“Onlayn dərs” adlı müsabiqənin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

“2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 10.09.2020-ci il tarixli, F-420 nömrəli əmrinin icrasını təmin etmək, təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi  biliklərini digər müəllimlər  arasında  yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin  15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumi təhsil müəssisələrinin müəllimləri arasında  “Onlayn dərs” adlı müsabiqə  məktəb və şəhər  üzrə olmaqla  iki mərhələdə təşkil edilsin və    2021-ci ilin fevral-aprel aylarında keçirilsin.

2. Müsabiqənin Əsasnaməsi, Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil müəssisələrinin direktorları təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin məktəb mərhələsinin keçirilməsini təmin etsinlər və seçilmiş üç ən yaxşı onlayn dərs modelini Təşkilat Komitəsinə təqdim etsinlər.      

4. Ümumi təhsil sektoru (F.Babayev) təqdim olunan Əsasnaməyə uyğun  olaraq müsabiqənin  təşkili ilə əlaqədar tədbirlərin görülməsini təmin etsin.

5. İnkişaf layihələri sektoru (A.Tairquliyeva-Nağıyeva) müsabiqənin həyata  keçirilməsinə nəzarəti və yekun hesabatın hazırlanaraq rəhbərliyə təqdim edilməsini təmin etsin.

6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

7. Təminat və təchizat sektoru (M.İbrahimov) müsabiqənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Əsasnamənin  İdarənin internet saytında  yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri  tərəfindən işıqlandırılmasını təmin etsin.

9. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət müdir müavini  H.Əsgərova  həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 10.09.2020-ci il tarixli, F-420  nömrəli  əmri  və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  2021-ci il üçün  Fəaliyyət planı.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

9 fevral 2021-ci il

                                                                                        № F-28