Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  AZƏRTAC-a müsahibəsi (14.06.2023)

Görülən işlər təhsilin keyfiyyətinin artırılmasına xidmət edib

 

Daha bir məsuliyyətli tədris ilini - 2022-2023-cü dərs ilini başa vurduq. Bu münasibətlə müəllim və şagirdləri, valideynləri, xüsusilə də məktəb həyatını başa vuran və müstəqil həyata atılan məzunları təbrik edirəm. İnanıram ki, 11 illik zaman kəsiyində birgə çəkilən zəhmətin bəhrəsini məzunlarımız bundan sonrakı təhsil həyatlarında, gələcək həyat yollarında əldə etdikləri nailiyyətlərdə görəcəklər. 2022-2023-cü tədris ili Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəbləri üçün bir sıra uğurlu layihələr, yeniliklərlə yadda qaldı.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, yola saldığımız tədris ilində BŞTİ tərəfindən təhsildə keyfiyyətin davamlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bir sıra fəaliyyətlər həyata keçirilib. İlk növbədə onu qeyd edə bilərik ki, yola saldığımız tədris ilində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda hədəf kimi qarşıya qoyulan ümumi təhsildə səriştə əsaslı məzmunun tətbiq olunması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və müvafiq istiqamətlərdə tədbirlərin həyata keçirilməsi baxımından məqsədyönlü fəaliyyətlərin icrası, həmçinin yeni dövrün çağırışlarından irəli gələn tələblərin yerinə yetirilməsi qarşıya qoyduğumuz əsas hədəflərdən idi. Məlumat üçün bildirim ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. İdarənin tabeliyindəki məktəblərdə 482 min 132 şagirdin təlim-tərbiyəsi ilə 28 min 410 müəllim məşğul olub. Paytaxtın ümumi təhsil müəssisələrinin I siniflərini 45 min 108, IX siniflərini 40 min 16, XI siniflərini 26 min 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirib. Bakı şəhəri üzrə 282 ümumi təhsil müəssisəsində 976 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 22 min 902 uşaq cəlb olunub. Artıq uzun müddətdir ki, şəffaflığın təmin olunması məqsədilə ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilir. 2022/2023-cü tədris ilində 48 min 208 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Yola saldığımız tədris ilində əldə olunan uğurlara nəzər salarkən BŞTİ-nin Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 30 məktəbin inkişaf planının hazırlanmasını qeyd etmək istərdim. İnkişaf planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər. İnkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.

Tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 185 məktəbdə təşkil edilən 768 təmayül sinifdə 16 min 14 şagird təhsil alıb. Bu da tam orta təhsil səviyyəsində ixtisaslaşma istiqamətində keyfiyyətin artırılmasını təmin edir. Həmçinin yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsi məqsədilə təşkil olunmuş “Kiçik Akademiya”lara yola saldığımız tədris ilində 10 000-dən artıq şagird cəlb olunub.

Vurğulanıb ki, ötən tədris ilində Bakı şəhəri üzrə 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib. İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədinə xidmət edir.

Başa vurduğumuz tədris ilində bir-birindən maraqlı layihələr həyata keçirildi. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etmək məqsədilə silsilə tədbirlər təşkil olundu. “Heydər Əliyev İli” Azərbaycan təhsili qarşısında da vəzifələr qoydu. İl çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində uşaqların hərtərəfli inkişafına xidmət edən, Ulu Öndərin örnək həyat yoluna və zəngin fəaliyyətinə işıq salan silsilə tədbirlər keçirilib. Onu da qeyd edim ki, uzun müddətdir ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər təşkil olunur. Dərslərin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdən ibarətdir. Həmçinin mütəmadi olaraq hər il ümumi təhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümləri ərəfəsində “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilir ki, burada da əsas məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının məktəblilərə aşılanması, milli-mənəvi dəyərlərin təbliği, Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da genişləndirməkdir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan təhsili, Azərbaycan məktəbliləri “Heydər Əliyev İli”nə öz dəyərli töhfələrini verməklə bərabər, həm də bu çərçivədə həyata keçirilən layihələr müdrik şəxsiyyət Heydər Əliyevin ideyalarına sadiqliyin ifadəsinə çevrilib. Yeri gəlmişkən qeyd edim ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində BŞTİ-nin tabeliyində olan təhsil müəssisələrinin 7 şagirdi qalib olub.

