19.02.2024

Şagirdlərdən xeyirxahlıq mesajı

Paytaxtın internat məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin təqdimatında “Yer üzünün günəşidir xeyirxahlıq” adlı tədbir keçirilib.

Tədbir F.Köçərli adına Respublika Uşaq Kitabxanası, "Liatris Holding" və Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə baş tutub.

17 fevral- Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Gününə həsr olunmuş tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında təmənnasız sevgi, humanistlik duyğularının, xeyirxahlığın önəmini təbliğ etmək, onlara birlik, bərabərlik kimi dəyərləri aşılamaqdan ibarətdir.

Tədbir Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qonaqlar əvvəlcə Beynəlxalq Muğam Mərkəzinin foyesində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin sağlamlıq imkanları məhdud olan dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Gününün əhəmiyyətindən, uşaqların xeyirxahlıq ideyalarını mənimsəməsinin önəmindən danışıb. M.Vəliyeva yüksək insani keyfiyyətlərdən sayılan xeyirxahlığı gələcək nəsillərə çatdırmaq, cəmiyyətdə uşaqların humanist ruhda böyüməsinə dəstək verməyin önəmindən söz açıb.

Çıxış edən millət vəkilləri Ceyhun Məmmədov və Jalə Əhmədova, "Liatris Holding"in rəhbəri Ruhiyyə Əliyeva, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, şair Baba Vəziroğlu humanizm, xeyirxahlıq ənənələrinin yaşadılması, Azərbaycanın zəngin mədəni dəyərlərinin gələcək nəsillərə ötürülməsində məktəb və müəllimin rolundan danışıblar.

Tədbirdə C.Hacıyev adına 3 nömrəli onbirillik müsiqi məktəbi, 2 və 5 nömrəli xüsusi internat məktəbləri, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri rəngarəng çıxışlardan ibarət maraqlı konsert proqramı təqdim ediblər. Konsert proqramında məktəblilər Vətənə, torpağa həsr olunan mahnılar səsləndirib, rəqs qruplarının ifasında maraqlı kompozisiyalar nümayiş etdirilib.

Sonda şagirdlərə kitablar hədiyyə olunub.

/ 10