Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın  “Azərbaycan müəllimi” qəzetinə müsahibəsi (08.09.2023)

Paytaxt təhsili: hazırlıqlar, perspektivlər

 

Yeni dərs ilinə nikbin əhvali-ruhiyyə ilə...

 

Yeni dərs ili ərəfəsində ötən dərs ilinə bir daha nəzər salınır, uğurlar, həllini gözləyən məsələlər təhlil olunur, perspektivlər və hədəflər dəqiqləşdirilir. Bu, inkişafın davamlılığı, problemlərin açıq müzakirəsi, gələcək fəaliyyətin konseptual cəhətdən müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Bütün bu məsələlər ənənəvi sentyabr konfransında təhsil ictimaiyyəti nümayəndələri ilə birgə təhlil edilir, qarşıda duran vəzifələr, atılacaq addımlar bir daha dəqiqləşdirilir. Qarşıdan gələn tədris ilinə paytaxtın ümumi təhsil sistemində hazırlıqlar necə davam edir, görülən işlər və nəzərdə tutulan yeniliklər nədən ibarətdir? Bu və digər suallarla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva ilə həmsöhbət olduq.

 

- Mehriban xanım, qarşıdan yeni dərs ili gəlir. Bu ərəfədə təhsil ictimaiyyətində bir sevinc və nikbinlik duyulur. Paytaxt təhsilindəki hazırlıqlar nikbinliyə əsas verirmi?

- Əvvəlcə yeni dərs ili ərəfəsində bütün təhsil işçilərini ürəkdən təbrik edir, yeni mövsümdə hər kəsə uğurlar arzulayıram. Azərbaycan təhsili tarixində öz ənənələri ilə seçilən paytaxtın ümumi təhsil müəssisələrində yeni dərs ilinə hazırlıqlar bütün istiqamətlər üzrə davam edir. Hər yeni mövsüm olduğu kimi bütün qüvvəmizlə təhsil müəssisələrində keyfiyyətli tədris, şagirdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilməsi üçün çalışırıq. Bu məqsədlə çoxsaylı işlər görülür, layihələr reallaşdırılır. Təbii ki, bütün bu səylərin uğurlu nəticələrini şagird nailiyyətlərində gördükcə bu, bizi daha da ruhlandırır, nikbin olmağa əsas verir.

 

Qarşımızda yeni və məsuliyyətli bir tədris ili var. Çünki təhsil daim inkişaf edən, yeniləşən, islahatlara açıq bir sahədir. Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir. Bu dəyişiklikləri nəzərə almadan təhsilin müasir dövrün tələblərinə cavab verməsi mümkün deyil. Təhsildə baş verən dəyişikliklər dünya təhsilinin trendləri ilə ayaqlaşmaq baxımından daha çevik və daha səmərəli olmalı, eyni zamanda Azərbaycan təhsilinin ənənələri mövcud reallıqlarla uzlaşdırılmalıdır. Bu gün müasir dünyanın tələbləri, gözləntiləri çox fərqlidir. Müasir zamanda nə bildiyimiz deyil, bildiklərimizi necə tətbiq etməyimiz dəyərləndirilir. Yəni artan tələbləri ödəyəcək kadrların yetişməsi və uğur qazanmaq üçün XXI əsr bacarıqlarını inkişaf etdirmək zəruridir. Bu mənada dövlət başçımızın imzaladığı vacib tarixi sənəd - “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmış “XXI əsrin tələblərinə uyğun təhsil” kontekstindən çıxış edərək deyə bilərik ki, bu gün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını inkişaf etdirmək hazırkı dövrümüzdə olduqca vacib və əhəmiyyətli bir məsələdir.

 

- 2023-cü ilin dövlət başçımız tərəfindən “Heydər Əliyev İli” elan edilməsi Azərbaycan təhsili, Azərbaycan məktəbi qarşısında da vəzifələr qoydu. Ulu Öndərin ideyalarının gənc nəslə təbliği istiqamətində paytaxt məktəblərində hansı layihələr gerçəkləşdirildi? 

