Təhsil işçiləri ümummilli hədəflərə çatmaqda həlledici qüvvədir
Bu gün bilik xəzinəsinin sonsuz qapıları yenidən şagirdlərin üzünə açılır, yenə doğma məktəb sevimli sakinlərini öz qoynuna alır. Bəxtiyar Vahabzadənin məşhur “Məktəb yolları” şeirində deyildiyi kimi, səadətə aparan bu məktəb yolları yenə şagirdlərin qələbəliyi ilə dolub-daşacaq. Yeni dərs ili münasibətilə bütün təhsil iştirakçılarını- şagirdləri, müəllimləri və valideynləri təbrik edir, yeni-yeni uğurlar arzulayıram.
Bu fikri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva söyləyib. M.Vəliyeva bildirib ki, hər yeni mövsüm olduğu kimi, yeni dərs ilində də paytaxtın təhsil müəssisələrində keyfiyyətli tədris, şagirdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilməsi üçün qüvvələri səfərbər edilib.
İdarə müdiri vurğulayıb ki, 2023-cü ilin Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan edilməsi Azərbaycan təhsili, Azərbaycan məktəbi qarşısında da mühüm vəzifələr qoydu. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində Ulu Öndərin örnək həyat yoluna və zəngin fəaliyyətinə işıq salan, dahi liderin zəngin siyasi irsinin, müasir azərbaycançılıq ideologiyasının aşılanmasına xidmət edən 100-dən artıq konfrans, 1500-dən artıq dəyirmi masa və “Açıq dərs”, çox sayda seminar, müxtəlif müsabiqə, sərgi və festivallar, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlər keçirildi, şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olundu.
“Heydər Əliyev İli”nə həsr olunmuş və Türk ölkələri arasında ilk dəfə keçirilən Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasının təşkilində əsas məqsədimiz türk xalqlarının birliyini təcəssüm etdirmək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, türk xalqları tarixinin hərtərəfli öyrənilməsi, ortaq mənəvi dəyərlərə sadiq gənclərin formalaşdırılması prosesinə və qarşılıqlı əməkdaşlığın inkişafına dəstək verməkdən ibarət idi. Bununla yanaşı, Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan Avropa Hüquqşünas Tələbələr Assosiasiyası və Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) birgə təşkilatçılığı ilə “Gənc hüquq müdafiəçiləri” müsabiqəsi, Bakı Şəhər İcra Hakimiyyəti və BŞTİ-nin birgə əməkdaşlığı ilə “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsi uğurla həyata keçirilib. BŞTİ tərəfindən ilk dəfə olaraq Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Bakı İdman Festivalında idmanın müxtəlif növlərinə həsr olunmuş guşələr sərgilənib, məktəblilərin ayrı-ayrı idman növləri üzrə çıxışları nümayiş olunub.
M.Vəliyeva bildirib ki, hazırda BŞTİ-nin tabeliyində 344 məktəbəqədər, 318 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələri üzrə 34 995 uşağın tərbiyəsi ilə 4 375 tərbiyəçi-müəllim, ümumi təhsil müəssisələrində isə 481 131 şagirdin təlim-tərbiyəsi ilə 28 498 müəllim məşğul olacaq. Yeni dərs ili üçün BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlının cəlb olunacağı gözlənilir.
Təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, eləcə də problemləri və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görmək məqsədilə BŞTİ-nin tabeliyində olan 255 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər aparılıb. İdarənin tabeliyində fəaliyyət göstərən 101 məktəbəqədər təhsil müəssisəsi qida təminatını yaxşılaşdırmaq məqsədilə 2022-ci ilin oktyabr ayının 1-dən etibarən hazır qida ilə təmin olunur.
Ümumi təhsilin təşkili məsələsinə gəlincə, təhsilalanların azərbaycançılıq məfkurəsi və bəşəri dəyərlər ruhunda tərbiyə edilməsi, qlobal səriştəliliyin formalaşdırılması (dil bacarıqları, hüquq və vəzifələr, həyati bacarıqlar və s.), həssas qruplarla, valideynlərlə mərkəzləşdirilmiş işin təşkili, sağlam həyat tərzinin formalaşdırılması qarşıya qoyduğumuz məqsədlərdən biridir. Bu mənada Elm və Təhsil Nazirliyi və BŞTİ-nin həyata keçirdiyi layihələr müasir, intellektual, vətənpərvər və geniş dünyagörüşlü gəncliyin formalaşmasına təkan verir. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən və səmərəli fəaliyyətlərin qurulmasına dəstək verən “Rəqəmsal bacarıqlar” layihəsində 176, “STEAM Azerbaijan” layihəsində 181, “Sağlam təhsil-sağlam millət” layihəsində 43, “Məktəblinin dostu” layihəsində isə 178 paytaxt məktəbi iştirak edir.
