Məktəb ənənə və uğurları ilə tanınmalıdır - “Azərbaycan müəllimi” qəzeti (16.03.2018)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin  məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.

 

Ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər başqalarına nümunə olmağı bacarmalıdırlar

 

Hər  bir  ümumi təhsil müəssisəsi özünün  ənənələri, təhsildə  və təlimdə  əldə etdiyi nailiyyətləri ilə iz qoymalıdır. Məktəbə xas olan ənənələr daim  qorunmalı, nəsildən nəslə ötürülməlidir. Həmçinin, ümumi təhsil müəssisəsində qazanılan uğurlar davamlı olmalı, inkişafa istiqamətlənmiş tədbirlər həyata keçirilməlidir. Bu baxımdan Bakı şəhəri 102 nömrəli tam orta məktəb özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, məktəb təlim və təhsildə qazandığı uğurlara görə paytaxtda nümunəvi ümumi təhsil müəssisələrindən biri sayılır.

 

Əməyin qiymətləndirilməsi və tələblər

 

Məktəbimizdə müəllim əməyinin dəyərləndirilməsi xüsusi diqqət yetirilən məsələlərdəndir. Məlumdur ki, məktəb insanlara təhsil, elm, tərbiyə verən, onlara əxlaqi dəyərləri aşılayan bir məkandır. Bu məkanda şərəfli və müqəddəs peşə sahibləri olan müəllimlərin rolu isə əvəzolunmazdır. Buna görə də məktəbdə hər kəs müəllim nüfuzunun yüksəldilməsinə, onların əməyinin qiymətləndirilməsinə çalışır.

Çəkdikləri zəhmətə verilən yüksək dəyər qarşılığında müəllimlər də başa düşürlər ki, gənc nəslin təlim-tərbiyəsində aparıcı rol oynamaq, şagirdlərə bilik vermək, milli və bəşəri  dəyərləri aşılamaq, onları şəxsiyyət kimi yetişdirmək, şagirdlərdə müəyyən bacarıq və vərdişlər formalaşdırmaq olduqca məsuliyyətlidir. Bu iş həm də savad, zəhmət və səbr tələb edir.

Sevindirici haldır ki, məktəbin hər bir müəllimi üzərinə düşən məsuliyyəti yaxşı başa düşür, bu məkanı özünün doğma evi hesab edir. Hər kəs ümumi iş-məktəblilərin dərin biliyə sahib olması, hərtərəfli şəxsiyyət kimi yetişməsi üçün çalışır.

Kurikulum təhsil sisteminin başlıca məqsədlərindən biri də məktəblilərin sağlam ruhda tərbiyə edilməsidir. Hesab edirəm ki, ən yaxşı tərbiyə üsulu başqasına nümunə ola bilməkdir. Bu baxımdan müəllim əsl vətəndaş, geniş dünyagörüşlü, nümunəvi, əxlaqlı şəxsiyyət olmalı, yüksək insani keyfiyyətlər daşımalıdır ki, şagirdlərindən də bunları tələb edə bilsin. Məktəbimizin müəllimləri də işlərini bu amilləri nəzərə alaraq qurublar.

 

Təlim və tərbiyənin vəhdəti

 

Təcrübəyə əsasən deyə bilərəm ki, məktəb mühitində təlim və tərbiyə işini bir-birindən ayrı təsəvvür etmək olmaz. Pedaqoji proses bu iki amilin vəhdətindən ibarətdir. Müasir təlim prosesi  elm, texnika və  texnologiyanın sürətli inkişafı şəraitində yaşayan, onların  imkanlarından  gündəlik həyatında istifadə edən şagirdlərdə bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyətlər formalaşdırmağa xidmət göstərir. Bu xüsusiyyətlərə yiyələnən məktəblilər sonralar həyatda qarşılaşdıqları çətinliklərə hazır olur, onları asanlıqla aradan qaldırırlar.