- Aydın məsələdir ki, təhsilli və bilikli gənclər yetişdirməklə bərabər, gələcəyin əsl vətəndaşının formalaşdırılması da ümumi təhsilin qarşısında duran ümdə vəzifələrdəndir. “Heydər Əliyev İli” çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində uşaqların hərtərəfli inkişafına xidmət edən, Ulu Öndərin örnək həyat yoluna və zəngin fəaliyyətinə işıq salan silsilə tədbirlərdə məqsədimiz dahi liderin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının aşılanması işini daha da genişləndirmək, gənc nəsillərə bu irsi təbliğ etməkdən ibarətdir. 

 

Əsası Ulu Öndər tərəfindən qoyulmuş təhsil strategiyası, Azərbaycanda intellektual potensialın formalaşması, hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması, onların maddi-texniki bazasının formalaşdırılması, müstəqillikdən sonrakı dövrdə də təhsilin inkişafı istiqamətində bir-birinin ardınca  imzaladığı qərar və sərəncamlar, bu sahədə mükəmməl qanunverici bazanın formalaşdırılması, bütün bunlar ayrı-ayrılıqda geniş müzakirə mövzusudur.Ötən tədris ili ərzində BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində “Heydər Əliyev İli” çərçivəsində 100-dən artıq forum, konfrans və simpozium, 1500-dən artıq “dəyirmi masa” və “açıq dərs”, çox sayda seminar, müxtəlif müsabiqə, sərgi və festivallar, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlər keçirilib, şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunub.

 

“Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər sırasında Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasını xüsusi qeyd etmək istərdim. Türk ölkələri arasında ilk dəfə keçirilən olimpiadanın təşkilində əsas məqsədimiz ortaq milli köklərimiz, dəyərlərimiz, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyini təcəssüm etdirmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, türk xalqları tarixinin hərtərəfli öyrənilməsi, ortaq mənəvi dəyərlərə sadiq gənclərin formalaşması prosesinə və qarşılıqlı əməkdaşlığın inkişafına dəstək verməkdən ibarət idi.

 

BŞTİ və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə ikinci dəfə keçirilən Bakı Elm Olimpiadası da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuşdu. Olimpiadanın məqsədi fizika, kimya və biologiya fənləri üzrə biliklərin inteqrativ araşdırılmasını təşviq etmək idi. Həmçinin Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası və Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) birgə təşkilatçılığı ilə ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri və hüquq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “Gənc hüquq müdafiəçiləri” müsabiqəsi, “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsi, I Bakı İdman Festivalı və digər layihələr uğurla həyata keçirilib.

 

- Yeni tədris ilində paytaxtdakı təhsil müəssisələrinin ümumi statistik mənzərəsi necədir? Bakı məktəblərində nə qədər şagird təhsil alacaq?

- Hazırda BŞTİ-nin tabeliyində 344 məktəbəqədər təhsil müəssisəsi, 310 ümumi təhsil, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir. Yeni tədris ilində məktəbəqədər təhsil müəssisələri üzrə 34 995 uşağın təlim-tərbiyəsi ilə 4 375 tərbiyəçi-müəllimin məşğul olacağı gözlənilir. Ümumi təhsil məktəbləri üzrə isə 447 962 şagirdin təhsil alması, 28 410 müəllimin çalışması nəzərdə tutulur.

 

Uşaqların intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini təmin etmək məqsədilə 278 paytaxt məktəbində yaradılmış 1073 məktəbəhazırlıq qruplarına 26 603 beşyaşlının cəlb olunması proqnozlaşdırılır. 2023-2024-cü tədris ili üzrə 44 200 şagirdin birinci sinfə elektron qeydiyyatı həyata keçirilib. Onlardan 43 876 şagird ümumi təhsil məktəbləri üzrə, 324 şagird isə lisey və gimnaziyalar üzrə qeydiyyatdan keçib.

 

- Məktəbəqədər və ümumi təhsilin təşkili və idarəolunması işini necə qiymətləndirmək olar? Qarşıda bu istiqamətdə hansı yeniliklər nəzərdə tutulur?

