Valideyn elə mühit yaratmalıdır ki, uşağın distant təhsilə qoşulmasında problem olmasın-Pilot məktəbin direktoru

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsinin növbəti qonağı Bakı şəhəri 202 nömrəli tam orta məktəbin direktoru Arzu Süleymanovadır.

 

 Yaşadığımız dövrdə baş verən arzuolunmaz proseslərdən təhsilin zərər görməməsi və mövcud vəziyyətdə adekvat addım atılmasında məktəb rəhbərinin üzərinə böyük məsuliyyət düşür. Çünki o, məktəbin məqsəd və hədəflərinə çatmasını təmin edən cavabdeh şəxsdir. Lakin 2020-ci ilin əvvəllərindən başlayaraq dünyanı bürüyən COVID-19 pandemiyasının yaratdığı mövcud vəziyyətdən çıxış yolunda təkcə məktəb rəhbəri deyil, bütün kollektiv əl-ələ verdi. Və bunun nəticəsidir ki, bizi ən çox düşündürən, narahat edən şagirdlərin təhsildən yayınması hallarının qarşısı qismən alındı.

 

Belə ki, 2020-ci il mart ayının 3-dən Nazirlər Kabinetinin qərarı ilə ölkədə elan olunan xüsusi karantin rejimi ilə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), eləcə də məktəblər tədrisin təşkilində yeni şərait və yeni qaydalarla işləməyə istiqamətləndirildi. Xüsusi karantin rejiminin hələ ilk günlərindən pedaqoji kollektiv İKT resurslarından istifadə etməklə, onlayn dərslər təşkil etməyə başladı. Dərsləri səmərəli, şagirdlərin maraqları səviyyəsində qurmaq ilk gündən başlıca məqsədimiz idi. Onlayn tədris platforması tətbiq olumağa başladığı qısa bir zamanda müəllimlərimizin 96 faizi, şagirdlərimizin isə 82 faizi prosesə cəlb olundu. Belə demək mümkünsə, dövlətimizin çağırışlarına çevik cavab verərək, işimizi tez bir zamanda şəraitə uyğun nizamladıq. Bunun nəticəsi idi ki, məktəb 2019-2020-ci tədris ilini nailiyyətlərlə başa vurdu. Məktəbin 24 məzunundan 4 nəfəri 600-dən yüksək bal topladı. Onlardan 2 nəfəri xüsusi nümunəli attestata layiq görüldü. Ümumi orta təhsil pilləsini bitirən şagirdlərimizdən isə 1 nəfər bu uğura imza atdı.

 

Biz onlayn dərs prosesini yalnız akademik biliklərin verilməsi ilə yekunlaşdırmırıq. Şagirdləri ilk növbədə, dialoq, söhbət və müzakirələrə, yaradıcı işlərə cəlb etməklə onların tədris prosesində fəal iştirakına zəmin yaradırıq. Onlayn tədris prosesində şagirdlərlə canlı ünsiyyət mümkün olmasa da, yaradıcı müəllimlər bu vəziyyəti şagirdin intellektual potensialının aşkara çıxarılmasına yönəltməyi bacarırlar. Onlayn tədris zamanı istifadə oluna biləcək ən səmərəli metod dərslərin interaktiv qurulması və şagirdlərin biliklərini artırmaq üçün internet resurslardan, o cümlədən elektron kitabxanalardan, elektron dərs vəsaitlərindən, videodərslərdən səmərəli istifadələrinə nail olmaqdır. Şagirdlərin internet resurslardan istifadəsini təmin etməklə əldə etdikləri biliklərin zənginliyinə yol açmış, eyni zamanda onların asudə vaxtlarından səmərəli istifadəsinə imkan yaratmış oluruq.