Bu baxımdan məktəbdə şagirdlərə yüksək bilik verilməsi istiqamətində tədbirlər görülməklə yanaşı, onların dünyagörüşünün yüksəldilməsi, müxtəlif sahələrə marağının artırılması məqsədilə çoxsaylı tədbirlər təşkil edilir. Məktəbdə bilik və idman yarışları, ədəbi-bədii, elmi tədbirlər, müxtəlif sahələr üzrə tanınmış şəxslərlə görüşlər keçirilir, şagirdlərin tarixi məkanlara ekskursiyaları təşkil olunur.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, şagirdlərimiz müxtəlif müsabiqə və yarışlarda ilk yerləri tutur, Fəxri Fərman və diplomla təltif edilirlər.

Şübhəsiz ki, bu uğurlar müəllimlərin gərgin əməyi və məktəb rəhbərliyinin köməyi sayəsində əldə olunur.

 

Yeni təklif: Məktəblərin pillələr üzrə fəaliyyəti

 

Mövzunun davamı olaraq bir təklif də irəli sürmək istəyirəm. Bu təklif məktəblərin pillələr üzrə fəaliyyətinin təşkili ilə bağlıdır. Hesab edirəm ki, təhsilin keyfiyyətini daha da artırmaq üçün məktəblərin pillələr üzrə fəaliyyətinin təşkil olunması fayda verə bilər. Fikrimcə, rəhbərlik etdiyim məktəb ya ibtidai, ya ümumi orta, ya da tam orta təhsil üzrə formalaşsaydı, uğurlarımız daha çox olardı. Çünki belə halda, əsas diqqət bir istiqamətə yönəlir ki, bu da daha yüksək nailiyyətlərin əldə edilməsinə şərait yaradır.

Bir məqama da diqqət yetirək ki, son illər ümumi təhsil müəssisələrində təmayülləşmənin tətbiqi ilə yuxarı sinif şagirdlərinin göstəriciləri xeyli artıb. Hesab edirəm ki, məktəblərin fəaliyyəti pillələr üzrə təşkil edilsə,  uğurlarımız daha da artar.

 

Yalnız hədəfə doğru...

 

Qeyd edim ki, məktəbimizdə müəllimlərin fəaliyyəti və şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait var. Burada fənn kabinetləri, kompüter otaqları, ağıllı lövhələr, həmçinin, internet şəbəkəsinin mövcudluğu şagirdlərə keyfiyyətli təhsil verilməsinə şərait yaradır. Belə bir şəraitdə səmərəli fəaliyyət göstərmək isə hər kəsin borcudur. Bunu dərk edən pedaqoji  kollektiv də gələcəyimiz olan gənc nəsli Vətənə, torpağa məhəbbət, xalqa, adət-ənənələrə sədaqət ruhunda tərbiyə edir,  şagirdlərin təhsilə, elmə marağının artırılması, geniş dünyagörüşə malik olması, vətənpərvər ruhda böyüməsi  istiqamətində işlər görür.  

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji kollektivimizin hər bir üzvü təlimdə və təhsildə daha yüksək nailiyyətlər əldə etmək üçün bir qədər də əzmlə çalışır. Məktəbimizin  qarşısında duran başlıca vəzifə də şagirdləri hərtərəfli şəxsiyyət kimi formalaşdırmaq və ümumi göstəricilərdə yüksək nailiyyətləri davam etdirməkdən ibarətdir. Bunun üçün müəllimlərin səmərəli fəaliyyət göstərməsindən ötrü bütün imkanlar səfərbər olunur. İKT-dən istifadənin  genişləndirilməsi, nümunəvi müəllimlərin təcrübəsinin öyrənilməsi, qarşılıqlı dərs dinləmələri və müzakirələrin təşkili, müəllimlərin təlim kurslarına cəlb olunması, şagirdlər arasında maarifləndirmə işinin aparılması  və digər istiqamətlərdə tədbirlər görülür.

Bir sözlə, məktəbimizdə qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq üçün bütün lazımi işlər həyata keçirilir. Əminik ki, özünün ənənələri ilə tanınan məktəbimizdə həmişə olduğu kimi bundan sonra da daim uğur əldə ediləcək.

 

Mailə İSMAYILOVA,

102 nömrəli tam orta məktəbin direktoru

“Azərbaycan müəllimi” qəzeti