Müasir məktəb mühitində lider obrazı - “Azərbaycan müəllimi” qəzeti (11.05.2018) 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin  məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan  ibarətdir.

 

Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.

 

Məqsəd şagirdləri gələcəyə hazırlamaqdır

 

Müasir dünya təhsilin gücü, biliklərin vəhdəti ilə idarə olunur, dəyişilir və inkişaf edir. Məşhur Nelson Mandelanın təbirincə desək, təhsil dünyanı dəyişmək üçün istifadə olunan ən güclü “silah”dır.

Bu baxımdan məktəblərimizdə təhsilin keyfiyyətinin daha da artırılması vacib məsələdir.

Təhsilin keyfiyyətli formada təhsilalanlara ötürülməsi isə bir çox komponentlərlə üzvi şəkildə bağlıdır. Buraya məktəbin maddi-texniki və tədris bazası, mövcud infrastruktur, təhsilverənlərin bilik səviyyəsi və bir çox digər faktorlar daxildir. Məktəbin səmərəli şəkildə fəaliyyət göstərməsi, uğurla inkişaf etməsi isə idarəetmənin təşkilindən, eləcə də bu işi həyata keçirən məktəb rəhbərlərinin bilik, bacarıq və şəxsi keyfiyyətlərindən   əhəmiyyətli dərəcədə asılıdır.

 

Bacarıqlardan düzgün istifadə

 

Sosial sistem olan məktəbdə əlverişli təhsil mühitinin yaradılması müəllim-şagird-valideyn münasibətlərinin normal şəkildə qurulması ilə birbaşa bağlıdır. Bu işdə məktəb rəhbərliyinin üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Məsuliyyət və vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün isə məktəbi idarə edən insanlarda aşağıdakı 4 bacarığın olması vacibdir:

 

- Konseptual bacarıqlar- mürəkkəb vəziyyətləri təhlil etmək

 

- İnsanlararası bacarıqlar-ünsiyyət, ruhlandırma, mentarlıq

 

- Texniki  bacarıqlar-işin icrası üçün vacib olan peşə bacarıqları

 

- Siyasi bacarıqlar-əlaqə yaratmaq və gücdən düzgün istifadə etmək.

 

Bu bacarıqların düzgün tətbiq edilməsi isə daha ciddi məqamdır. Misal üçün, məktəb rəhbərinin idarəçilikdə gün ərzində dəfələrlə mürəkkəb vəziyyətlərlə qarşılaşdığı heç kimə sirr deyil. Belə situasiyalarda konseptual bacarıqlar vəziyyətdən çıxış yolunu tapmaqda yardımçı olur. Vəziyyəti düzgün təhlil etmək isə daha uğurlu qərar verməyə kömək göstərir. Bu fikri təsadüf edilən konkret misal üzərində izah etmək olar. Məsələn, valideyn məktəb rəhbərinə yaxınlaşaraq övladının gün ərzində evdə çox  çalışdığını, dərslərinə hazır gəldiyini, lakin yarımillik qiymətlərinin aşağı olduğunu bildirir. Valideynin dediklərindən belə çıxır ki, onun övladına müəllimlər qərəzli münasibət göstərir. Situasiya aydındır. Valideynin emosional çıxışı vəziyyəti bir qədər də gərginləşdirir. Belə olduqda məktəb rəhbəri daha çox təmkinli və səbrli olmalı, vəziyyəti təhlil edərək şagirdin zəif nəticə göstərməsinin səbəblərini aydınlaşdırmağa çalışmalıdır. Burada insanlararası bacarıqlardan, yəni ünsiyyət, ruhlandırma və mentarlıqdan düzgün istifadə olunmalıdır. Bu məsələdə fənn müəllimlərinin, sinif rəhbərinin mülahizələrindən yararlanmaqla əsl həqiqətin ortaya çıxarılmasında, şagirdin zəif oxumasının səbəblərinin müəyyənləşdirilməsində valideyni bir iştirakçıya çevirmək lazım gəlir.

Beləliklə, vəziyyəti normallaşdırmaq və xüsusilə də təhsilalanın gələcək inkişafına nail olmaq mümkündür. Bu işdə məktəb rəhbərinin texniki və siyasi bacarıqları da böyük rol oynayır.

