Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyevanın AZƏRTAC-a müsahibəsi (21.12.2023)

Mehriban Vəliyeva: Təhsilə ali səviyyədə göstərilən diqqət və qayğı müəllimlərin məsuliyyətini daha da artırır

 

Ulu Öndərin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayı ilə bağlı təəssüratlar olduqca zəngindir. Qurultayın qarşımıza qoyduğu mühüm öhdəlik və vəzifələrin uğurla yerinə yetirilməsi üçün hər birimizdən əzm və yaradıcı yanaşma tələb olunur. Azərbaycan müəllimlərinin qurultayı həm də təhsil işçilərinə sonsuz sevinc və qürur hissi yaşatdı. Çünki müəllimlərin bu qurultayı 30 illik işğaldan sonra qalib ölkənin müəllim ordusunun ilk böyük toplantısı, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk müəllimlər qurultayı kimi tarixə yazıldı. Qurultayda işğaldan azad edilmiş ərazilərimizdə çalışan müəllimlərin də iştirak etməsi qürurverici hadisə idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva söyləyib. O bildirib ki, bu gün ölkəmizin həyatında quruculuq, bərpa dövrü, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış başlayıb. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan məktəbi, Azərbaycan müəlliminin yetirmələri olan gənclik bu Böyük Qayıdışın bir hissəsidir. Həmçinin yaşanan tarixi proses və işğaldan sonra qarşıda duran yeni vəzifə və missiyanın böyüklüyünü və mahiyyətini gənclərə çatdırmaq müəllimlərin üzərinə düşən vacib vəzifədir. Bu şanlı tarixi dövr işğaldan azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur, eyni zamanda, qarşıya təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, rəqabətli insan kapitalının formalaşması kimi yeni imkanlar və vəzifələr qoyur. Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanlandığı təbrik məktubunda təhsil sahəsində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirməsi bir daha onu göstərdi ki, təhsil dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu sahəyə ali səviyyədə göstərilən diqqət və qayğı müəllimlərin məsuliyyətini daha da artırır.

Müəllimlərin XVI qurultayı ötən beş il ərzində təhsilin inkişafı sahəsində mühüm addımların atılması, bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi və əhatəliliyinin artırılması, səmərəli idarəetmə və maliyyələşmə modellərinin tətbiqi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, təhsil infrastrukturunun müasirləşdirilməsi və digər vacib məsələlərin müzakirəsi ilə bir növ hesabat idi. Düşünürəm ki, Azərbaycanın müəllim kontingentinin bir araya gələrək təhsil məsələlərini bilavasitə onun aparıcı qüvvəsi ilə birlikdə müzakirə etməsi böyük əhəmiyyət daşıyır. Ötən illər ərzində təhsil sahəsində keçilən yol elm və təhsil naziri Emin Əmrullayevin qurultaydakı nitqində son dərəcə əhatəli təhlil olundu. Müqayisəli təhlillər baxımından çıxış onu göstərdi ki, Azərbaycan təhsilinin əldə etdiyi sevindirici uğurlar da var, qarşıda həllini gözləyən məsələlər də. Nazir məktəbəqədər təhsildə əhatəliliyin artırılması, ümumi təhsildə səriştə əsaslı məzmunun tətbiqi, STEAM sinif və mərkəzlərinin yaradılması, həmçinin şagirdlərin beynəlxalq fənn olimpiadalarında uğurlarından danışdı. E.Əmrullayev inkişaf etmiş ölkələrin təcrübəsindən nümunələr gətirərək təhsilverənlərin əməkhaqlarına dair yeni yanaşmalar və aylıq vəzifə maaşlarının artan dinamikasını təqdim etdi. Son illərdə məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına diqqət çəkən nazir bu təhsil pilləsini ən prioritet sahə kimi dəyərləndirdi və icma əsaslı məktəbəqədər təhsilin uğurlu layihələrdən biri olduğunu diqqətə çatdırdı. Sertifikasiyanın təhsilimizin ən uzunmüddətli və yararlı islahatlarından biri olduğunu deyən E.Əmrullayev bu sahədə müsbət dinamikanın müşahidə edildiyini, eyni zamanda, müəllimlərin sosial rifahının yaxşılaşmasına təkan verdiyini vurğuladı.

Elm və təhsil nazirinin xüsusilə son illərdə görülən işlərlə bağlı açıqladığı təhlili statistikadan aydın oldu ki, həqiqətən də Azərbaycan təhsili yeniliyi mənimsəyən və tətbiq etməyə hazır olan qüvvələrin liderliyində bu işlərin öhdəsindən uğurla gələcək.

M.Vəliyeva qeyd edib ki, qurultaya dəvət olunan qonaqların, rəsmi şəxslərin təhsilimizin son illər müşahidə olunan inkişaf dinamikası ilə bağlı söylədikləri fikirlər də maraqlı idi. Çıxışlarda təhsilə və müəllimlərə göstərilən dövlət qayğısı, ölkəmizdə müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan danışıldı, müəllimlərin sertifikatlaşdırılması və diferensial əməkhaqqı sisteminin tətbiqinin sağlam rəqabəti və motivasiyanı gücləndirdiyi vurğulandı. İkigünlük qurultay plenar iclasdan sonra öz işini panel sessiyalarla davam etdirdi. “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “Elm və ali təhsilin inteqrasiyası”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” panelləri üzrə tanınmış təhsil idarəediciləri, müəllim və mütəxəssislərin iştirakı ilə maraqlı müzakirələr aparıldı və mövzular üzrə müvafiq təkliflər irəli sürüldü.

Moderatoru olduğum “Azərbaycan dili yeni çağırışlar müstəvisində” mövzusundakı panel müzakirəsi barədə bəzi qeydləri bildirmək istərdim. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, ümumi təhsil müəssisələri üçün Azərbaycan dili dərsliklərinin həmmüəllifi Rafiq İsmayılov, yazıçı-publisist Aqşin Yenisey, şair, tərcüməçi Qismət Rüstəmovla ana dilimizin təbliği, oxu vərdişlərinin aşılanmasında müəllimlərin roluna dair maraqlı müzakirələrimiz oldu, dəyərli fikirlər səsləndirildi. Həmçinin rəqəmsal dövrdə Azərbaycan dilində resurs bazasının zənginləşdirilməsi, gəncliyin milli dəyərləri saxlamaqla dünyaya çıxış imkanları, tərcümə materiallarının zənginləşdirilməsi məsələləri də qaldırıldı.

Qeyd edim ki, yeni tədris ili başlayanda qarşımıza qoyduğumuz əsas hədəflərdən biri də məhz təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi işinin daha da təkmilləşdirilməsidir. Əslində, ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi hər zaman təhsil müəssisələrinin ən vacib missiyası olub. Məlumdur ki, dəfələrlə beynəlxalq miqyasda dillərin ölməsi ilə bağlı həyəcan təbili çalınıb. Hətta bəzi dillərin qlobal rəqabətə tab gətirməməsi, 2 həftə ərzində 1 dilin sıradan çıxması ilə bağlı araşdırmaçıların fikirlərinə də təsadüf edirik. Təbii ki, bu bizim dilə aid deyil, lakin dilimizin daha da zənginləşdirilməsi, tədrisi işini təkmilləşdirmək üçün hər kəs əlindən gələni etməlidir. Biz ana dilinə ən gözəl dəyəri Ulu Öndərin timsalında görmüşük. Heydər Əliyev müxtəlif dillərdə çox gözəl çıxışlar edirdi, amma xalqın məhəbbətini Vətənin dilində qazanmışdı. Onun dillər əzbəri olan ifadələri Vətən dilində deyilən ifadələrdir ki, onlar yaddaşlarda əbədi olaraq qalıb.

Biz müxtəlif dillərdə danışa bilərik, bu, əlbəttə ki, çox yaxşı bir keyfiyyətdir və vacibdir. Amma ana dilimizi ən mükəmməl şəkildə öyrənməliyik. Bunun üçün məktəblərdə həm yazılı, həm də şifahi nitq mədəniyyətinin aşılanması olduqca önəmlidir. Bu mənada qurultayın “Azərbaycan dili yeni çağırışlar müstəvisində” mövzusundakı paneli bütün zamanlar üçün aktual və vacib bir məsələnin müzakirəsini gündəmə gətirdi. R.İsmayılovun səsləndirdiyi “Dilin zənginliyi onun poeziya dili olmasında deyil, onun informasiya ötürmək və qəbul etmək gücündədir. Rəqəmsal dünyada informasiya ötürmək yarışından dilimiz necə çıxacaq?, K.Abdullanın “Səhv olmasa, dildə inkişaf olmaz. Səhv etməyə icazə vermək, uşaqların dil azadlığının qarşısında durmamaq lazımdır”, A.Yeniseyin “Müəllim daha çox oxumalıdır ki, şagirdə nümunə olsun, dilimizin zənginliyi müəllimlərdən asılıdır”, Q.Rüstəmovun “Şagirdlərin mütaliəyə və ədəbiyyata marağının artırılmasında əsərlərin onların yaş kateqoriyasına uyğunluğunun nəzərə alınması” haqqındakı fikirlərinin hər biri üzərində nümunələr əsasında aparılan söhbətlər və auditoriyanın ünvanladığı suallar, fikir rəngarəngliyi və irəli sürülən təkliflər mövzunun aktuallığından, yaratdığı maraqdan xəbər verirdi. İnteraktiv müzakirələrin sonunda irəli sürülən təkliflərin birincisi bu oldu ki, Azərbaycan dili üzrə, xüsusilə də oxuyub-anlama bacarığının formalaşdırılması ilə bağlı fundamental araşdırmalar aparılsın. Yaş qrupları üzrə mətnlərin mürəkkəblik dərəcəsini və həcmini ölçən parametrlərin, müxtəlif yaş qrupları üçün tövsiyə olunan söz ehtiyatının və tezliyinin, həmçinin müxtəlif yaş səviyyələri üçün oxu sürətinin müəyyənləşdirilməsi məqsədəuyğun hesab edildi. Digər bir təklif şagirdlərdə mütaliənin inkişaf etdirilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsidir. Təklif olundu ki, ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulan və müxtəlif yaş qruplarını əhatə edən 100 vacib kitab siyahısı müəyyənləşdirilsin və çap edilsin. Həmçinin Azərbaycan dilində maarifləndirici verilişlərin, filmlərin, elektron resursların əhatə dairəsinin genişləndirilməsinin vacibliyi qeyd olundu. Müzakirələr zamanı yekdilliklə səsləndirilən təkliflərdən daha biri isə Azərbaycan dili dərslərində mətnlərlə işləmə metodikasına aid resursların təkmilləşdirilməsidir.

M.Vəliyevanın sözlərinə görə, müzakirə və çıxışlarda da vurğulandığı kimi, Azərbaycan dilini qorumaq və ən dəyərli milli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürmək işində təhsil müəssisələrinin rolu daha böyükdür. Əsas milli atributlarımızdan biri kimi dilimizin nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə ötürülməsi kimi ümumxalq işinə hər kəs öz töhfəsini verməlidir. Çünki ana dili mənəvi mədəniyyət, qorumağa borclu olduğumuz dəyərdir. Panel müzakirəmizi elə bu fikirlərlə də yekunlaşdırdıq. Bir daha vurğulamaq istəyirəm ki, XVI qurultay qarşıda duran məsələlər, məqsəd və vəzifələr haqqında düşünməyə əsas verən bir tədbir oldu. Bir əsrdən çox tarixi olan və on altıncı dəfə reallaşdırılan Azərbaycan müəllimlərinin qurultayı, hesab edirəm ki, təhsil ictimaiyyəti üçün təqvimin ən uğurlu səhifəsi kimi yadda qalacaq və təhsilimizin gələcək inkişafına töhfə vermək baxımından böyük rol oynayacaq.

“İki gün ərzində Bakı Konqres Mərkəzində aparılan müzakirələrin əsas qayəsi Azərbaycanın düşünən beyninin, intellektual və vətənpərvər gələcəyinin yetişdirilməsinin daha səmərəli yollarının müəyyənləşdirilməsindən ibarət idi. Bu işdə təhsilin strateji hədəflərinin peşəkar və açıq müzakirəsi düşünürəm ki, bütün qurultay iştirakçıları üçün faydalı oldu.

Sonda dövlətimizin başçısının təbrik məktubunda əksini tapan konseptual müddəalar, məruzələr ətrafındakı çıxışlar və plenar sessiyalarda irəli sürülən təkliflər nəzərə alınaraq bir sıra istiqamətləri əhatə edən qətnamə qəbul edildi. Necə deyərlər, hər kəs öz tapşırığını aldı, vəzifəsini, görməli olduğu işi bir daha müəyyənləşdirdi və ya dəqiqləşdirdi. Uğurlu nəticələr, daha böyük nailiyyətlərlə növbəti qurultayda görüşənədək”- deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.

 

AZƏRTAC