Təhsildə əsas hədəf XXI əsrin nəslini yetişdirməkdir
Adətən yeni dərs ili ərəfəsində təhsil ictimaiyyəti nümayəndələri ənənəvi sentyabr konfranslarına toplaşır, ötən tədris ilinə bir daha nəzər salır, uğurları, həllini gözləyən məsələləri təhlil edir, perspektivləri və hədəfləri dəqiqləşdirirlər.
Bu, inkişafın davamlılığı, problemlərin açıq müzakirəsi, gələcək fəaliyyətin konseptual cəhətdən müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Bakı şəhərinin ümumi təhsil sistemində də yeni dərs ilinə bütün istiqamətlər üzrə ciddi hazırlıqlar gedib. Hər zaman olduğu kimi, keyfiyyətli tədris üçün zəruri şəraitin yaradılması, şagirdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilməsi başlıca məramımızdır. Çünki təhsil daim inkişaf edən, yeniləşən, islahatlara açıq bir sahədir.
Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir. Bunu nəzərə almadan təhsilin müasir dövrün tələblərinə cavab verməsinə nail olmaq mümkün deyil. Biz də çalışırıq ki, təhsildə baş verən dəyişikliklər dünya təhsilinin trendləri ilə ayaqlaşmaq baxımından daha çevik və daha səmərəli olsun, eyni zamanda, Azərbaycan təhsilinin ənənələri mövcud reallıqlarla uzlaşdırılsın.
Dövlət başçımızın imzaladığı vacib tarixi sənəddə – “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmış “XXI əsrin tələblərinə uyğun təhsil” kontekstindən çıxış edərək deyə bilərik ki, bu gün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərdə yeni əsrin bacarıqlarını inkişaf etdirməyi dövrümüzün mühüm tələbi sayırıq. Eyni zamanda, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ulu öndərin ideyalarının gənc nəslə təbliği istiqamətində paytaxt məktəblərində bir sıra layihələr gerçəkləşdirilib.
“Heydər Əliyev İli” çərçivəsində 100-dən artıq forum, konfrans və simpozium, 1500-dən artıq “dəyirmi masa” və “açıq dərs”, çox sayda seminar, müxtəlif müsabiqə, sərgi və festivallar, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlər keçirilib, şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunub. Bundan sonra da məktəblərimizdə uşaqların hərtərəfli inkişafına xidmət edən, Ümummilli liderin örnək həyat yoluna və zəngin fəaliyyətinə işıq salan silsilə tədbirlərlə dahi rəhbərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının aşılanması işini daha da genişləndirməli, gənc nəslə bu irsi daim təbliğ etməliyik.
Yeni tədris ilində paytaxtdakı təhsil müəssisələrinin ümumi statistik mənzərəsinə gəlincə isə deyim ki, hazırda BŞTİ-nin tabeliyində 344 məktəbəqədər təhsil müəssisəsi, 310 ümumi təhsil, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir. Yeni tədris ilində məktəbəqədər təhsil müəssisələri üzrə 34 min 995 uşağın təlim-tərbiyəsi ilə 4 min 375 tərbiyəçi-müəllimin məşğul olacağı gözlənilir. Ümumi təhsil məktəbləri üzrə isə 447 min 962 şagirdin təhsil alması, 28 min 410 müəllimin çalışması nəzərdə tutulur.
Uşaqların intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini təmin etmək məqsədilə 278 paytaxt məktəbində yaradılmış 1073 məktəbəhazırlıq qruplarına 26 min 603 beşyaşlının cəlb olunması proqnozlaşdırılır. 2023–2024-cü tədris ili üzrə 44 min 200 şagirdin birinci sinfə elektron qeydiyyatı həyata keçirilib. Onlardan 43 min 876 şagird ümumi təhsil məktəbləri üzrə, 324 şagird isə lisey və gimnaziyalar üzrə qeydiyyatdan keçib.
Ümumi təhsilin təşkili məsələsinə gəlincə, təhsilalanların azərbaycançılıq məfkurəsi və bəşəri dəyərlər ruhunda tərbiyəsi, qlobal səriştəliliyin formalaşdırılması (dil bacarıqları, hüquq və vəzifələr, həyati bacarıqlar və s.), həssas qruplarla, valideynlərlə mərkəzləşdirilmiş işin təşkili, ətraf mühitin qorunması və sağlam həyat tərzinin formalaşdırılması qarşıya qoyduğumuz məqsədlərdən biridir.
