Mövcud vəziyyətdə məktəbin əsas devizi-“Minimum təmas, güclü immunitet”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar”  layihəsi çərçivəsində ilk yazını təqdim edirik.

Layihə çərçivəsində ilk yazı Bakı şəhəri 53 nömrəli  tam orta məktəbin direktoru Tünzalə Zeynalovaya məxsusdur.

  

Yeni növ koronavirus xəstəliyinin (COVID-19) dünya ölkələri qarşısında qoyduğu əsas çağırışlar və insanların gündəlik həyatına gətirdiyi məhdudiyyətlər son dövrlər ən çox müzakirə edilən mövzulardandır. Ölkəmiz koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün ilk günlərdən çevik və zəruri qabaqlayıcı addımlar ataraq pandemiyaya qarşı təxirəsalınmaz tədbirləri operativ şəkildə həyata keçirir.

 

Dünyanı cənginə alan koronavirus xəstəliyi bütün sahələrdə olduğu kimi, təhsildən də yan keçməyib. Lakin Azərbaycan qısa müddətdə vəziyyətdən çıxış yolu tapmaqda dünya ölkələri arasında ilklərdən olub. Belə ki, təhsil müəssisələrinin bağlanmasından bir həftə sonra təhsilin əlçatan olması üçün teledərslər fəaliyyətə başlayıb. 2020-ci ilin aprel ayından isə “Virtual məktəb” layihəsi təhsilverənlərin və təhsilalanların ixtiyarında verilib.

 

Məlum olduğu kimi, fevralın 1-dən ümumi təhsil müəssisələrində Bakı şəhəri üzrə ibtidai siniflər  həftədə 3 dəfə,  məktəbəhazırlıq qrupları həftədə 2 dəfə olmaqla  əyani  təhsilə cəlb edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrlərinə əsasən, Bakı şəhəri 53 nömrəli  tam orta məktəbin rəhbərliyi tərəfindən “Xüsusi karantin rejimi dövründə təlim – tərbiyə prosesinin təşkil edilməsi”nə dair  Fəaliyyət Planına   uyğun olaraq I yarımildə görülmüş işlər daha da təkmilləşdirilərək operativ şəkildə təhsil müəssisəsi hazırlıqlı vəziyyətə gətirilib. Belə ki, məktəb meydançasının yerində, sinif otaqları və digər kabinetlərin döşəməsində 1.5 metr sosial məsafənin qorunması məqsədilə zolaqlar çəkilib, qısa zamanda məktəbə daxil olan hər kəsin qaydalara əməl edilməsinə nail olunub.

 

Hazırda məktəbin sanitar qovşaqlarında şagirdlərin təhlükəsizliyi üçün bütün gigeyik qaydalara riayət edilir, pedaqoji və texniki heyətin üz sipərlərindən istifadəsi təmin olunur.  Şagird sayı çox olan siniflər qruplara bölünərək dərslər növbəli cədvəl əsasında tədris olunur. Dərslərarası fasilədə ibtidai sinif müəllimləri pandemiya qaydalarına əməl etməklə şagirdlərin növbəli şəkildə açıq havada olmasını təmin edirlər. Qruplararası fasilədə sinif otaqlarının havalandırılması və dizenfeksiya işləri yerinə yetirilir. Şagirdlərin qəbulu və valideynlərinə təhvil verməsi zamanı məsafənin qorunması, kütləvi toplaşmanın qarşısının alınması üçün məktəbin A, B, C, Ç, D qapıları müəyyənləşdirilərək məktəblilərin giriş-çıxış saatları arasına növbəlik tətbiq edilir.

 

V-XI siniflərdə isə "Microsoft Teams" platforması üzərindən cədvəl üzrə dərslərin tədrisi məsafədən həyata keçirilir və onların fəaliyyəti mütəmadi şəkildə məktəb rəhbərliyi tərəfindən izlənilir.

