Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin “2018-2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə” 05 fevral 2018-ci il tarixli, F 103 nömrəli əmrini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 5.6.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası təhsil nazirinin “2018-2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə” 05 fevral 2018-ci il tarixli, F-103 nömrəli əmri  rəhbərlik və icra üçün qəbul edilsin.

2. I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı şəhəri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2018-ci il fevralın 22-dən başlansın.

3. Əmrin icrasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:

 

Hüseyn Əsgərov                        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, sədr;

Nərgiz Səfərova                       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, üzv;

Rəşad Tağıyev                         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, üzv;

İlhamə Abdullayeva                   İnformasiya təminatı sektorunun müdiri, üzv;

Teymur Əhmədov                    Hüquq sektorunun müdiri, üzv;

Şahin İsgəndərov                     Təminat və təchizat sektorunun müdiri, üzv;

Raman Məmmədov                  İnsan resursları sektorunun müdiri, üzv;

Bəşarət Məmmədov                 İctimaiyyətlə əlaqələr sektorunun müdiri, üzv;

 

4. İşçi qrupuna tapşırılsın:

4.1. 2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulunun aparılması barədə müvafiq Qaydalar hazırlayıb təsdiqə təqdim etsin.

4.2. Sənəd qəbulu üçün ümumtəhsil məktəblərində lazımi şərait yaradılması və   məsul şəxslərin təyin edilməsi üçün müvafiq tədbirlər həyata keçirsin.

4.3.  I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində kömək    göstərilməsi məqsədilə ərizə qəbulu üzrə alternativ qeydiyyat mərkəzlərinin yaradılması üçün müvafiq təkliflər versin.

4.4. Alternativ qeydiyyat mərkəzlərində ərizələrin qeydiyyatı məsələlərində məsul şəxslərə təlimlərin keçirilməsini təşkil etsin.

4.5. Mübahisəli məsələlərin həlli üçün Bakı şəhərinin müvafiq ümumtəhsil müəssisələrində apelyasiya komissiyalarının təşkili məqsədilə müvafiq təkliflər versin.

4.6. İnformasiya təminatı sektoru (İ.Abdullayeva) üzrlü səbəbdən I sinfə qəbula gecikmiş uşaqların yerləşdirilməsini  təmin etsin (16 sentyabr 2018-ci il–15 oktyabr 2018-ci il).

5. Müdir müavini (N.Səfərova) əmrin icrası ilə əlaqədar maliyyə məsələlərinin  həllini təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) I sinfə elektron ərizə qəbulunun forma və proseduru barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin  çoxaldılaraq  müvafiq  struktur bölmələrə  və ümumtəhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

8. I sinfə elektron ərizə qəbulu üzrə yaradılmış işçi qrupu bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etsin.

9. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 05 fevral 2018-ci il tarixli, F-103 nömrəli əmri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini H.Əsgərovun xidməti məlumatı.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

13 fevral  2018-ci il

                                                                                        №F64