 

Pandemiya dövründə şagirdlərimizin asudə vaxtlarının səmərəli təşkil olunmasına yol açan amillərdən biri də onların Təhsil Nazirliyi tərəfindən təşkil olunan "Fibonacci", “Nə? Harada? Nə vaxt?” onlayn yarışlarına, eləcə də məktəbin keçirdiyi, şagirdlərin mənəvi tərbiyəsinin, dünyagörüşünün formalaşmasına əhəmiyyətli dərəcədə təsir edən seminarlara, müzakirələrə, görüşlərə, diskussiyalara qoşulmaları oldu. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Virtual məktəb” layihəsi distant təhsilinin nizamlı şəkildə həyata keçirilməsində mühüm rol oynayır. Pedaqoji kollektiv bu platformada fəal şəkildə təmsil olunur. Biz, onlayn platformalarda bütün fənlərin tədrisinə eyni dərəcədə məsuliyyətlə yanaşırıq. Şagirdlərə dil öyrənmək, rəsm çəkmək üçün müvafiq internet resurslarını təklif etməklə, bu fənlərin tədrisinin daha optimal qurulmasına yol açmışıq. Lakin pandemiya zamanı şagirdlərin internetdən aşırı istifadə etmələrinin qarşısının alınması da mühüm şərtlərdən biridir. Bu məsələdə valideynlərlə müəllimin birgə fəaliyyəti xüsusi önəm daşıyır. Valideyn, ümumiyyətlə, evdə elə bir mühit yaratmalıdır ki, uşağın distant təhsilə qoşulması üçün problem olmasın.

 

Müəllim valideynlə birlikdə şagirdin onlayn dərsdən sonra internetdən istifadəsi ilə bağlı qrafik hazırlamalı və İKT-dən istifadə həddi nizamlanaraq nəzarətdə saxlanmalıdır. Bunun üçün diqqət yetirdiyimiz ən önəmli məsələ şagirdlərin bədii ədəbiyyat mütaliəsidir. Ümumiyyətlə, valideynlərlə mütəmadi olaraq onlayn görüşlər keçirilir. Bu görüşlərdə məktəbdə tədrisin təşkili, uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, gigiyena tələblərinə ciddi riayət olunması, sağlam qidalanma ilə bağlı tövsiyələr verilir. Onlayn görüşlərə məktəbin psixoloqu və tibbi heyəti də qatılaraq öz məsləhətlərini diqqətə çatdırırlar. Valideynlərə övladlarının “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan onlayn dərsləri izləmələrinə də şərait yaratmaları tövsiyə olunur. Pedaqoji kollektiv may ayına qədər distant təhsili elə təşkil etməyə çalışıb ki, hazırkı vaxtda prosesin həyata keçirilməsində çətinliklərlə üzləşməyək. Müxtəlif dəstəkləyici resursların, o cümlədən, video materialların, qrafika, səs və digər multimedia vasitələrinin, elektron mənbələrin, vizuallaşdırılmış dərs formalarının əldə edilməsi və digər vasitələr buna misal ola bilər.

 

Bu gün artıq məktəblər hibrid formada tədris həyata keçirirlər. İnternetə çıxışı olmayan müəllimlərimiz üçün tədrisi optimal həyata keçirmələri üçün məktəbdə xüsusi şərait yaradılıb. Onlar məktəbə gələrək təhsil müəssisəsinin internet resursları vasitəsilə distant dərsləri təşkil edirlər. Müəllimlərimizin hər birinə Microsoft Teams platformasından istifadə bacarıqları aşılanıb. Təhsil Nazirlyi tərəfindən hazırlanmış, xüsusi karantin rejiminin tələblərinə uyğunlaşdırılmış dərs cədvəlləri məktəblərə göndərilib. Qeyd edim ki, Təhsil Nazirliyi tərəfindən təqdim edilən xüsusi dərs cədvəli məktəb rəhbərliyinə kömək baxımından mühüm əhəmiyyət daşıyır.