- Məktəbəqədər yaş dövrü insan xarakterinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Uşağın bu dövrdə necə təhsil alması, hansı təlim-tərbiyəni mənimsəməsi çox önəmlidir. Bu mənada uşaq şəxsiyyətinin formalaşmasında və inkişafında, mühitə müvəffəqiyyətlə uyğunlaşmasında, sərbəstliyə öyrəşməsində, məktəbə hazırlığında təhsilin bu pilləsinin rolu əvəzsizdir. Bütün bunları nəzərə alaraq məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi məqsədilə  Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji işçilər təlim prosesinə cəlb olunub. Ötən ilin noyabr-dekabr aylarında 2703 tərbiyəçi-müəllim, 248 müəssisə rəhbəri, 50 metodist təlim prosesinə qatılıb. Ümumilikdə 3001 pedaqoji işçi təlimlərdə iştirak edib. Bu il daha 3000 nəfərin təlim prosesinə cəlb olunması nəzərdə tutulub. 2028-ci ilədək tərbiyəçilərin hər biri təlim prosesinə cəlb ediləcək və bu proses daimi olacaq. Tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması üçün normativ sənədin hazırlanması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən iş aparılır.

 

Ümumi təhsilin təşkili məsələsinə gəlincə, təhsilalanların azərbaycançılıq məfkurəsi və bəşəri dəyərlər ruhunda tərbiyə edilməsi, qlobal səriştəliliyin formalaşdırılması (dil bacarıqları, hüquq və vəzifələr, həyati bacarıqlar və s.), həssas qruplarla, valideynlərlə mərkəzləşdirilmiş işin təşkili, ətraf mühitin qorunması və sağlam həyat tərzinin formalaşdırılması qarşıya qoyduğumuz məqsədlərdən biridir. Bu mənada Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi layihələr müasir, intellektual, vətənpərvər və geniş dünyagörüşlü gəncliyin formalaşmasına təkan verir. Ötən tədris ilində sözügedən istiqamətlərin hər biri üzrə layihələr, müsabiqə və yarışlar, görüşlər və s. keçirilib ki, bu da səmərəliliyin artırılmasında mühüm rol oynayır.

 

Belə ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən və səmərəli fəaliyyətlərin qurulmasına dəstək verən “Rəqəmsal bacarıqlar” layihəsində 176, “STEAM Azerbaijan” layihəsində 181, “Sağlam təhsil-sağlam millət” layihəsində 43, “Məktəblinin dostu” layihəsində isə 178  paytaxt məktəbi iştirak edir.

 

Həmçinin  “Zəfər tarixi” konfransları, “Sabahın alimləri” Respublika müsabiqəsi, Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası, “Məktəbdə...”, “Dəyərlərimizi qoruyaq”, “Zərərli vərdişlərə birlikdə yox deyək”, “İdmansevərlər”, “Onlayn kitab klubu” layihələrini, “Mənim gündəliyim”, “Qarabağı tanıt”, “Hekayəni paylaş” müsabiqələrini, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi və s. layihələr ötən tədris ili ərzində uğurla həyata keçirilən layihələrdəndir. Həqiqətən də icra olunan bu fəaliyyətlər bir daha onu göstərir ki, layihələr ideyadan nəticəyə doğru istiqamətlənməkdə ən uğurlu platformadır.

 

Oxumaq, öyrənmək həvəsi olan, öz gələcəyi  naminə qarşısına məqsəd qoyan şagirdin nailiyyətləri onun ailəsi qədər müəllimlərini də sevindirir, qürurlandırır. Paytaxt məktəbliləri hər tədris ilinin sonunda bu sevinci, qüruru bizə yaşadırlar. Ötən tədris  ilində  1939  şagirdimiz fərqlənmə attestatlarına layiq görülüb. Daha yüksək dərəcəyə layiq görülən XI sinif məzunlarımızın 18-i qızıl, 6-sı gümüş nişanla təltif edilib.

