23.10.2013

Möhtəşəm sərgi

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə aprelin 30 - da keçirilən “Təhsil, texnologiya və tərəqqi” adlı sərgi paytaxtın təhsil sisteminin uğurlarını nümayiş etdirmək üçün geniş imkan yaratdı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən sərgi BŞTİ - nin sayca 3 - cü sərgisi olmaqla 47 bölmədə fəaliyyət göstərib. Gün ərzində çoxsaylı ziyarətçilərin böyük maraqla izlədiyi sərgidə BŞTİ - nin tabeliyindəki ümumi və məktəbdənkənar təhsil müəssisələri son 6 ildə əldə etdiyi uğurları təqdim etdilər. Bununla bərabər  bu sərgi təhsilimizin beynəlxalq standartlara uyğunlaşdırılması, müasir təlim metodlarından istifadə, son texnologiyaların tətbiqi ilə təhsilin keyfiyyətinin yüksəldilməsi yolunda həyata keçirilən tədbirləri nümayiş etdirmək üçün gözəl imkan oldu. Gün ərzində davam edən sərginin rəsmi açılış mərasimində Milli Məclis, Təhsil Nazirliyi, rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər. Mətbuatın böyük marağı ilə qarşılanan tədbirdə Bakı məktəbləri  ziyarətçiləri son təhsil yenilikləri ilə tanış etməklə yanaşı,  təhsilin məzmunca yenilənməsi istiqamətində görülən işlərin təqdimatını apardılar.

 

Sərginin rəsmi açılış mərasimi dövlət himninin oxunması ilə başladı. BŞTİ - nin müdiri Nailə Rzaquliyeva çıxışında rəhbərlik etdiyi idarənin sayca üçüncü olan sərgisinin təşkilindəki məqsəd və məramı açıqladı. İdarə müdiri sərginin ulu öndər, təhsilimizin böyük hamisi Heydər  Əliyevin 90 illik ildönümünə həsr edildiyini bildirərək dahi şəxsiyyətin təşəbbüsü və qayğısı ilə təhsil sahəsində əldə edilən uğurlardan söz açdı: “Təhsil  millətin  gələcəyi, müstəqil dövlətin təməlidir. Müstəqil  dövlətimizin təməl daşını qoyan  ulu öndərimiz Heydər Əliyev Azərbaycan təhsilinin  inkişafına əbədi  töhfəsini verib. Təbii ki, ulu öndər Heydər Əliyev barədə söz açan istənilən sahənin mütəxəssisi  onu özünün çalışdığı sahənin himayədarı kimi qiymətləndirir,  daha çox bu sahəyə qayğı göstərdiyini vurğulayırlar. Ancaq bizə elə gəlir ki, ulu öndərin ən çox qayğı göstərdiyi, daim diqqət mərkəzində saxladığı  birinci sahə bilavasitə ölkənin təhsil sistemi olub. “Mən müəllim adından şərəfli bir ad tanımıram” deyən ulu öndərimizin Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi tədbirlər haqqında biz müəllimlərin hər biri  az qala hər gün söz açırıq. O böyük ömrün bütün mərhələlərinə nəzər yetirdikdə ulu öndərimizin təhsil sisteminə verdiyi önəmin daha bir nümunəsi ilə tanış oluruq”.