 

Fərdi xüsusiyyətlərin idarəetmədə rolu

 

Yuxarıda göstərilən bacarıqlara malik olan insan məktəb mühitində idarəçi kimi bir liderə çevrilə bilər. Lakin liderdə bu bacarıqlarla yanaşı, bir sıra fərdi xüsusiyyətlər də olmalıdır. Bu xüsusiyyətlər aşağıdakılardır:

 

- Uzaqgörənlik-istiqamətlərin müəyyən olunması

 

- Strategiya-perspektivlərin  görünməsi üçün planlaşdırma

 

 - İnsanların yönəldilməsi-perspektivlərlə strategiyaların uyğunlaşdırılması

 

- Həvəsləndirmə-işlərin inkişafı üçün enerji və məsuliyyət hissinin səfərbər olunması.

 

Bu xüsusiyyətlər təhsil müəssisələrində liderlik üçün ən zəruri xüsusiyyətlərdir. Şübhəsiz ki, liderlik bacarığı olduqda və idarəetmə düzgün təşkil  edildikdə uğurlu məktəbə nail olmaq mümkündür.

Aydındır ki, hər hansı bir işə başlayan zaman ilk olaraq istiqamətlər müəyyənləşdirilir. Bu istiqamətlərin düzgün müəyyənləşdirilməsi  isə daha ciddi məsələdir. İşin perspektivlərini kollektivə  aydın şəkildə göstərmədən isə insanların bir istiqamətə yönləndirilməsi mümkün deyil. Bu baxımdan təhsil müəssisələrində  lider işçiləri həvəsləndirməyi, işin uğurla başa çatacağına kollektivi inandırmağı və  bundan ötrü məsuliyyət hissini artırmağı bacarmalıdır.

 

Uğurlu struktur

 

Məktəbin uğur qazanmasında yaradılmış struktur böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, məktəb mühitində xaotik, veber, avtoritar və peşəkar strukturlar ola bilər. Bunların içərisində ən uğurlu sayılanı “Peşəkar struktur”dur.

Bu struktur çərçivəsində  qərarvermə  peşəkar heyətə həvalə olunur. Məktəbin işçiləri peşəkar və kompetensiyalı  mütəxəssislər hesab edilir. Qaydalar  və təlimatlar yalnız istiqamətləndirici rol oynayır. Kollektivdə hər bir mütəxəssisin  fikri və rəyi nəzərə alınır, verilən təkliflər təhlil olunur, kollektivin ümumi razılığı ilə qəbul edilir. Göründüyü  kimi, “Peşəkar struktur” ən mükəmməl və əhəmiyyətli bir strukturdur.

“Peşəkar struktur”da ədalətlilik bir  prinsip olaraq qəbul edilir. Məktəbin lideri bu prinsipləri aşağıdakı üç əsas istiqamətdə həyata keçirməlidir:

 

- Paylaşmada ədalətlilik-bu prinsipə görə kollektivdə hər kəs özünün layiq olduğu payını alır

 

- Prosedural ədalətlilik - bu prinsipə görə nəticənin əldə edilməsi yolları göstərilir və bu işdə hər kəsin rolu ədalətli şəkildə qeyd edilir

 

- Münasibətlərdə ədalətlilik-bu prinsipə görə kollektivdə insanlara göstərilən hörmət və ehtiramda ədalətlilik gözlənilir.

 

Məktəb rəhbərinin lider kimi bu prinsipləri kollektivdə tətbiq etməsi ilk olaraq təhsil müəssisəsində ədalətli mühit formalaşdırır. Bu isə işlərin uğurla həyata keçirilməsi üçün münbit təhsil mühiti deməkdir. Məhz  belə  şəraitdə  hər bir işçi özünə əminlik hiss edir. Əməyinin layiqincə qiymətləndiriləcəyini bildiyinə görə daha həvəslə çalışır. İşçi ona göstərilən hörmət və ehtiramdan məmnun olur. Bu isə özlüyündə  təhsilin keyfiyyətinə müsbət təsir edir, təhsilalanların və təhsilverənlərin güvənini  artırır.

 

Hər şey gələcək üçün!

 

Yuxarıda göstərilən məsələlər rəhbərlik etdiyim məktəbdə təcrübədən keçirilib və müsbət nəticələr verməkdədir.

Hesab edirəm ki, məktəbdə idarəetməni düzgün təşkil etmək və təhsilin keyfiyyətini daha da artırmaq yolu ilə şagirdləri müasir tələblərə uyğun səviyyədə yetişdirməklə ölkəmizə böyük töhfə verə bilərik. Bizim işimizin fəlsəfəsi və bizdən gözlənilən də elə bunlardan ibarətdir...

 

Zakir BAYRAMOV,       

313 nömrəli tam orta məktəbin direktoru