Başa çatan tədris ilində BŞTİ tərəfindən həyata keçirilən digər layihələr barədə də məlumat vermək istərdim. Bu layihələrdən biri “Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası Olimpiadasıdır. Türkdilli ölkələr arasında ilk dəfə keçirilən olimpiadanın təşkilində əsas məqsəd ortaq milli köklərimizlə, dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin təcəssümü, türk xalqları tarixinin hərtərəfli öyrənilməsi, ortaq mənəvi dəyərlərə sadiq gənclərin formalaşması prosesinə və qarşılıqlı əməkdaşlığın inkişafına dəstək verilməsindən ibarətdir. Digər bir layihə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında artıq ikinci dəfədir keçirilən Bakı Elm Olimpiadasıdır. Olimpiada bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olundu. BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etmək idi. Bu mənada Bakı Elm Olimpiadası məktəblilərin nəzəri biliklərinin təcrübədə tətbiqi və komandada işləmək vərdişlərinin inkişaf etdirilməsinə şərait yaratmış oldu. Ümidvarıq ki, şagirdlərimizin bu olimpiada ilə başlayan yolları onların gələcək elmi nailiyyətləri üçün açar rolunu oynayacaq.

2021-ci ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə dair sərəncamda xüsusi olaraq vurğulanır ki, təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. Sənəddə qeyd olunan bütün bu hədəflər milli təhsilimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından müstəsna əhəmiyyət daşıyır. Bu prizmadan çıxış edərək söyləyə bilərəm ki, bu qəbildən olan layihə, olimpiada və müsabiqələr zəkalarda, nəzəriyyələrdə gizlənən ideya və yeniliklərin üzə çıxmasını şərtləndirir. Sürətli inkişaf təhsildə transformasiyalar şəklindədir. Bu baxımdan layihələr fərqli fəaliyyət mexanizmlərinin həyata keçirilməsinə şərait yaradır. “Məktəbdə...”, “Tarix yazan müəllimlər”, “7-dən 17-yə vətənpərvər!”, “Peşəkarlıq yolunda”, “Biliyini paylaş”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, “Zərərli vərdişlərə birlikdə yox deyək” və digər bu kimi layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətinin daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.

“Tədris ilinin yekunlarından danışarkən toxunduğumuz bu məsələlər, əlbəttə ki, fəaliyyətimizin yalnız kiçik bir hissəsidir. İl ərzində görülən işlər, həyata keçirilən çoxsaylı layihələr təhsilin keyfiyyətinin artırılması işinə xidmət edib. BŞTİ-nin fəaliyyət planına uyğun olaraq, nəzərdə tutulan hədəflərə çatmaq istiqamətində məqsədyönlü işlər görülüb. Lakin bizi qarşıda daha böyük və məsuliyyətli işlər gözləyir. Çünki məktəb elə bir məkandır ki, uşaqlarımızın gələcəyinin əsası məhz burada qoyulur. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq. Odur ki, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərimizi yeni tədris ilində də davam etdirəcəyik və Azərbaycanın layiqli vətəndaşını yetişdirmək işini ən ümdə vəzifəmiz olaraq qəbul edəcəyik.

Sonda bir daha məktəb həyatını bitirib məzun adını qazananları təbrik edir, müstəqil həyatda atdıqları hər bir addımda onlara müvəffəqiyyət diləyir, Vətənimizə, xalqımıza, dövlətimizə layiqli gənclər, şəxsiyyətlər olmağı arzu edirəm. Məktəbin, müəllimin ən böyük mükafatı şagirdlərinin qazandığı uğurlar, onlara göstərilən etimadın doğruldulmasıdır. Əminəm ki, onbirincilər üçün çalınan sonuncu zəng onların həm gələcək təhsil pillələri, həm də müstəqil həyata atdıqları addımların uğurlu başlanğıcı olacaq”, - deyə M.Vəliyeva fikrini yekunlaşdırıb

 

AZƏRTAC