"Məktəbimiz Təhsil Nazirliyi və BŞTİ-nin  göstərişləri ilə sağlam gələcəyə doğru inamla addımlayır" – Direktor

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsinin növbəti qonağı Bakı şəhəri 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürovadır.

 

Təhsil sisteminin dünyada baş verən hər hansı bir qlobal təhlükə səbəbindən normal axarından çıxması inkişaf etmiş cəmiyyətlərdə davamlı ola bilməz. Belə ki, COVID-19-la əlaqədar təhsil müəssisələrinin bağlanması xeyli çəksə də, ölkəmizdə qabaqlayıcı tədbirlər də vaxtında görüldü.

 

Hamı üçün təhsilin əlçatanlığı təmin olundu, Təhsil Nazirliyi tərəfindən çevik qərarlar qəbul edildi. Məktəblərin bağlanmasından 1 həftə sonra teledərslərə başlanıldı. Fasiləsiz dərsləri təmin etmək üçün teledərslərdən istifadə etməklə şagirdləri bu prosesə cəlb etmək mümkün oldu.

 

Düşünürəm ki, ilkin məqamda distant təhsil uğurlu alındı, şagirdlər təhsildən kənarda qalmadılar. Daha sonra “Virtual məktəb” layihəsi təhsilverənlərin və təhsilalanların istifadəsinə verildi. Tədricən bu proses daha da təkmilləşdirilərək “Microsoft Teams” platforması üzərindən davam etdirildi. Rəhbərlik etdiyim təhsil müəssisəsinin kollektivi koronavirus pandemiyasının yaratdığı çətinlikləri təmkinlə qarşılamağı bacardı. Pandemiya zamanı bütün məktəb kollektivi olaraq edə biləcəyimiz ən önəmli iş, təhsil müəssisəsinin mövcud vəziyyətini öyrənmək oldu. Bunun üçün “Strategiya alət qutu”sunu yaratdıq, buraya koronavirus infeksiyası ilə bağlı müvafiq situasiyaları daxil etdik. Burada peşəkar öyrənməyə və yeni şəraitə adaptasiya olmaq, araşdırma ilə məşğul olmaq və idarəetmə işini planlaşdırmaq, Nərimanov rayonu üzrə məktəb direktorları ilə onlayn formada müntəzəm fikir mübadiləsi etmək, panika və stressi azaldan vasitələri araşdırmaq, onlayn şəbəkələrdən istifadə etmək bacarıqları kimi məsələlər əksini tapmışdı.

 

İlk olaraq, problemi həll etmək, birgə fəaliyyət göstərmək üçün məktəb kollektivini ruhlandırmaq qarşıya qoyulan əsas məqsədlərdən idi. Mövcud vəziyyətlə əlaqədar əyani tədris fəaliyyətini dayandırdıqdan sonra dərslər distant formada təşkil edilməyə başladı. Bir çox müəllimlərin distant təhsillə bağlı az təcrübəsi olsa da, bunun öhdəsindən asanlıqla gələ bildilər. Bunun üçün müəllimlərimiz Təhsil Nazirliyi tərəfindən təşkil olunan təlimlərə cəlb olundular.

 

Qeyd edim ki, koronavirus pandemiyası bizi qorxutmadı, əksinə daha çox çalışmaq,  məsuliyyətli, yeniliklərə hər zaman hazır olmaq kimi vərdişləri aşıladı. Məhz müəllimlərin əzmkarlığı və şagirdlərin çalışqanlığı nəticəsində məktəbimiz bir sıra uğurlara imza atdı. Belə ki, iyun ayında məktəbimizin VIII sinif şagirdi “Virtual əlaçı” layihəsinin qalib oldu və Təhsil naziri ilə videogörüşdə iştirak etdi. STEAM layihəsi çərçivəsində respublikanın orta ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında “İlk Məktəb Hakatonu (First School Hackaton) 2021” mövzusunda onlayn müsabiqə keçirildi. Məktəbimizin şagirdi işlədiyi “STEAM Azərbaycan məktəbi” layihəsini final mərhələdə müvəffəqiyyətlə təqdim edərək müsabiqədə III yeri tutdu. Bundan əlavə, rəhbərlik etdiyim məktəb Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində “İKT-İRS” layihəsi ilə qalib oldu.

 

Layihənin icrasına 2019-cu ildə başlansa da, layihənin bağlanması 2020-ci il mart ayının 13-də nəzərdə tutulmuşdu. Mövcud şəraitə uyğun olaraq iyun ayının 30-da “İKT-İRS” layihəsinin bağlanış mərasimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun müdiri Fuad Babayev, Nərimanov rayon məktəb direktorları, məktəbimizin kollektivi III sinif şagirdləri və valideynlərin iştirakı ilə onlayn formada keçirildi. Tədbirdə şagirdlər pandemiyadan əvvəl bağlanış mərasimi üçün “Turac və Sehirli daraq” nağılı əsasında hazırladıqları səhnəciyi onlayn qaydada qonaqlara nümayiş etdirdilər. Eyni zamanda virusun yayılmasının qarşısının alınması üçün şagird və müəllimlərimiz “Evdə qal-sağlam qal”, “Biz birlikdə güclüyük” kimi videoçarxlar cəmiyyətə öz çağırışlarını etdilər. Hər kəsin koronavirus təhlükəsi haqqında məlumatlandırılması üçün məktəbimizin psixoloqu Təhsil Nazirliyinin təşkil etdiyi “Qaynar xətt” layihəsinə qoşuldu. Müxtəlif yaş dövründən olan insanları, böyükləri, yaşlıları, valideynləri dinləyib lazımi tövsiyələrini verdi. Eyni zamanda Təhsil Nazirliyinin və Psixologiya Elmi Tədqiqat İnstitunun birgə layihəsi olan “Virtual məktəb” layihəsində, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sosial-maarifləndirmə layihəsində iştirak etdi. Bütün bunların nəticəsində məktəbimizin şagird və valideynləri mütəmadi psixoloji dəstək ala bildilər.

 

Pandemiya dövründə bütün soydaşlarımız kimi, rəhbərlik etdiyim təhsil müəssisəsinin kollektivi üçün də ən yüksək əhval-ruhiyyə yaradan amil Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun qələbəsi oldu. Müharibənin ilk anlarında torpağı, doğulduğu yurd düşmən tapdağından azad olunacaq bir ziyalı və Milli Qəhrəman Şahlar Şükürovun bacısı kimi KİV-də çıxış edərək Ali Baş Komandanımıza minnətdarlığımı və bu müharibənin mütləq qələbə ilə başa çatacağına əminliyimi ifadə etmişdim. Eyni zamanda, şagird və müəllimlərimiz 44 günlük Vətən müharibəsi dövründə mütəmadi olaraq qələbəyə aid videoçarxlar hazırlayıb sosial şəbəkələrdə paylaşır, Ali Baş Komandana və Ordumuza dəstək olurdular. Həmçinin şagirdlərimiz “Əsgərə məktub” layihəsində iştirak edərək öz ürək sözlərini Azərbaycan əsgərlərinə göndərir, onlar üçün sovqat hazırlayaraq cəbhə bölgəsinə yollayırdılar.

 

Mövcud karantin qaydalarına uyğun olaraq noyabr ayından təhsilin distant formaya keçməsindən sonra Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Faəliyyət Planına uyğun olaraq bütün siniflərdə tədbirlərin icrası yerinə yetirildi. Belə ki, “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti” mövzusunda bütün siniflərdə distant seminar və dərslər təşkil edildi və şagirdlər tərəfindən videoçarxlar hazırlandı. "Vətən müharibəsi-Qarabağ zəfəri" adlı elmi-praktiki konfrans-müsabiqədə məktəbimizin VIII sinif şagirdi də qaliblər sırasında yer aldı.

 

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması məqsədi ilə keçirilmiş onlayn inşa və rəsm müsabiqələrinin qalibləri arasında məktəbimizin şagirdləri müxtəlif yerlərə layiq görülmüşdülər. Yuxarıda qeyd etdiyim kimi yeni şəraitin yaranması bizə mane ola bilmədi, tam əksinə biz daha da həvəsləndik və üzərimizdə daha çox çalışaraq uğurlarımızı artırdıq. “COVID-19” böhranı səbəbindən təhsil müəssisələri müəyyən müddət fəaliyyətini dayandırsa da, fevralın 1-dən ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə, fevralın 15-dən isə ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədrisə qayıtmaq həm bizi, həm də şagirdləri çox sevindirdi.

 

Lakin təhsilin davamlı olması üçün bizimdə üzərimizə böyük məsuliyyət düşür. Xüsusilə də şagirdlərin və məktəb işçilərinin sağlamlığının qorunması vacib amillərdəndir. Məktəb rəhbəri olaraq bütün lazımi tədbirlərin təşkil olunmasına şəxsən özüm nəzarət edirəm. Hər gün şagirdlərin sosial məsafə qorumaqla məktəbə daxil olması, spirtlə əllərinin silinməsi, istiliyi ölçən cihazla temperaturlarının yoxlanılması həyata keçirilir. Bu işdə “Məktəblinin dostları” da bizə yaxından köməklik göstərirlər.

Məktəbin koridoru, otaqlar və sanitar qovşaqlar dizenfeksiya edilir, sabun və təmiz su ilə təmin olunur. Sağlamlıq risklərini və qoruyucu amilləri davamlı olaraq qiymətləndirmək üçün yeni soft proqramlar hazırlanıb. Xəstəlik hallarını və gedişatını izləmək və psixo-sosial dəstəyə ehtiyacını qiymətləndirmək üçün müəllim və şagirdlərin məktəbdə növbə ilə daxil olmasını daha məqsədəuyğun hesab olunub.

Məktəbimiz Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarlarını, Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qərar və göstərişlərini rəhbər tutaraq sağlam gələcəyə doğru inamla addımlayır. Hesab edirəm ki, birgə görülən işlər sonda öz müsbət nəticəsini verəcək və tezliklə ölkəmiz bu bəladan xilas olacaq.