Azərbaycan Respublikası təhsil nazirinin “Elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə” 06 mart 2019-cu il tarixli, F-119 nömrəli əmrini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.Azərbaycan Respublikası təhsil nazirinin “Elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə” 06 mart 2019-cu il tarixli, F-119 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.
2. I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2019-cu il martın 13-dən başlansın.
3. Əmrin icrasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:
İlhamə Abdullayeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, sədr;
Hüseyn Əsgərov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, üzv;
Nərgiz Səfərova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, üzv;
Samirə Bektaşi Ümumi təhsil sektorunun müdiri, üzv;
Raman Məmmədov İnsan resursları sektorunun müdiri, üzv;
Teymur Əhmədov Hüquq sektorunun müdiri, üzv;
Şahin İsgəndərov Təminat və təchizat sektorunun müdiri, üzv;
Bəşarət Məmmədov İctimaiyyətlə əlaqələr sektorunun müdiri, üzv;
4. İşçi qrupuna tapşırılsın:
4.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə 2019/2020-ci dərs ili üçün I sinfə şagird qəbulunun aparılması barədə müvafiq Qaydaları hazırlayıb təsdiqə təqdim etsin.
4.2. Sənəd qəbulu üçün ümumtəhsil məktəblərində lazımi şərait yaradılması və məsul şəxslərin təyin edilməsi üçün müvafiq tədbirlər həyata keçirsin.
4.3. I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində kömək göstərilməsi məqsədilə ərizə qəbulu üzrə Alternativ qeydiyyat mərkəzlərinin yaradılması üçün müvafiq təkliflər versin.
4.4. Mübahisəli məsələlərin həlli üçün Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə fəaliyyət göstərəcək Apelyasiya komissiyasının təşkili məqsədilə müvafiq təkliflər versin.
5. Müdir müavini (İ.Abdullayeva) üzrlü səbəbdən I sinfə qəbula gecikmiş uşaqların yerləşdirilməsini təmin etsin (16 sentyabr 2019-cu il-15 oktyabr 2019-cu il).
6. Müdir müavini (N.Səfərova) əmrin icrası ilə əlaqədar maliyyə məsələlərinin həllini təmin etsin.
7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) I sinfə elektron ərizə qəbulunun forma və proseduru barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etsin.
8. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq müvafiq struktur bölmələrə və ümumtəhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
9. I sinfə elektron ərizə qəbulu üzrə yaradılmış işçi qrupu bu əmrdən irəli gələn digər vəzifələrin icrasını təmin etsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 06 mart 2019-cu il tarixli, F-119 nömrəli əmri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İ.Abdullayevanın xidməti məlumatı.
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
11 mart 2019-cu il
№ F-123