Kənar şəxslərin məktəbə daxil olması məhdudlaşdırılıb - Məktəb direktorundan zəruri yazı 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsinin növbəti qonağı Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevadır.

 

Yeni şəraitdə əsas məqsəd və fəaliyyətimiz hər kəsi düşündürən, hər kəsi narahat edən koronavirus pandemiyası qlobal təhlükələrdən biri hesab olunmaqla bütün sahələrə öz təsirini göstərir. Pandemiya bütün sahələr kimi təhsil sistemindən də yan keçmədi.

 

Tədris prosesinin davam etdirilməsi, şagirdlərin təhsildən yayınmaması istiqamətində müxtəlif çıxış yolları axtarıldı və görülən işlər sonda müsbət nəticəsini verdi. Düzdür, bunlar ənənəvi tədrisin yerini verməsə də, şagirdlərin təhsildən geri qalma hallarının qarşısını müəyyən dərəcədə ala bildi. Bildiyimiz kimi fevralın 1-dən ibtidai və məktəbəhazırlıq qruplarında, fevralın 15-dən isə ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədris prosesi bərpa olundu.

 

Biz də böyük həyəcan hissi ilə şagirdlərimizi uzun fasilədən sonra məktəbdə qəbul etdik. Məktəbliləri yenidən təhsil müəssisəsində görmək, onlarla canlı ünsiyyətdə olmaq bütün kollektivin sevincinə səbəb oldu. Şagirdlərin gəlişi ilə sanki məktəbdə bir canlanma yarandı, onların üzündəki sevinc hissi bizə də yansıdı. Hazırda dərslər növbəli şəkildə təşkil edilir. Növbələrarası fasilə 1 saatdır. Bu vaxt ərzində otaqlar dizinfeksiya edilir, havalandırılır, partalar dizinfeksiyaedici məhlulla silinir. Tənəffüslərdə şagirdlərin toplaşmasına yol verilmir. Müəllimlər dərs izah edərkən məsafə saxlayır və şagirdlərlə yaxın təmasda olmurlar, maskadan istifadə isə mütləqdir. İkinci yarımildən dərslər həftədə üç dəfə olmaqla təşkil olunmağa başladı.

 

Rəhbərlik etdiyim təhsil müəsisəsində də qaydalara xüsusi əməl edilir və hər kəsin sağlamlığı üçün müəyyən işlər görülür. Belə ki, sinif otaqlarında, dəhlizdə, məktəbin girişində virusdan qorunmaqla bağlı maarifləndirici posterlər asılıb. Məktəb daxilində hər yerdə döşəməyə məsafə saxlamaqla bağlı işarələr vurulub. Siniflərdə partalar 1,5 metr məsafə saxlanılmaqla düzülüb. Koronavirus pandemiyası yayıldığı andan etibarən məktəbdə müəyyən maarifləndirmə tədbirləri həyata keçirilir.

 

Xüsusilə də əyani tədris prosesi bərpa olunduqdan sonra bu sahədə daha çox işlər görməyə çalışırıq. Belə ki, fiziki tərbiyə dərsləri bildiyimiz kimi mövcud vəziyyətlə əlaqədar olaraq distant formada təşkil olunur. Şagirdlər ev şəraitinə uyğun müəyyən idman hərəkətləri edirlər. Distant təhsil zamanı şagirdlərin göz idmanı etməsi üçün xüsusi qaydalar tətbiq edilir. Fiziki tərbiyə dərslərində yerində addımlama, yerində qaçış, ümumumiyyətlə motorik hərəkətlər uşaqlara öyrədilir. Digər fənlərin tədrisi isə əyani formada alt həftə, üst həftəyə bölünməklə tədris edilir. Kitabxanadan istifadə üçün xüsusi poster hazırlanaraq divardan asılıb.

 

Kənar şəxslərin məktəbə daxil olması məhdudlaşdırılıb. Əgər zəruri hal yaranarsa, xüsusi karantin qaydalarına uyğun olaraq valideynlərin məktəbə girişi təmin edilir. Şagirdlərin hərarəti məktəb qapısında ölçülür, sonra sinif otaqlarına daxil olurlar. Hər şagirdin çantasında tibbi spirtin olması tövsiyə edilir. Məktəblilər 30 dəqiqədən bir əllərini dezinfeksiya edirlər. Otaqlar hər yarım saatdan bir havalandırılır. Otaqlarda kifayət qədər az və labüd əşyaların saxlanılması nəzərdə tutulub. Hər əyani dərsin birinci saatlarında əllərin müvafiq qaydalara uyğun şəkildə yuyulması, danışarkən maskadan istifadə edilməsi və digər qaydalar uşaqlara təlim müddətində 3 dəqiqə vaxt ayrılmaqla xatırladılır.

 

Bildiyimiz kimi hazırki vəziyyətdə ən vacib məsələlərdən biri də gigiyenik qaydalara əməl olunmasıdır. Məktəb kollektivi olaraq şagirlərimizin sağlamlığı üçün əlimizdən gələni edirik. Sanitar qovşaqlarda maye sabundan, əsasən də 72 faizli soda tərkibli sabundan istifadə üçün şərait yaradılır. Şagird və müəllim heyətinə bir-birinin əşyalarından istifadə etməmək üçün xüsusi tapşırıq verilib. Mütəmadi olaraq şagirdlərə sağlam qidalanmaya aid hazırlanmış videoçarxlar nümayiş etdirilir.