BŞTİ  - nin müdiri rəhbərlik etdiyi qurumun  Təhsil  İşçiləri  Azad  Həmkarlar  İttifaqı   Respublika   Komitəsi  ilə  birlikdə   ulu  öndərin  həyat  və  fəaliyyətinə  həsr  edilmiş  bir  çox tədbirlər keçirdiyini bildirdi. Nailə xanım budəfəki  sərgini də qeyd olunan istiqamətdə   görülmüş   işlərin   davamı adlandırdı: “Hörmətli prezidentimiz İlham  Əliyevin “Təhsil  bilik, elm,  tərəqqi  deməkdir”   fikri  əsas  götürülməklə  müstəqil Azərbaycanın  təhsil   sistemində   həyata  keçirilən  irimiqyaslı   islahatlar  prosesi artıq dönməz xarakter almışdır. Son  illər  milli  təhsil  sisteminin  aydın  sabahını təmin  edəcək  inkişaf  proqramları  təsdiq  olunaraq   reallaşdırılmağa  başlanılıb, təhsilimizin  inkişafına  yönəlmiş əsaslı  tədbirlər görülüb, dünya təhsil sisteminə  inteqrasiyası  yolunda  böyük  nailiyyətlər əldə  edilib. Heydər  Əliyev Fondunun  prezidenti, YUNESKO və İSESKO - nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın   rəhbərliyi  ilə  milli təhsilimizə  göstərilən  diqqət və qayğı  nəticəsində    Azərbaycan   özünün   dünyanın qabaqcıl   təhsil  tendensiyalarını dəstəkləyən və inkişaf etdirən ölkə imicini  daha da  möhkəmləndirib”.


Bakı  təhsilinin də milli  təhsilimizin  tərkib  hissəsi  olaraq sürətlə inkişaf   etdiyini, yeni - yeni   uğurlara   imza  atdığını bildirən N. Rzaquliyeva BŞTİ – nin   yarandığı  dövrdən keçən  6  il  ərzində görülən işləri sadaladı. Bildirdi ki, yeni  elmi texnologiyaların  və  innovasiyaların  pedaqoji  prosesə  tətbiqi  işi təkmilləşdirilib,  müəllimlərin  yaradıcı  fəaliyyəti  istiqamətləndirilib. Ali  məktəblərə  tələbə  qəbulunda  Bakı  məktəblərinin  xüsusi  çəkisi  artaraq 2012 - ci ildə  qəbul  faizi  2006 - cı ilə  nisbətən  17 %  çox   olub. Fənn  olimpiadalarında   respublika  turu  üzrə  qalib gələn  şagirdlərimizin  sayı  2006 - cı  illə  müqayisədə   48   nəfərdən  106  nəfərə  yüksəlib. Prezidentin  sərəncamları  ilə   son  5   ildə  BŞTİ - nin  tabeliyində   olan  məktəblərdən   108 - i  “Ən  yaxşı ümumtəhsil  müəssisəsi”,  233 müəllim  isə “Ən  yaxşı müəllim”  adına   layiq  görülüb. BŞTİ - nin   fəaliyyətini  əks  etdirən “Təhsil,   zaman   və  biz”, “İKT - nin  tətbiqi - bilik, təcrübə  və texnologiya” adlı  təhsil  sərgiləri keçirilib. İlk  dəfə  olaraq  “Buta  Palace”da  təşkil olunan   “Məzun - 2011”   tədbirində   təhsillərində  uğurlu  nəticələri  ilə   fərqlənən  məzunlarımız   qızıl  və gümüş  medallarla  təltif  olunublar.   Həmçinin  Heydər   Əliyev  adına İdman Konsert Kompleksində   kütləviliyinə  görə,  daha çox  məzunun   iştirak  etdiyi  “Məzun - 2012”  tədbiri   keçirilib.


“Bütün bunlar  Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinin fəaliyyəti  dövründə  əlamətdar  hadisələrin yalnız  bir qismidi.  Bu gün    növbəti  tədbirimizi  təşkil  etməkdə   əsas  məqsədimiz təhsilin inkişafındakı müsbət dinamikanı ictimaiyyətə  çatdırmaq,  baş verən tərəqqini nümayiş etdirmək, Vətənə  məhəbbət  hissini  aşılamaq, məktəblilərin  Azərbaycan tarixinə, milli - mədəni  irsinə, mənəvi  dəyərlərə  hörmət  ruhunda tərbiyə etmək,   onlarda  təhsilə  olan marağı gücləndirmək,  təhsil  müəssisələri arasında  sağlam  rəqabətin formalaşdırılması və  qabaqcıl  təcrübə mübadiləsini  genişləndirməkdir. İnanırıq  ki,  hər bir sərgi   iştirakçısında Bakı  təhsil  mühitinin gündən - günə  yeniləşən  məzmunu  və   mahiyyəti  haqda   obyektiv  fikir  formalaşacaqdır”.


Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov  təhsil naziri Mikayıl Cabbarovun səmimi salamlarını iştirakçılara çatdıraraq sərginin işində onlara uğurlar arzuladı. Ölkəmizdə və vətənimizin hüdudlarından kənarda Azərbaycan xalqının dahi lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə yüksək səviyyədə tədbirlərin keçirildiyini qeyd edən İ.Pirməmmədov təhsil müəssisələrinin də ulu öndərin xatirəsini müxtəlif təbdirlərlə yad etdiyini bildirdi.  Ulu öndərin təhsilin inkişafı, dünya standartlarına uyğunlaşdırılması istiqamətində sərəncamlarını xatırladan nazirlik rəsmisi bunun dövlət təhsil siyasətinin əsasını təşkil etdiyini vurğuladı.   BŞTİ - nin fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi sərgilərin böyük maraqla qarşılandığını deyən Aparat rəhbəri quruma bundan sonrakı fəaliyyətində uğurlar arzuladı.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı video - çarxın nümayişindən sonra qonaqlar sərginin müxtəlif bölmələri ilə tanış oldular. Hər bir bölmədə ziyarətçilərə təqdim edilən materiallar barədə geniş məlumat verildi, yeni layihələrin təqdimatı keçirildi, həmçinin təhsil sahəsində əməkdaşlıq, müasir texnologiyalardan istifadənin təhsil sistemində yeni - yeni uğurlara yol açdığı qeyd olundu.
Məktəb əxlaq və mənəviyyatın ünvanı 67 saylı məktəbin təqdim etdiyi “Tərbiyə - yüksək əxlaq, yüksək mənəviyyat” bölməsində məktəbin şagird və müəllimləri ziyarətçilərə bir sıra maraqlı materiallar təqdim etdilər. Məktəbin şagird özünüidarəetmə orqanının rəhbəri Ayşən Həsənzadə rəhbərlik etdiyi qurumun məktəbdə təlim - tərbiyə işindəki fəaliyyətindən söz açdı. Məktəbin şagirdləri ziyarətçiləri kiçik konsert proqramı ilə qarşılayaraq təhsilin keyfiyyətinin artırılmasında mənəvi aləmin, geniş dünyagörüşünün, estetik zövqün formalaşdırılmasının rolunu vurğuladılar.  Canlı musiqi sərgiyə xoş ovqat qatmaqla bərabər, istedadlı şagirdlərin bacarığının nümayişində uğurlu vasitə oldu.


Nağıllardan rəqəmlərə aparan yol


“Nağıllar -  rəqəmlərin sirri” bölməsində qonaqları balaca nağıl qəhrəmanları qarşıladı. Bölmədə  261 saylı məktəb - liseyin şagirdlərinin iştirakı ilə  “Göydən 3 alma düşdü” nağılı səhnələşdirildi.  Azərbaycan nağıllarının əvəzsiz qəhrəmanı olan Cırtdan və dünya ədəbiyyatından balacalara yaxşı tanış olan “Qırmızı papaq” müasir aləmin sirlərinin açılmasında elmin əhəmiyyətini vurğulayan çıxışlarla ziyarətçilərin görüşünə gəldilər. Bölmədə həmçinin III siniflərdə riyaziyyat dərsinin təqdimatı da aparılaraq balacalara elmin şahı olan riyaziyyatı sevdirməyin yolları öyrədildi.
Tolerantlığın ünvanı -  Azərbaycan 238 saylı məktəbin şagird və müəllimlərinin təqdimatında İKT və məktəbdaxili qiymətləndirmə də maraqla qarşılandı.  Bütün dünyada tolerantlıq nümunəsi kimi yüksək qiymətləndirilən, bu mövzuda bir sıra beynəlxalq konfranslara ev sahibliyi edən  Azərbaycanın tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi uğurlarda təhsil sisteminin roluna xüsusi yer ayrıldı. 160 saylı Klassik Gimnaziyanın təqdimatında Azərbaycanın tolerantlığın ünvanı olduğu vurğulandı, müxtəlif millətlərin nümayəndəsi olan uşaqlar mənsub olduqları millətin milli geyimləri,  həmçinin çıxışları ilə mədəniyyətlərarası dialoqun dünya təhsil sisteminə inteqrasiyaya şərait yaratdığını sərgilədilər.


Gənc tədqiqatçılar gələcəyə yol açır


Təhsilin keyfiyyətinin yüksəldilməsində Valideyn - Məktəb əməkdaşlığının vacibliyi Valideyn - Müəllim Assosiasiyalarının fəaliyyəti 5, 276, 181 saylı məktəblərin təqdimatında ziyarətçilərə çatdırıldı. “Elektron kitabxana” bölməsində 31 saylı məktəbin şagirdlərinin təqdimatında  daha bir yeniliyə imza atıldı. Gənc tədqiqatçılar qrupu yeni kurikulum islahatı ilə bağlı dərsliklərdə yer alan mövzuları digər mənbələrdən əldə etdikləri məlumatla daha da zənginləşdirdilər. Beləliklə də təhsil sərgisində elektron kitabxana ilə görüşə gələn şagirdlər gələcəyin tədqiqatçıları kimi  böyük ümid yaratdılar.
Eyni zamanda 10 şəhərlə danışdıq


Təhsilin inkişafında qarşılıqlı əlaqələrin, təhsil müəssisələri arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi sərgi zamanı xüsusi diqqət yetirilən məqamlardan oldu. 264 saylı məktəb - lisey “Dünya ilə danışırıq” deyərək yeni proqram vasitəsilə Ukrayna və Türkiyə məktəbləri ilə canlı əlaqə yaratdı. Eyni zamanda bir neçə müəssisənin qoşulduğu bağlantı təhsil müəssisələrinin mövcud əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıqların təməlinin qoyulması baxımından mühüm əhəmiyyət kəsb etdi. Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov və   BŞTİ - nin müdiri Nailə Rzaquliyeva Ukrayna və Türkiyə məktəbliləri, müəllimləri ilə canlı bağlantıda iştirak edərək gələcək əməkdaşlıqda onlara uğurlar arzuladılar. 
“İrs - milli sərvətimizdir”

Bu ad altında 44 saylı məktəbin təqdim etdiyi bölmə də sərginin maraqla izlənən bölmələrindın biri oldu. Burada Solmaz Amanova hazırladığı yeni kitabları, eyni zamanda “İrs” proqramı üzrə elektron şəkildə dərs və resursları təqdim etdi.   Milli - mənəvi dəyərlərin qorunmasının vacibliyini özündə əks etdirən bölmə 32 və 45 saylı məktəblərin təqdimatı ilə ziyarətçilərin diqqətinə çatdırıldı. Bölmədə tamaşaçılar bir anlıq da olsa ölkəmizin bölgələrinə səfər etmək, şagirdlərin ifasında milli musiqiyə qulaq asmaq, eləcə də qədim xalçaçılıq sənətinin incəlikləri ilə tanış olmaq imkanı qazandılar.
Kimyanın möcüzələri şagirdlərin təqdimatında


Sərgi təhsildə əyaniliyin tətbiqinin yüksək nəticələrə gətirib çıxarmasının da nümayiş etdirilməsi üçün gözəl fürsət yaratdı. 83 saylı məktəb - liseyin təqdimatında müəllim və şagirdlər “sinif otağında” kimyanın yaratdığı möcüzələri təqdim etdilər. Liseyin kimya müəllimi, əməkdar müəllim Akif Teylinin rəhbərliyi altında şagirdlərin apardığı kimyəvi təcrübələr təhsil müəssisələrində əyaniliyin biliklərin mənimsənilməsindəki rolunu ifadə etdi.


Onlardan öyrənmək olar


Son illər təhsil sistemində informasiya - kommunikasiya texnologiyalarından istifadə, “Təhsil sisteminin informasiyalaşdırılması üzrə” Dövlət Proqramının icrası şagirdlərin potensialının aşkarlanaraq doğru istiqamətə yönəldilməsində mühüm rol oynayır. