Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  AZƏRTAC-a müsahibəsi (10.05.2023)

Öndərin qoyduğu təməllərə söykənən Azərbaycan təhsili daha böyük uğurlara imza atacaq

 

Bu günlərdə xalqımız adı və əməlləri Azərbaycanın rəmzinə çevrilən, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət örnəyi olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün təntənəsini yaşayır. “Heydər Əliyev İli” olan 2023-cü il həm də dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycanın xilaskarı Heydər Əliyevə xalqın tükənməz sevgisinin, öz dahi rəhbərinə sonsuz məhəbbətinin, minnətdarlıq duyğularının ifadəsinə çevrilib. Xalqın Ulu Öndərə olan sevgisi zaman keçdikcə daha böyük məna daşımaqdadır. Xalqın bu məhəbbəti həm də bizə ərməğan edilmiş müasir müstəqil Azərbaycanın memarına olan ehtiramdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, Azərbaycanın XX əsr tarixinin ən parlaq səhifələrini əhatə edən dövr məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında böyük və sürətli inkişaf yolu keçib. Dünyanın siyasi arenasında müstəqil Azərbaycanın getdikcə artan nüfuzunu, dövlətçiliyin əsaslarını və fəlsəfəsini məhz Ümummilli Lider müəyyənləşdirib. Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin təməlini hələ sovet dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə yaratmışdı. Azərbaycana rəhbərliyinin ilk dönəmində quruculuq missiyasını öz çiyinlərinə götürən Ulu Öndər müstəqillik qazandıqdan sonrakı dövrdə də xilaskarlıq və quruculuq missiyası ilə hakimiyyət sükanının arxasına keçmişdi. Hər iki dövr Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı sayılır. Təsadüfi deyil ki, Azərbaycan təhsilinin yüksəlişinin ilk mərhələsi də məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, təhsildə də köklü islahatlar aparılmağa başlandı. Ulu Öndərin qayğısı, diqqəti ilə təhsil sahəsi əhatəli quruculuq yoluna qədəm qoydu. Bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Heydər Əliyev tərəqqinin yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görürdü. Dahi rəhbər bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxsaylı məktəb binası tikilərək istifadəyə verilmişdi. Ölkədə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, lazımi avadanlıqla təchiz olunması kimi məsələlər daim diqqətdə saxlanılırdı. 1970-1980-ci illərdə ölkədə aparılan genişmiqyaslı məktəb tikintisi ümumi təhsil məktəblərində təhsil şəraitinin yaxşılaşdırılmasına gətirib çıxardı. Həmin dövrdə Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması, onların maddi-texniki bazasının formalaşdırılması ilə paralel olaraq Azərbaycan gənclərinin təhsil almaq üçün xarici ölkələrdəki ali məktəblərə göndərilməsi kimi mühüm addımlar da Azərbaycanın gələcəyi üçün intellektual baza rolunu oynadı. Bu kimi faktlar həmin tarixi dövrün Azərbaycanda elm və təhsilin inkişaf mərhələsi kimi səciyyələndirilməsinə əsas verir.

M.Vəliyeva qeyd edib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra da Azərbaycan tarixində yeni bir inkişaf dövrünün əsası qoyuldu. Ümummilli Lider bu dəfə də milli tərəqqinin yolunun təhsildən keçdiyini əsas gətirərək geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılmasını bir vəzifə kimi qarşıya qoydu. “İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır” sözləri ilə Ulu Öndər ümumi təhsil sistemində ciddi islahatlar aparılmasının vacibliyinə diqqəti çəkir. Təhsili millətin gələcəyi adlandıran Ulu Öndərin tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Yeni məktəblərin tikintisi və təmiri, yeni dərsliklərin çapı, müəllimlərin əməkhaqlarının artırılması və digər bu kimi təxirəsalınmaz tədbirlər görülməyə başlandı. Xüsusi sərəncamla Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı və təhsil sahəsində İslahat Proqramı təsdiq olundu. Məqsəd Azərbaycan təhsilinin dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılmasına, dünyanın aparıcı ölkələrinin təhsil sistemi ilə inteqrasiyasına nail olmaq idi. Xüsusi istedadı olan uşaqların seçilərək adlarının “Qızıl kitab”a salınması, ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə “Prezident təqaüdü”nün verilməsi, bütün bunlar gənclərin daha əzmlə çalışması, daha mükəmməl bilik və bacarıqlara yiyələnməsi üçün bir stimul oldu. Ölkədə latın qrafikalı əlifbaya keçid Heydər Əliyevin bu islahatlar yönündə atdığı ən böyük addımlardan biri idi. Çünki bir çox milli əhəmiyyətli problemlər kimi latın qrafikalı əlifba məsələsi də öz aktuallığını itirməyərək həllini gözləyirdi. Məsələni Ümummilli Liderin qətiyyətli tarixi qərarı həll etdi. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı və xüsusilə latın qrafikalı əlifbaya keçid dahi rəhbərin azərbaycançılıq ideologiyasının təzahürü idi. Heydər Əliyev Azərbaycan dili ilə yanaşı, tarixinin, ədəbiyyat və mədəniyyətinin azərbaycançılıq məfkurəsi ilə dərkinin strategiyasını formalaşdırdı. Bu gün bu ideologiyanın məktəblərdə aşılanması Azərbaycan təhsilinin qarşıya qoyduğu ən mühüm vəzifələrdəndir.

“2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaratdığı kimi Azərbaycan təhsili, Azərbaycan məktəbi qarşısında da vəzifələr qoydu. Dahi liderin anadan olmasının 100 illiyi münasibətilə ümumi təhsil müəssisələrində təşkil olunan silsilə tədbirlər, bu qəbildən Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi Ulu Öndərin azərbaycançılıq ideologiyasının gənc nəslə aşılanmasında və təbliğində mühüm əhəmiyyət daşıyır. Bir məqamı heç bir zaman unutmuruq ki, Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mahiyyəti, məna tutumu hər bir Azərbaycan vətəndaşının həyat yolunu, bugünümüzə və gələcəyə baxışlarını müəyyən edir. Ulu Öndərin ideyalarının gerçəkləşməsində Heydər Əliyev Fondunun sistemli fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə çoxşaxəli silsilə layihələrin uğurlu həlli Ümummilli Liderin quruculuq amallarından qaynaqlanır. Ulu Öndərin milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılmasında, zənginləşməsində xidmətləri əvəzsizdir. Heydər Əliyevin sağlam cəmiyyətin, güclü dövlətin qurulub möhkəmlənməsində son dərəcə vacib amil hesab etdiyi ailə dəyərləri bu gün yetişməkdə olan nəsillər üçün ən parlaq nümunədir. Yeri gəlmişkən, ümumi təhsil müəssisələrində görkəmli oftalmoloq-alim, akademik, Ulu Öndərin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlərdə də onların timsalında ailə dəyərləri gələcəyimiz olan şagirdlərə bir örnək olaraq göstərilir, Ümummilli Liderin ailə həyatı məhəbbətin, ailə müqəddəsliyinin ən gözəl simvolu kimi təbliğ olunur. Bir amil xüsusi vurğulanır ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusunu, qayda-qanunu gözləməyə borcludur. Bir sözlə, bugünkü müstəqilliyimizin bünövrəsini qoyan, onu möhkəmləndirən və gələcəyə ərməğan edən qüdrətli siyasi xadim Heydər Əliyevin fəaliyyəti, ömür yolu və parlaq fəaliyyət örnəyi bundan sonra da nəsillərə nümunə olacaq, sabahımıza işıq salacaq. Əminik ki, təhsilimizin ən böyük hamisi olmuş Heydər Əliyevin strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha böyük uğurlara imza atacaq”,- deyə Mehriban Vəliyeva bildirib.

AZƏRTAC