 

Onların qidasının əsasını meyvə-tərəvəz təşkil etməsi ilə bağlı müvafiq müzakirələr təşkil edilir. Bu işdə müəllimlər özləri birbaşa iştirakçı olurlar. Distant dərslərin tədrisi zamanı təlim prosesi şagirdlərin maraq və meyllərinə uyğun şəkildə təşkil edilir. Əyani dərslərdə kurrikulumun tələblərindən irəli gələn diferensiallıq distant tədrisin təşkili zamanı gözlənilir. İmkan dairəsində təlimdə görmə, eşitmə nəticəsində biliklərə yiyələndirməyə üstünlük verilir. Toxunmayla ötürülən bilik internet resurslarından istifadə edilməklə vizual informasiyayla şagirdlərə verilir.

 

Təbii haldır ki, vətənpərvərlik və müəyyən dəyərlər şagirdlərə əsasən məktəblərdə aşılanır. Bu baxımdan “Virtual məktəb” onlayn platforması üzərindən müxtəlif müsabiqələr təşkil edilir. Bu müsabiqələr şagirdlərin bilik və bacarıqlarının artırılması, eyni zamanda sağlam rəqabət yaratmaq naminə müxtəlif səpkidə elmi yarışların keçirilməsi məqsədilə təşkil olunur.

 

“Virtual məktəb”də şagirdlərlə “Dəyirmi masa”lar təşkil edilir. Tez düşünməni formalaşdırmaq naminə viktorinalar keçirilir. Valideynlərin müşahidəsiylə baş verən bu cür yarışlar şagirdlərlə maarifləndirmə işinin aparılmasına xidmət edir. Bütün şagirdlərə bu müsabiqələrdə iştirak etmək üçün bərabər imkanlar yaradılır. Vətənpərliyə aid şeir müsabiqələri təşkil edilir ki, bu da şagirdlərdə həm nitqin inkişafına, həm də ardıcıl düşünməyi sürətləndirməyə xidmət edir. Məktəbdə müəyyən guşələrin hazırlanmasıyla bağlı müsabiqələr təşkil edilir. Guşələrin təşkil edilməsi üçün hazırlanan əl işləri evlərdə valideynin iştirakıyla düzəldilərək məktəbə gətirilir.

 

Valideynin bu guşələrin təşkilində yaxından iştirak etməsi bir növ onların tədrisə cəlb olunması və maarifləndirilməsi rolunu oynayır. Həmin guşələr rəhbərlik tərəfindən baxış keçirilərək qiymətləndirilir. Guşələr siniflərdə və dəhlizlərdə yaradılır. Təşkil olunan müsabiqələr əsasən əsgər, zabit və şəhidlərimizin 44 günlük Vətən müharibəsində qazandıqları qələbəylə bağlı olur. Hətta şagirdlər evdə fərdi şəkildə müəyyən kompozisiya əsasında maketlər düzəldərək özlərinin layihələrini nümayiş etdirirlər. Siniflərə şəhidlərin adlarının verilməsi isə uşaqlarda tədqiqatçılıq xüsusiyyətinin inkişaf etdirilməsinə xidmət edir. Belə ki, hər şagird şəhidlər haqqında araşdırma apararaq maraqlı məlumatlar toplayır. Onların obrazlı şəkildə təqdimatı distant formada dinlənilir və özlərinin iştirakıyla qiymətləndirilir. Bu da şagirdlərdə eyni zamanda özünüqiymətləndirmə bacarığının inkişafına xidmət edir. Məktəbimizin pandemiya dövründə distant dərslərə cəlbolunmaya nail olmaq üçün yaratdığı “Şagirdlərim mənim əsərlərimdir” başlığı altında qurulan maraqlı təlim hər şagirdi kəşf etmək prinsipini daşıyır.

 

Bu cür differensial dərsi şagirdlər növbəti gün səbirsizliklə gözləyirlər. Belə yanaşmalar bir növ distant təhsilə marağı artırır. Şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmələri üçün müəllimlər tərəfindən mütaliə etmək, daha yaradıcı işlərlə məşğul olmaq istiqamətində tövsiyələr verilir. Həmçinin müəllimlər tərəfindən ədəbiyyatların, yaxud mətnlərin seçilməsi ilə bağlı şagirdlərə müvafiq tövsiyələr verilir. Bununla bir növ şagirdlərin internet resurslarından asılılığı azalmış olur və onların daha yaradıcı, daha faydalı işlərlə məşğul olması tənzimlənir. Bu işdə əlbəttə ki, valideyinlərin də rolu böyükdür.

 

Valideyn-müəllim əməkdaşlığı həm şagirdin nəticələrinin yaxşılaşdırılması üçün, həm də valideynin bacarıq və vərdişlərinin inkişafı üçün vacibdir. Demək olar ki, pandemiya dövründən tədris prosesi pozulmadı, mövcud şəraitində dövlət tərəfindən qarşıya qoyulan məqsədlərə nail ola bildik. Hazırda əsas hədəfimiz əyani tədrisin davamlılığını təmin etməkdir. Bu işdə məktəb rəhbərliyi olaraq üzərimizə qoyulan məsuliyyəti anlayır, qaydalara daha ciddi əməl edirik. Düşünürəm ki, bunu birlikdə bacaracağıq və ölkəmizdə koronavirus infeksiyasına qarşı görülən tədbirlər tezliklə öz müsbət nəticələrini verəcək, hər şey normal axarına düşəcək.