“Şuşa ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatının keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı məktəblilərin intellektual və yaradıcı inkişafına dəstək verilməsi, şagirdlərin intellektual yarışlara (oyunlara) daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. “Şuşa ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatı keçirilsin.

2. “Şuşa ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatı haqqında Əsasnamə təsdiq edilsin.

3. “Şuşa ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatının  Təşkilat Komitəsi təsdiq edilsin. 

4. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (E.Əliyev) çempionatın keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin və bununla bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

5. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi (E.Əliyev) yerli təhsili idarəetmə orqanları və Nazirliyin birbaşa tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri tərəfindən çempionatın yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsin.

6. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

7. Əsaslı Tikinti və Təchizat İdarəsi (V.Mirzalıyev) çempionatın keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

8. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) əmrin əlavələrlə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

9. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) əmrin əlavələrlə birlikdə Təhsil Nazirliyinin rəsmi saytında və “Azərbaycan müəllimi” qəzetində yayımlanmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 mart 2022-ci il tarixli, F-134 nömrəli əmri ilə təsdiq edilmiş “Şuşa ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın 20-ci bəndi. 


Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
11 aprel 2022-ci il
F-182