Ötən tədris ilində 1 939 şagirdimiz fərqlənmə attestatlarına layiq görülüb. Daha yüksək dərəcəyə layiq görülən XI sinif məzunlarımızın 18-i qızıl, 6-sı gümüş nişanla təltif edilib. Bu il paytaxtda 56 sinif 100 faiz qəbul nəticəsi göstərib.
Həmçinin IV siniflərin tədris dili və riyazi bacarıqlarının ölçülməsi məqsədilə monitorinq həyata keçirilib. Buraxılış imtahanlarında şagirdlərin akademik ehtiyaclarının qabaqcadan müəyyənləşdirilməsi və zəruri dəstək tədbirlərinin görülməsi məqsədilə BŞTİ tərəfindən 3, 6, 7, 8-ci siniflərdə bir dəfə, 9-cu siniflərdə isə dörd dəfə monitorinqlər baş tutub.
Həyata keçirilən layihələrin uğurlu nəticələrini şagird nailiyyətlərində görmək, əlbəttə ki, qürurvericidir və bu bizi daha da ruhlandırır, təhsilin keyfiyyətinin daha da artırılması işinə səfərbər edir. Təbii ki, təhsilin keyfiyyətinə təsir edən faktorlar çoxdur. Çox məsələlər isə 45 dəqiqəlik dərslərdə formalaşır. Yeni tədris ilində əsas hədəflərimizdən biri də məhz hər müəllimin 45 dəqiqə dərs deməsini təmin etməkdir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi keyfiyyət inspeksiyalarının məntiqi davamı olaraq səmərəliliyin artırılması istiqamətində məktəb inkişaf planlarının hazırlanması və icrası ötən tədris ilində əsas dəstək proqramlarından olub. Ötən tədris ilində 151 məktəbdə keyfiyyət monitorinqləri aparılıb, 70 məktəbin inkişaf planı hazırlanıb.
“Paytaxt məktəblərinin infrastrukturunun yaxşılaşdırlması istiqamətində aparılan işlərə gəlincə, son illər müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yeni tikilən məktəblərin açılışında iştirakı, təhsil ocaqlarının təmiri və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanışlığı, məktəb kollektivlərinə tapşırıq və tövsiyələrini verməsi dövlət tərəfindən bu sahənin hər zaman qayğı və diqqətlə əhatə olunmasından xəbər verir. “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər yaxşı məktəblərdə işləməlidirlər”, - deyən dövlətimizin başçısı bu fikrini reallığa çevirərək məktəblərin müasir tələblər səviyyəsində qurulması, müəllim və şagirdlər üçün hər cür şəraitin yaradılması istiqamətində qayğı və dəstəyini əsirgəmir.
2023-2024-cü tədris ilinə hazırlıq çərçivəsində paytaxtda 1 məktəbdə və 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 50 məktəbdə cari təmir işləri görülüb. Həmçinin məktəbəqədər təhsil müəssisələrində infrastrukturun yaxşılaşdırılması istiqamətində 3 təhsil müəssisəsində əsaslı təmir işlərinin görülməsi planlaşdırılır.
Qarşıda uzun və məsuliyyətli yolumuz var. Əlbəttə ki, bu yolda tək deyilik, müəllimlər, şagirdlər, valideynlər, hamımız birlikdə, əl-ələ inamla addımlayaraq hədəflərimizə uğurla çata biləcəyik.
Bu gün işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsilimizin də əsas prioritetlərindən biridir. Zəfərdən sonra geniş quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda nəhəng işlər həyata keçirilir. “Böyük Qələbə”dən “Böyük Qayıdış”a gedən yolda biz təhsil işçilərinin əsas vəzifəsi şagirdlərimizə yaxşı təlim verməklə yanaşı, onları daha çox Vətən sevgisi ruhunda tərbiyə etməkdən ibarətdir.
İnanıram ki, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində bütün təhsil işçiləri bundan sonra da əllərindən gələni əsirgəməyəcək, ümummilli hədəflərə çatmaqda həlledici qüvvə olacaqlar”, - deyə BŞTİ-nin müdiri Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.