 

Hər bir məktəb rəhbəri nazirliyin müvafiq tövsiyələrinə əsasən, məktəbin şagird sıxlığını, infrastrukturunu, pedaqoji kontingentini nəzərə alaraq öz cədvəlini hazırlayır. Qeyd edim ki, məktəbdə Pedaqoji Şura iclasları və digər görüşlər də pandemiya dönəmində onlayn platformada keçirilib. Pedaqoji Şura iclaslarında pandemiya dövründə onlayn tədrisin təşkili, şagirdlərin dərs prosesinə fəal surətdə cəlb edilməsi, müəllimlərin İKT bacarıqlarının təkmilləşdirilməsi və digər məsələlərin həlli istiqamətində mühüm irəliləyişlər əldə olunub. Bildiyimiz kimi fevralın 1-dən ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə, fevralın 15-dən isə ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədris bərpa olunub. Hazırda ibtidai siniflərdə dərslər həftədə 3 dəfə, V-IX siniflərdə isə həftədə 2 dəfə əyani tədris fəaliyyət göstərir. Tədris planında nəzərdə tutulan yerdə qalan saatlar distant formada şagirdlərə tədris olunur. Məktəb kollektivi olaraq şagirdlərimizi uzun fasilədən sonra yenidən parta arxasında görmək, onlarla canlı ünsiyyətdə olmaq bizə böyük sevinc hissi yaşatdıb. Hər bir müəllim üçün göz təması çox vacib bir amildir. Ona görədə əyani tədrisin açılmasına çox sevinirik.

 

Eyni zamanda şagirdlər və valideynlər də əyani tədrisin yenidən bərpa olunmasından məmnundurlar. Uşaqlar doğma məktəbləri, sinif yoldaşları, hətta əyləşdikləri partaları üçün darıxıblar. Əyani tədrisin yenidən bərpası ilə bərabər məktəbin abu-havası da çox dəyişib, sanki məktəbimiz yenidən canlanıb. Pandemiya şəraitində “Məktəblinin dostları”nın fəaliyyətinidə xüsusi qeyd etmək istərdim. Belə ki, şagirdlərin hibrid təhsil dönəmində məktəbə davamiyyətinin yoxlanılmasında, gigiyeniya qaydalarının tənzimlənməsində, ümumiyyətlə pedaqoji prosesin təşkilində “Məktəblinin dostları”nın rolu danılmazdır. Bundan başqa 202 nömrəli tam orta məktəb inklüziv təhsil üzrə pilot məktəbdir. Pandemiya dövründə onlayn inklüziv təhsilin təşkil olunmasının özünəməxsus çətinlikləri olsa da, bütün bunların öhdəsindən gəlməyə çalışmışıq.

Məktəbdə hazırda I-V siniflərdə sağlamlıq imkanları məhdud olan 21 şagird təhsil alır. 4 uşaq isə məktəbəhazırlıq qruplarına namizəddir. Sağlamlıq imkanları məhdud olan şagirdlərimizin distant təhsilə cəlb olunmasına, onların onlayn platformalardan sağlamlıqlarının imkan verdiyi həddə istifadə etmələrinin nizamlanmasına, ümumiyyətlə həmyaşıdları ilə ünsiyyətdən kənarda qalmamaları üçün bütün texniki imkanlardan istifadə edirik. İnanırıq ki, ölkəmizdə və dünyada hökm sürən pandemiya dövründə dövlətimizin dəstəyi ilə həyata keçirilən, elmi, sosial, pedaqoji, mənəvi əsasa söykənən tədbirlər sayəsində təhsilimiz bütün sınaqlardan keçəcək və tezliklə hər şey öz axarına düşəcək. Düşünürəm ki, bunu birlikdə bacaracağıq. Çünki biz, təhsil işçiləri hər zaman sağlam nəsil yetişdirilməsi işində məktəbin rolunu yaxşı dərk edərək öz işimizə ciddi və məsuliyyətlə yanaşırıq.