Ümumi təhsil müəssisələrində 2021-2022-ci tədris ili üçün müəyyən olunmuş hədəflərin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri tərəfindən yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq və 2022-2023-cü tədris ilində qarşıda duran aktual vəzifələri müzakirə edib müvafiq əməli təkliflər hazırlamaq məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:
1. Təhsil işçilərinin 2022-ci il sentyabr konfranslarının plenar müşavirə iclasları 07-13 sentyabr tarixlərdə keçirilsin.
2. Nəzərdə tutulan məsələlərin peşəkar səviyyədə müzakirəsini təmin etmək üçün səmərəli və mobil iş mühiti yaratmaq məqsədilə plenar müşavirələrin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri üzrə keçirilməsi məqsədəuyğun hesab edilsin.
3. Təhsil işçilərinin 2022-ci ildə keçiriləcək sentyabr konfranslarının plenar müşavirələrinin qrafiki təsdiq edilsin (əlavə edilir).
4. Plenar müşavirələrin iş qaydası aşağıdakı kimi müəyyən olunsun:
4.1. Tədbirin açılışı və Dövlət Himninin ifa edilməsi;
4.2. 2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Regional Təhsil İdarələri və ümumi təhsil müəssisələrinin pedaqoji kollektivləri qarşısında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi vəzifələr haqqında Nazirliyin nümayəndəsinin təqdimatı;
4.3. Hesabatlar və məruzə ətrafında təklifyönümlü çıxışlar, müşavirə iştirakçılarının suallarının cavablandırılması;
4.4. Plenar müşavirənin yekunlaşdırılması.
5. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması (E.Əliyev) və Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbələri (V.Yaqublu) Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələri üzrə plenar müşavirələrə müvafiq rayon və şəhərlərdən dəvət edilən təhsil işçilərinin sayı və tərkibinin müəyyənləşdirilməsini, müşavirələrin səmərəli keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Regional Təhsil İdarələrinə təşkilati-pedaqoji kömək edilməsini təmin etsin.
6. Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsi (Valeh Mirzalıyev) plenar müşavirələrin keçiriləcəyi zalların İKT avadanlıqları ilə təchizatını təmin etsin.
7. Plenar müşavirələrdə irəli sürülən təkliflər aidiyyəti üzrə Regional Təhsil İdarələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumiləşdirilib sentyabrın sonunadək Azərbaycan Respublikasının Təhsil İnstitutuna göndərilsin.
7.1. Azərbaycan Respublikasının Təhsil İnstitutu Regional Təhsil İdarələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş təkliflərin təhlilini aparsın və ümumiləşdirilmiş material hazırlayıb rəhbərliyə təqdim etsin.
8. Maliyyə şöbəsi (Rauf Orucov) yerlərə göndərilən əməkdaşların ezamiyyə xərclərinin ödənilməsini konfransların keçirilmə tarixi nəzərə alınmaqla təmin etsin.
9. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini, habelə konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
10. Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
1 sentyabr 2022-ci il
F-527