“Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllimləri aşkara çıxarmaq və qabaqcıl təcrübə nümunələrini təbliğ etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-ci il üzrə Fəaliyyət Planını və “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

1. Bakı şəhəri ümumi təhsil məktəbləri müəllimlərinin iştirakı ilə 2021-ci ilin sentyabr-noyabr aylarında “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsi keçirilsin.

2. Müsabiqənin keçirilmə qaydaları və Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Müsabiqə iştirakçılarının müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilməsi üçün Münsiflər heyəti yaradılsın.

4. Müsabiqə 2 mərhələ - məktəb mərhələsi (sentyabr-oktyabr 2021-ci il) və şəhər mərhələsi (noyabr 2021-ci il) üzrə keçirilsin.

5. Müsabiqə ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bilavasitə bağlı olan fəaliyyətləri ehtiva edən istiqamətlər üzrə təşkil olunsun.

6. Müsabiqənin qalibləri diplom, fərqlənmə və qiymətli hədiyyələrlə mükafatlandırılsın.

7. İnkişaf layihələri sektoru (G.Qurbanova) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.

8. Təminat və təchizat sektoru (S.Mahmudov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

9. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

10. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) müsabiqə ilə bağlı keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində, məktəb saytlarında işıqlandırılmasını və İdarənin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

11. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin. 

12. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-ci il üzrə Fəaliyyət Planı

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

27 sentyabr 2021-ci il

                                                                                        № F-207


Müsabiqənin keçirilmə qaydaları