 

- Mütəmadi olaraq həyata keçirilən keyfiyyət monitorinqlərinin nəticələri barədə nə deyə bilərsiniz? Monitorinqlərin təhsilin keyfiyyətinin artırılmasına təsirlərini qənaətbəxş hesab etmək olarmı?   

- Təhsildə keyfiyyətin artırılması həmişə aktual olan bir məsələdir. Keyfiyyətə nəzarət məqsədilə aparılan, bir növ yoxlayıcı və dəstəkləyici monitorinqlərin təşkili, prosesin təhlili, təhlillərdən sonra isə strategiyanın müəyyənləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən işlər ümumi prosesin bir-birinə bağlı olan halqalarıdır. Düşünürəm ki, keyfiyyətli insan kapitalının hazırlanması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası kimi prioritet-strateji istiqamətlər də təhsilin gələcək inkişafı üçün qarşıya qoyulan məqsədlərdəndir.    Bununla bağlı müntəzəm olaraq peşəkar və strateji yanaşmalardan irəli gələn tədbirlər görülür. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) həyata keçirdiyi keyfiyyət inspeksiyalarının məntiqi davamı olaraq səmərəliliyin artırılması istiqamətində Məktəb İnkişaf Planlarının hazırlanması və icrası ötən tədris ilində əsas dəstək proqramlarından olub. Ötən tədris ilində 30 məktəbin İnkişaf Planı hazırlanıb.

 

Ötən tədris ilində IV siniflərin tədris dili və riyazi bacarıqlarının ölçülməsi məqsədilə monitorinq həyata keçirilib. Həmçinin buraxılış imtahanlarında şagirdlərin akademik ehtiyaclarının qabaqcadan müəyyənləşdirilməsi və zəruri dəstək tədbirlərinin görülməsi məqsədilə BŞTİ tərəfindən 3,6,7,8-ci siniflərdə bir dəfə, 9-cu siniflərdə isə dörd dəfə monitorinqlər həyata keçirilib. Həmin monitorinqlərin buraxılış imtahanları nəticələri ilə müqayisəli təhlilləri bir sıra məqamları aşkarlamağa imkan verir. Hər il IX siniflərin buraxılış imtahanlarının təhlillərindən sonra təhsil müəssisələrinin dinamikası araşdırılır.

 

Təhsilin keyfiyyəti yalnız təhsilalanların nəticələri ilə müəyyən oluna bilməz. Təhsilverənlərin və idarəedici heyətin peşəkarlığının artırılması istiqamətində də müvafiq fəaliyyətlər icra olunub. Çünki təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac var. Sürətlə dəyişən dövr müəllimdən yeni axtarışlar, yeni yanaşmalar tələb edir.

 

Təhsildə keyfiyyətin artırılması baxımından əsas meyarlardan olan müəllim peşəkarlığı və tədrisə yaradıcı yanaşma heç vaxt indiki qədər aktual olmayıb. Bu məqsədlə ibtidai sinif müəllimləri üçün təşkil olunmuş “Xoşbəxt müəllim” təliminə 68, “İnklüziv siniflərdə təhsil alan şagirdlərdə dinləmə bacarıqlarının inkişafı və lüğət ehtiyatının artırılması” mövzusunda keçirilən təlimə 20, ilkin mərhələdə tarix və biologiya fənnini tədris edən müəllimlər üçün keçirilən “Fənn assosiasiyalarının yaradılması” təliminə 26, “Uşaq hüquqları və müdafiəsi” mövzusunda seminara 54 müəllim cəlb olunub. Ümumilikdə BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində çalışan 15 000-dən çox müəllim keçirilən təlimlərdə iştirak edib.

 

Sözsüz ki, bu qəbildən olan layihə və müsabiqələr müəllimlərin öz peşələrinə daha yaradıcı yanaşmalarına təkan verir.

 

- Paytaxt məktəblərinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində hansı işlər görülüb? Təhsil müəssisələrində yeni mövsümə hazırlıq baxımından vəziyyət necədir?