Bu mənada Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi layihələr müasir, intellektual, vətənpərvər və geniş dünyagörüşlü gəncliyin formalaşmasına təkan verir. Ötən tədris ilində sözügedən istiqamətlərin hər biri üzrə layihələr, müsabiqə və yarışlar, görüşlər və s. keçirilib ki, bu da səmərəliliyin artırılmasında mühüm rol oynayır. Həqiqətən də icra olunan bu fəaliyyətlər bir daha onu göstərir ki, layihələr ideyadan nəticəyə doğru istiqamətlənməkdə ən uğurlu platformadır.
Ötən tədris ilində 1939 şagirdimiz fərqlənmə attestatlarına layiq görülüb. Daha yüksək dərəcəyə layiq görülən XI sinif məzunlarımızın 18-i qızıl, 6-sı gümüş nişanla təltif edilib. 56 sinif ali məktəbə qəbulda 100 faiz nəticə göstərib. Təhsilverənlərin və idarəedici heyətin peşəkarlığının artırılması istiqamətində də müvafiq fəaliyyətlər icra olunub. Çünki təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac var. Sürətlə dəyişən dövr müəllimdən yeni axtarışlar, yeni yanaşmalar tələb edir.
Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxt məktəblərinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülüb, maddi-texniki bazanın gücləndirilməsi, təhsil müəssisələrində əsaslı təmir işlərinin aparılması davam edib. Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsində təhsil ocaqlarının təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Son illər bu istiqamətdə səmərəli işlər görülüb.
Bir sıra məktəblər əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb binaları və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri həyata keçirilib. Belə ki, 2023–2024-cü tədris ilinə hazırlıq çərçivəsində 50 ümumi təhsil məktəbində, 30 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri aparılıb, həmçinin 1 məktəbdə və 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılır, 3 ümumi təhsil müəssisəsində isə əsaslı təmir-tikinti işlərinin görülməsi nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, müvafiq müəssisələrə cəlb olunan uşaqların sayının artırılması tədbirləri çərçivəsində 2023-cü ilin iyul ayında Bakı şəhəri Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib.
Dərsliklərlə təminat məsələsinə gəlincə, yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı təhsil müəssisələri dərsliklərlə təmin olunub. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üçün 1 milyon 854 min 703 ədəd dərslik yerlərə çatdırılıb.
Vahid məktəbli geyimləri məsələsinə gəlincə iosə deyim ki, eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir. Məktəblərdən alınan rəylərə əsasən deyə bilərik ki, valideyn və uşaqlarda vahid məktəbli geyiminə kifayət qədər maraq var. Mütləq əksər valideynlər övladlarına məktəbli geyimi almağı həm maddi, həm də vizual-estetik baxımdan daha məqbul hesab edirlər.
Xatırladım ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Həmin qərara əsasən, məktəblər tərəfindən 4 nümunədə geyim formasından biri seçilib. Paytaxt ərazisində məktəbli geyimlərini əldə etmək üçün 34 məntəqə mövcuddur. Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq geyimi əldə edə bilərlər. Həmçinin valideynlər öz istəklərinə uyğun olaraq məktəbli geyimini sifarişlə tikdirə də bilərlər.
Nəhayət, 2023–2024-cü tədris ilinin hədəfləri barədə. Bakı şəhər müəllimləri, təhsil işçiləri ilə ənənəvi sentyabr konfransında da xüsusi vurğulandı ki, bizi qarşıda daha böyük və məsuliyyətli işlər gözləyir. Bu, məzmunun yenilənməsi, tədrisin təşkili, keyfiyyətin artırılması, münasibətlərin tənzimlənməsi, yeniliklərin tətbiqi, təşəbbüskarlıq, mövcud imkanlardan səmərəli istifadə və digər çoxsaylı istiqamətlərdir. Hədəflər konkret olaraq məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıqlarının inkişaf etdirilməsidir.
Sonda qeyd etmək istərdim ki, bu tədris ilinə də Qarabağa Böyük Qayıdışın həyəcan və sevinci ilə qədəm qoyuruq. Elə dekabr ayında keçiriləcək Azərbaycan müəllimlərinin növbəti XVI qurultayına da bu əhval-ruhiyyə ilə gedirik.
Mehriban VƏLİYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri