2022-2023-cü tədris ilində dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.

2. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına 2022-ci ilin avqust ayının 5-dən, məktəb seçimi prosesinə Azərbaycan bölməsi üzrə avqust ayının 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqust ayının 11-dən başlanılsın.

3. Naxçıvan MR-nın Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələrinə tapşırılsın ki:

3.1. 2022-2023-cü dərs ilində məktəbəhazırlıq qruplarına qəbul olunacaq 2017-ci ildə anadan olmuş uşaqların sayının dəqiqləşdirilməsi, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq qrupları təşkil ediləcək ümumi təhsil müəssisələrinin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görülməsini təmin etsinlər;

3.2. məktəbəhazırlıq qrupları təşkil ediləcək ümumi təhsil müəssisələrinin lazımi təlim şəraiti ilə təminatı istiqamətində müvafiq tədbirlərin görülməsini təmin etsinlər;

3.3. tabeliklərində olan ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatının mektebeqebul.edu.az sistemi vasitəsilə aparılmasını və valideynlərin məlumatlandırılmasını təmin etsinlər.

4. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsi (Elnur Əliyev), Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (Vəfa Yaqublu), Təhsil İnstitutu (Rüfət Əzizov) 2022/2023-cü tədris ilində dövlət ümumi təhsil müəssisələrində təşkil olunacaq məktəbəhazırlıq qruplarının təşkili üçün tələb olunan tədris resurslarının, malların adı və miqdarı barədə məlumatı Maliyyə, Təhsilin inkişafı proqramları şöbələrinə və Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsinlər.

5. Maliyyə şöbəsi (Rauf Orucov), Təhsilin inkişafı proqramları şöbəsi (Elvin Rüstəmov), Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) bu əmrin 5-ci hissəsinin icrasından irəli gələn aidiyyəti tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

6. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına uşaqların elektron sistem vasitəsilə qəbulu üçün proqram təminatı ilə bağlı lazımi tədbirlərin icrasını təmin etsin.

7. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin ümumi təhsil müəssisələrinə və Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını, bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilsin.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
01 avqust 2022-ci il
F-470