Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2021/2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.
2. Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına 2021-ci ilin aprel ayının 27-dən, məktəb seçimi prosesinə aprel ayının 29-dan başlanılsın.
3. Birinci siniflərə şagird qəbulu ilə bağlı prosesin əlaqələndirilməsi bu məqsədlə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il 05 fevral tarixli F-34 nömrəli əmrinə uyğun olaraq yaradılmış işçi qrupu tərəfindən həyata keçirilsin.
4. 2021/2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün mərkəzləşmiş qaydada təşkil olunan müsahibə komissiyalarının müsbət yazılı rəyi əsasında aparılsın.
5. Koronavirus (Covid-19) pandemiyasına görə ölkədə xüsusi karantin rejiminin olduğu nəzərə alınaraq dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin onlayn formada təşkil olunması təmin edilsin.
6. Ümumi təhsilin təşkili və idarə olunması şöbəsi (R.Tağıyev), Maliyyə şöbəsi (R.Orucov), Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (V.Xanlarov) bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etsinlər.
7. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) bu əmrin surətinin ümumi təhsil müəssisələrinə və Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
8. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) birinci sinfə şagird qəbulu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını, bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
19 aprel 2021-ci il
F-162