 

Valideynlərə xüsusi karantin rejimi dövründə şagirdlərin gigiyena və məktəbin daxili nizam-intizam qaydaları, bol sudan istifadə haqqında  yazılı şəkildə təlimatlandırıcı və xəbərdaredici materiallar göndərilib. I yarımil ərzində dərslərin məsafədən tədris olunmasına baxmayaraq,  məktəbin Fəaliyyət Planına uyğun olaraq nəzərdə tutulmuş bir çox  tədbirlər, o cümlədən Vətən müharibəsində Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşən xalqın  qəhrəmanlığı və qələbəsinə həsr edilən  onlayn görüşlər keçirilib.  Dərslərdə və  tədbirlərdə  iştirak edən  Vətən müharibəsinin qaziləri, hərbi qulluqçuları öz qürurverici təəssüratlarını şagirdlərlə bölüşüblər. Belə  görüşlər şagirdlərin  vətənpərvərlik ruhunun inkişafında xüsusi əhəmiyyət daşıyır.

Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin  aşkar edilməsi məqsədilə məktəbdə “Əsgərə məktub” layihəsinə start verilməsi onların marağına səbəb olub. Gözləniləndən artıq yazılan məktublarda şagirdlərin kövrək qəlblərindəki Vətən məhəbbəti, Ali Baş Komandana olan inam, əsgərə rəğbət, cəsarət, döyüş əzmi əks olunub.  Məktublardan əlavə, şagirdlərin çəkdiyi rəsm nümunələrində düşmənə qəzəb, qisas hissi kimi təsvirlər də  yer alıb.

Ötən ay ərzində Uşaq Birliyi Təşkilatı Rəhbərinin təşkilatçılığı ilə “Sülhü necə təsvir edirsiniz?“ mövzusunda müxtəlif yaş qruplarından olan şagirdlər müsabiqəyə qoşularaq   bir-birindən maraqlı rəsm nümunələri, esselər təqdim ediblər. Şagirdlər öz yaradıcılıq işlərində “Müharibəsiz dünya”, “Zorakılığa yox deyək”, “Ordumuzun torpaqlarımızı düşməndən azad etməsi”  və s. kimi nümunələr təsvir ediblər. 

 

Mövcud  şəraitə uyğun olaraq “Minimum təmas, güclü immunitet” devizi altında məktəbin tədbirlər planının tədbiqinə başlayan 53 nömrəli tam orta məktəb II yarımil ərzində öz fəaliyyətini bu istiqamətdə daha da genişləndirməyi planlaşdırır. Tədbirlər Planına uyğun olaraq noyabr ayında şagirdlərin internet resurslarından səmərəli istifadəsini təmin etmək məqsədilə “İnternetin mənim həyatımda rolu” adlı monitorinqə əsasən  şagirdlərin maraqları müəyyənləşdirilib, nəticələr təhlil olunub və şagirdlər internete maraq sahələri üzrə qruplara (internet resurslarından asılı olanlar, risk qrupuna daxil olanlar, düzgün faydalananlar və s.) ayrılıb. Müəllimlərin “Proqramlaşdırmaya həvəsləndirmək”, “Biliklərə əsasən kompüter qrafikləri yaratmaq”, “Elektron mətnlə  canlı kitab arasında müqayisəli təhlil”  və digər istiqamətlərdə iş aparması Tədbirlər Planının əsas bəndlərindən olub.  Əldə olunan nəticələr əsasında bu layihənin davam etdirilməsi planlaşdırılır. 

 

Mövcud şəraitdə tədrisin təşkili işinin səmərəliliyinin artırılması üçün əyani dərs saatlarından maksimum dərəcə məqsədyönlü istifadə və təmasın minimuma  endirilməsi məqsədilə yazılı ev tapşırıqlarının qəbulunu, yoxlanılmasını, eyni zamanda vərəqlərin virus daşıyıcısı olma ehtimalını nəzərə alaraq,  qiymətləndirmələrin   “Microsoft Teams” platforması üzərindən həyata keçirilməsinin davam etdirilməsini  təklif edirik.