərinin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi hər zaman təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsi hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər həyata keçirir. Paytaxtın bütün ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində hər il ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilir. Həmçinin ümumi təhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xatirə gecələri keçirilir, sənədli və bədii filmlər nümayiş olunur, faciə uşaqların gözü ilə rəsm əsərlərində sərgilənir. Həmçinin Xocalı soyqırımından bəhs edən fotostendlər, guşələr hazırlanır. Eyni zamanda, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, onları Vətənə məhəbbət ruhunda tərbiyə etmək, xalqa, torpağa bağlılıq hissini gücləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq məqsədilə keçirilən “Qarabağı tanıt” təqdimat müsabiqəsi, “7-dən 17-yə vətənpərvər” və digər bu kimi layihələr gənclərin daha yetkin vətəndaş kimi formalaşmasına xidmət edir. Məktəblərdə aparılan məqsədyönlü vətənpərvərlik tərbiyəsi işi nəticəsində gənclərimiz Vətəninə, torpağına, dövlətinə sadiq şəxsiyyətlər kimi yetişməklə bərabər, həm də tarixin dərslərindən ibrət götürməyi öyrənirlər. Faciə baş verəndən illər sonra dünyaya gələn, soyqırımı haqqında valideynlərindən, müəllimlərindən eşidən, baxdığı filmlərdə görən, oxuduğu kitablardan öyrənən nəsillərimiz var. Lakin Xocalının şahidləri kimi onlar da bilir ki, bu faciə Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək və Xocalı hamımızın ibrət dərsi alacağı qan yaddaşımızdır. Bu gün hamılıqla bu qətliamı törədənlərin gec-tez ədalət mühakiməsi qarşısına çıxacağına, həqiqətin gec-tez bərqərar olacağına inanırıq”, - deyə Mehriban Vəliyeva qeyd edib.