"BŞTİ-nin  əmrlərindən irəli gələn tələblərə rəhbərlik etdiyim  məktəbdə hər zaman ciddi  əməl olunur"- Direktor

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar”  layihəsinin növbəti qonağı Bakı şəhəri 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədlidir.

  

Tədris prosesinin təşkilindəki yeni qaydalar məktəb rəhbəri, müəllimlər və hər bir təhsil müəssisəsi üçün yeni öhdəliklər, yeni vəzifələr deməkdir. Təbii ki, üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışan təhsil ocaqları yeni nailiyyətlərə imza ata bilər.

 

 2020-2021-ci tədris ili məlum səbəblərdən kifayət qədər fərqli oldu. Bəşəriyyəti bürüyən koronovirus (Covid 19) pandemiyası hökumətlərin qərar qəbulunda çevikliyini, dövlətlərin siyasət və iqtisadiyyatını, sağlamlıq və təhsil sistemlərini, cəmiyyətin maariflənmə və kommunikasiya səviyyəsini sınağa çəkdi. Sözsüz ki, Azərbaycanda pandemiya ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Bununla belə hər bir sahədə olduğu kimi, təhsil sahəsində də tədrisin təşkili ilə bağlı müəyyən çətinliklər yarandı.

 

Hələ tədris ilinin əvvəlindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən epidemioloji vəziyyətə uyğun çevik yanaşmaların tətbiqi, yeni prosedurların hazırlanması məqsədilə sistemli tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrlərindən irəli gələn tələblərə rəhbərlik etdiyim təhsil müəssisəsində hər zaman ciddi  əməl olunur.

 

Bildiyimiz kimi fevralın 1-dən ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə yenidən ənənəvi təhsilə start verildi. Uzun fasilədən sonra şagirdləri yenidən məktəbdə görmək bütün kollektiv tərəfindən böyük sevinclə qarşılandı. Əlbəttə ki, bu sevinc qarşılıqlı idi. Şagirdlər də öz növbəsində yenidən parta arxasında əyləşmənin, öz yoldaşları ilə yenidən birlikdə və müəllimlərlə birbaşa təmasda olmağın sevincini yaşadılar.

 

Məlumdur ki, bütün dövrlərdə təhsil ocaqlarının əsas vəzifəsi cəmiyyəti maarifləndirmək  olub. Amma 2020-2021-ci tədris ilində bu vəzifənin yükü daha da artıb. Çünki bu müddət ərzində şagirdlərlə mütəmadi olaraq sanitariya və gigiyena qaydaları barədə söhbətlər aparmaqla yanaşı, məktəbin dəhlizlərində, sinif otaqlarında, sanitar qovşaqlarında maarifləndirici posterlər yerləşdirilib. Məktəbin foyesində xüsusi karantin rejimi dövründə bilməli  və əməl etməli olduğumuz məlumat və qaydaların əks olunduğu guşə yaradılıb. Hər bir sinif otağının qapısı üzərində həmin sinfin cədvəli asılıb.

 

 Şagirdlərin əyani dərslərə cəlb olunmasının könüllülük prinsipinə əsaslandığını nəzərə alaraq, valideynlərdən iltizam sənədlərinin toplanması üçün məktəb üzrə məsul şəxs təyin olunub, həm məsul şəxs, həm də sinif rəhbərləri tərəfindən valideynlərlə maarifləndirici iş aparılıb, distant və əyani təhsil forması ilə bağlı lazımi məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, sonda seçim valideynlərin öz öhdəsinə buraxılıb.

 

Tədris ilinin fərqliliklərindən biri də əyani və distant təhsilin bir arada təşkil olunmasıdır. Ötən tədris ilindən etibarən distant təhsillə bağlı xeyli təcrübəmiz var. Məncə, distant təhsilin ən önəmli üstünlüklərindən biri həm şagirdlərdə, həm də müəllimlərdə məsuliyyət hissinin artması, araşdırma və yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, informasiya texnologiyalarından istifadə bacarığının təkmilləşdirilməsi və ən əsası qazanılan təcrübənin bölüşdürülməsidir.

