Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması  barədə” 26 aprel 2022-ci il tarixli, F-216 nömrəli əmrini və “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnaməsinin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması  barədə” 26 aprel 2022-ci il tarixli, F-216 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün elektron sistem vasitəsilə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatının 2022-ci il may ayının 4-dən, məktəb seçimi prosesinin  2022-ci il may ayının 6-dan başlanılması təmin edilsin.

3. “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibələrin keçirilməsinə dair Təlimat” (bundan sonra –Təlimat) təsdiq edilsin (Əlavə 1).

4. Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil ediləcək müsahibələrdə Komissiya sədrlərinin siyahısı (Əlavə 2), peşəkar və səriştəli müəllimlərdən ibarət  Müsahibə komissiyalarının üzvləri (Əlavə 3) təsdiq edilsin.

5. Müsahibələrin nəticəsindən narazı qalan vətəndaşların müraciətlərinə baxılması üçün Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə təşkil olunacaq Apellyasiya komissiyasının tərkibi (Əlavə 4) təsdiq edilsin.

6. Elektron sistem vasitəsilə qeydiyyat məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə yaradılmış “Alternativ qeydiyyat mərkəzləri”nin siyahısı təsdiq edilsin (Əlavə 5).

 

7. Əmrin icrasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:

 

Xəyalə Əhmədzadə             Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, sədr;

Orxan Kərimov                    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, üzv;

Tural Mahmudov               İnformasiya təminatı sektorunun müdiri, üzv;

Fuad Babayev                  Ümumi təhsil sektorunun müdiri, üzv;

Kamran Əliyev                  Hüquq sektorunun müdiri, üzv;

 

8. İşçi qrupuna tapşırılsın:

8.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun qaydalara uyğun həyata keçirilməsini təmin etsin.

8.2. Şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil olunacaq müsahibələrin Təlimata uyğun həyata keçirilməsini təmin etsin.

8.3. Apellyasiya Komissiyası tərəfindən şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibələrin nəticəsindən narazı qalan vətəndaşların müraciətlərinə müəyyən edilmiş zaman çərçivəsində obyektiv və şəffaf baxılmasını təmin etsin.

8.4. Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərən ümumi təhsil məktəblərinin rəhbərlərinə tapşırılsın:

8.4.1. vətəndaşlara kömək məqsədilə elektron qeydiyyatın təşkil edilməsi üçün məsul şəxsin təyin edilməsini;

8.4.2. məsul şəxslərin fəaliyyəti üçün ümumi təhsil müəssisəsinin inzibati  binasının müəyyən olunmuş hissəsində telefon rabitəsi və davamlı internet bağlantısı ilə təmin edilmiş otağın ayrılmasını;

8.4.3. müraciət edən vətəndaşların növbəli şəkildə qəbulunu;

8.4.4. Koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl edilməsini;

8.4.5. ərizələrin elektron qeydiyyatı və uşaqların birinci sinfə qəbulu prosesində baş vermiş hər hansı gözlənilməz hadisə barədə İdarənin İnformasiya təminatı sektoruna dərhal şifahi və yazılı məlumat verilməsini;

8.5. üzrlü səbəbdən birinci sinfə qəbulla bağlı müəyyən edilmiş vaxtda qeydiyyatdan keçə bilməyən vətəndaşların müraciətlərinə baxılmasını təmin etsinlər.

9. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

9.1. Elektron sistemdə birinci sinfə qeydiyyatdan keçirilmiş uşaqların sənədlərinin yoxlanılması və qəbul edilməsi üçün rəhbərlik etdikləri təhsil müəssisəsində məsul şəxslərin təyin edilməsini;

9.2. sənəd qəbulu ilə əlaqədar zəruri məlumatları əhatə edən elanların (təqdim olunacaq sənədlər, sənədlərin qəbul günləri və saatları, sənədləri qəbul edən məsul şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı) binanın girişində nəzərəçarpan hissədə yerləşdirilməsini təmin etsinlər.

10. Sistemin idarə olunması üzrə sistem administratorluq hüququ İnformasiya təminatı sektoruna (Tural Mahmudov) həvalə edilsin.

11. İnformasiya təminatı sektoru (Tural Mahmudov) birinci sinfə şagird qəbulu prosesinin gedişatı barədə ayda bir dəfə İdarə müdirinə hesabat təqdim etsin.

12. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) əmrin icrası ilə əlaqədar maliyyə məsələlərinin  həllini təmin etsin.

13. İnsan resursları (Fuad Əsgərov) və Ümumi təhsil sektoru (Fuad Babayev) Müsahibə komissiyalarına cəlb edilmiş müəllimlərin müəyyən edilmiş meyarlara uyğun olaraq seçilməsini nəzarətdə saxlasınlar.

14. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) birinci sinfə şagird qəbulu barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etsin.

15. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavələrlə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

16. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin “2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması  barədə”  26 aprel 2022-ci il tarixli, F-216 nömrəli əmri.

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

6 may 2022-ci il

                                                                                        № F-176