Ümumi təhsil məktəblərində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsini, bu sahədə yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsini, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.Ümumi təhsil məktəblərində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Bakı şəhəri ümumtəhsil müəssisələrinin rəhbərləri:

2.1. Bakı şəhəri ümumtəhsil məktəblərində şagirdlərin elmi potensialının üzə çıxarılması məqsədilə “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair tədbirlər həyata keçirsinlər.

2.2. “Kiçik Akademiya”nın fəaliyyətində Azərbaycan Respublikası Milli Elmlər Akademiyası ilə razılaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Kiçik Akademiya” haqqında Əsasnaməni rəhbər tutsunlar.

2.3. Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsini təmin etsinlər, onların icra vəziyyəti barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna mütəmadi olaraq məlumat versinlər.

3. Bakı şəhərinin inzibati bölgələri daxilində “Kiçik Akademiya”ların fəaliyyətini əlaqələndirmək və birgə tədbirlər keçirmək məqsədilə hər bir bölgədə bir ümumtəhsil məktəbi “Kiçik Akademiya” üzrə mərkəz olaraq müəyyən edilsin (əlavə olunur).          

4. İnkişaf layihələri sektoru (S.Əzimova) və Ümumi təhsil sektoru (F.Babayev) məktəblərdə “Kiçik Akademiya”nın fəaliyyətinə nəzarətin gücləndirilməsini təmin etsinlər.

5. Təminat və təchizat sektoru (M.İbrahimov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və əlavələrinin İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələri ilə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-ci il üçün Fəaliyyət planı

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

30 aprel 2021-ci il

                                                                                        № F-103


 

Əlavə 1

Əlavə 2