 

 2020-2021-ci tədris ilində ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, məktəbimizin bütün şagirdlərinin təhsil hüququnun təmin edilməsi məqsədilə məktəb üzrə bir neçə müəllim “Virtual məktəb” platforması ilə  bağlı təşkilati  işlərə cəlb edilib, az müddət ərzində demək olar ki, bütün müəllim və şagirdlərin “Virtual məktəb”də qeydiyyatdan keçməsi təmin olunub. Yaranan problemlər təyin olunmuş məsul şəxslərin köməyi ilə operativ şəkildə  həllini tapıb. Distant dərslər mütəmadi olaraq, məktəb rəhbərliyi tərəfindən izlənilib.

 

Mövcud vəziyyətlə əlaqədar olaraq kütləvi toplantılar mümkün olmadığından müzakirələr onlayn şəkildə və daha çox kiçik qruplarda aparılır. Artıq bir neçə ildir ki, məktəbimizdə Metodiki Şura fəaliyyət göstərir. Qeyd edim ki, Metodiki Şuraya təkcə metodbirləşmə rəhbərləri deyil, məktəbdə reallaşdırılan müxtəlif layihələrə (“Rəqəmsal bacarıqlar”, “Peşə təmayüllü sinif” və s.) rəhbərlik edən müəllimlər də üzv seçilir. Bu tədris ilində metodşuranın fəaliyyəti daha çox köməyimizə yetir, pandemiya dövründə məktəbdə həyata keçiriləcək tədbirlər müzakirə edilir, vəzifə bölgüsü aparılır, müvafiq tapşırıqlar verilir. Beləliklə, qərar və göstərişlər, məlumatlar daha çevik şəkildə bütün kollektivin nəzərinə çatdırılır.

 

Əlamətdar günlərdə kütləvi tədbirlər keçirilməsə də, dərs prosesində şagirdlər məlumatlandırılır, onlayn tədbirlər təşkil edilir. “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən məktəbimizdə bir çox tədbirlər həyata keçirilir, şagirdlərimiz  44 günlük şanlı zəfər tariximizə həsr olunmuş müxtəlif videoçarxlar hazırlayır, müəllimlərimiz mütəmadi olaraq, “Microsoft Teams“ platforması üzərindən nümunəvi dərslər təşkil edirlər. Şagirdlərimizin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə  onlayn şəkildə təşkil olunan müxtəlif müsabiqələr barədə onlara məlumatlar verilir və bu müsabiqələrə cəlb edilirlər. Sevindirici haldır ki, həm Azərbaycan Respublikası Təhsil Nazirliyinin, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi müxtəlif onlayn yarışmaların qalibi olmuşuq. Məktəbimizin VI-IX sinif şagirdlərindən ibarət “İstiqlal-234” komandası Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyununun I onlayn respublika çempionatının qalibi olub. Bundan əlavə peşə təmayüllü siniflərin şagirdləri arasında keçirilən “Qəhrəmanını tanı” adlı intellektual yarışın qalibi də məktəbimizin “Qarabağ” komandası olub.

           

Deyə bilərik ki, pandemiya bizim qarşıya qoyduğumuz məqsədlərimizin həyata keçirilməsinə mane ola bilmədi. Əksinə, bu vəziyyət bizə yeniliklərə tez bir zamanda alışmaq, istənilən şəraitə uyğunlaşmaq, verilən qərarları vaxtında icra  etmək və çevik qərarlar verə bilmək vərdişləri qazandırdı. Məktəb kollektivi olaraq hər zaman şagirdlərimizə onların yanında olduğumuzu hiss etdirir, mövcud vəziyyətlə əlaqədar müvəqqəti yaranmış məsafədən fəaliyyətin bizim öyrətmə və öyrənmə həvəsimizə, işimizə və şagirdlərimizə olan sevgimizə heç bir əngəl yarada bilmədiyini əməllərimizlə sübut etdik. Koronavirus pandemiyası təkcə təhsil sahəsi üçün deyil, bütün sahələr üçün bir sınaqdır. Düşünürəm ki, bu sınaqdan üzüağ çıxmaq üçün işimizə daha məsuliyyətlə yanaşmalı, özümüzü və ətrafımızı, xüsusilə də şagirdlərimizi qorumalı, karantin rejimi dövründə əməl etməli olduğumuz qaydalar və qoyulan məhdudiyyətlərə ilk öncə özümüz riayət  etməli, şəxsi nümunə olmağı və yeni uğurlara doğru inamla addımlamağı  bacarmalıyıq. Bu istiqamətdə qazandığımız təcrübə nikbin olmağa və bu nikbinliyi, bu inamı şagirdlərimizə ötürməyə əsas verir.