- Qarşımıza qoyduğumuz stateji məqsədlərimizdən biri əlçatanlıqdır ki, bu, hər kəs üçün təhsil almaq imkanlarının təqdim olunmasıdır. Əlçatanlıq baxımından deyə bilərik ki, Bakı şəhəri və onun tərkibinə daxil olan bütün rayon və qəsəbələr zəruri məktəbəqədər və ümumi təhsil infrastrukturu ilə təmin olunmuş və genişləndirilməsi fonunda ciddi işlər aparılmaqdadır. Yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil infrastrukturunun möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, təhsil müəssisələrində əsaslı təmir işlərinin aparılması davam edir. Unutmayaq ki, infrastruktur keyfiyyətin əsasıdır. Abad, səliqəli yeni məktəb binasında, müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqlarında təhsilin keyfiyyəti də, şübhəsiz ki, yaxşı olacaq.

 

Prezident İlham Əliyevin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində ümumi təhsil məktəblərinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Bir sıra məktəblər əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb binaları və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri həyata keçirilib. Belə ki, 2023-2024-cü tədris ilinə hazırlıq çərçivəsində 50 ümumi təhsil məktəbində, 30 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri aparılıb, həmçinin 1 məktəbdə və 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılır, 3 ümumi təhsil müəssisəsində isə əsaslı təmir-tikinti işlərinin görülməsi nəzərdə tutulur. Bu tədbirlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2021-ci il tarixindən Elm və  Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra paytaxtda müvafiq müəssisələrin ümumi infrastruktur vəziyyəti və şəraiti ilə bağlı monitorinqlər aparılaraq nəticələri təhlil olunub. Carı və əsaslı təmirə ehtiyacı olan məktəbəqədər təhsil müəssisələri prioritetləşdirilib və həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. Hazırda nəzərdə tutulan bütün tədbirlər mərhələli şəkildə davam etdirilir.

 

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, müvafiq müəssisələrə cəlb olunan uşaqların sayının artırılması tədbirləri çərçivəsində 2023-cü ilin iyul ayında Bakı şəhəri Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib.

 

Onu da qeyd edək ki, son 2 ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 208 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşıb. 49 məktəbəqədər təhsil müəssisəsində isə cari təmir işlərinin aparılması nəzərdə tutulur. Eyni zamanda 9 məktəbəqədər təhsil müəssisəsi BŞTİ-nin balansına verilib.

 

Dərsliklərlə təminat məsələsinə gəlincə, yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı təhsil müəssisələri dərsliklərlə təmin olunub. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üçün 1 854 703 ədəd dərslik yerlərə çatdırılıb.

 

- Məktəbli geyimləri ilə bağlı yeniliklər də maraq doğurur. Bakıda vahid məktəbli geyimi ilə bağlı vəziyyət necədir? Satış məntəqələrinin əlçatanlığı qaneedicidirmi? Valideyn və uşaqlarda yeni formalara maraq varmı?

- Son günlər, xüsusilə də dərs ilinin başlanmasına çox az bir müddət qalmış ən çox müzakirə olunan məsələlərdən biri məhz vahid məktəbli formalarıdır. Hər şeydən əvvəl onu qeyd edim ki, eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir. Həmçinin vahid geyim forması məktəbin özünəməxsus təhsil mühitinin formalaşmasında mühüm amillərdən olduğu kimi, həm də şagirdlərə məsuliyyət hissi aşılayır. Məktəblərdən alınan rəylərə əsasən deyə bilərik ki, valideyn və uşaqlarda vahid məktəbli geyiminə kifayət qədər maraq var. Mütləq əksər valideynlər övladlarına məktəbli geyimi almağı həm maddi, həm də vizual-estetik baxımdan daha məqbul hesab edirlər.

 

Bir daha xatırladaq ki, Nazirlər Kabinetinin 17.03.2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Həmin qərara əsasən məktəblər tərəfindən 4 nümunədə geyim formasından biri seçilib.

 

Belə ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə bu barədə ətraflı məlumatlandırılıb. Paytaxt ərazisində məktəbli geyimlərini əldə etmək üçün 34 məntəqə mövcuddur. Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq geyimi əldə edə bilərlər. Həmçinin valideynlər öz istəklərinə uyğun olaraq məktəbli geyimini sifarişlə tikdirə də bilərlər.

 

- Mehriban xanım, 2023-2024-cü tədris ilinin hədəfləri nədən ibarətdir?

- Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, bizi qarşıda daha böyük və məsuliyyətli işlər gözləyir. Bir neçə gündən sonra Bakı şəhər müəllimləri, təhsil işçiləri ilə ənənəvi sentyabr konfransında bir araya gələcəyik. Məqsədimiz təhsil sistemində aparılan islahatların paytaxtımızın timsalında hazırkı durumunu dəyərləndirmək, şəhərimizin təhsil işçiləri qarşısında duran vəzifələri birlikdə nəzərdən keçirmək, bu sahədə mövcud problemləri təhlil etməkdir. Təbii ki, inkişafa gedən yolda hədəflərə daha tez çatmaq üçün problemləri görmək və həllinə nail olmaq mühüm şərtlərdəndir. Bu, məzmunun yenilənməsi, tədrisin təşkili, keyfiyyətin artırılması, münasibətlərin tənzimlənməsi, yeniliklərin tətbiqi, təşəbbüskarlıq, mövcud imkanlardan səmərəli istifadə və digər çoxsaylı istiqamətləri özündə birləşdirir. Əvvəldə də qeyd etdiyim kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə” öz əksini tapıb. Bu çərçivəyə uyğun olaraq “XXI əsrin tələblərinə uyğun təhsil” növbəti dövrlər üçün təhsilin məqsədi olaraq müəyyən edilib və qarşıdakı illərdə təhsildə başlıca hədəflər olaraq yer alıb. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və s. istiqamətlərin hər biri qarşımızda duran hədəflərdir. Həmçinin ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanın daşıyıcısı olan təhsil müəssisələrimizdə Azərbaycan dilinin tədrisi işininin daha da təkmilləşdirilməsi, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və digər istiqamətlər qarşımızdakı məqsədlərimizdəndir.

 

Xüsusilə qeyd etmək istərdim ki, bu tədris ilinə də Qarabağa Böyük Qayıdışın həyəcan və sevinci ilə qədəm qoyuruq. 30 il ərzində ermənilərin dağıdıb viranəyə çevirdiyi, kiçik bir həyat nişanəsi belə tapmaq mümkün olmayan doğma yurd yerlərimiz yeni həyatını yaşayır. Hamılıqla ölkə başçımız İlham Əliyevin rəhbərliyi ilə erməni işğalından azad olunmuş torpaqlarda həyata keçirilən çoxşaxəli silsilə layihələrin uğurlu həllinə şahidlik edirik. İşğaldan azad edilən torpaqlarımızda çalınan ilk məktəb zənglərinin sevincini yaşayan uşaqların xoşbəxt anlarını görmək bizim üçün böyük bəxtiyarlıqdır. Bu əhvali-ruhiyyə ilə də bu ilin dekabr ayında keçiriləcək Azərbaycan müəllimlərinin növbəti - XVI qurultayına gedirik. Bu mühüm tədbirdə də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin müəyyənləşdirilməsi kimi önəmli məsələlər müzakirə olunacaq. İnanırıq ki, Azərbaycan müəllimi bu mötəbər qurultaya, ən əsası təhsilimizin gələcək inkişafına öz töhfələrini verəcək.

 

Bütün bu məqsədlərə çatmaq işində təhsil işçilərinə uğurlar arzu edirəm. Əminik ki, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində bütün təhsil işçiləri bundan sonra da əllərindən gələni əsirgəməyəcək, ümummilli hədəflərə çatmaqda həlledici qüvvə olacaqlar. Bu yolda hamımıza uğurlar arzulayıram!

 

Oruc MUSTAFAYEV

“Azərbaycan müəllimi” qəzeti