20.05.2015

44 №li məktəbdə "Qanlı Yanvar" filminə baxış keçirilib

 

Mayın 15-i Azərbaycanın Milli Qəhrəmanı Yusif  Mirzəyevin adını daşıyan 44 nömrəli tam orta məktəbdə Vahid Mustafayevin rejissoru olduğu "Qanlı Yanvar" filminə baxış keçirilib.
Məktəbin yuxarı sinif şagirdləri filmə baxıblar. "Qanlı Yanvar"ın təqdimatında filmin baş prodüsseri Mir Şahin Ağayev, filmdə iştirak etmiş aktyor heyəti, Milli Qəhrəman Mübariz İbrahimov adına "Gənc nəqliyyatçılar" klubunun sədri Fuad Rəsulov, mətbuat katibi Rəşad  Kəsəmənli, “Hərb” tarix muzeyinin rəis müavini, polkovnik  T.S.Səmədzadə, “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” ictimai birliyinin sədri, polkovnik Ə.T.Qənizadə də iştirak ediblər.
Filmə baxılandan sonra Mir Şahin Ağayev çıxış edərək şagirdlərin suallarına cavab verib. 
Tədbirdə Rəşad Kəsəmənli filmdə iştirak edən aktyorların da öz vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini vurğulayıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Samirə Əkbərova "Qanlı Yanvar" filmindən danışarkən filmdən çox təsirləndiyini bildirib.

Daha sonra o, filmin rejissoru Vahid Mustafayevi və baş prodüsseri Mir Şahin Ağayevi məktəbin fəxri üzvləri elan edib. Sonda Mir Şahin Ağayevə, filmdə çəkilmiş aktyor heyətinə fəxri fərmanlar təqdim edilib.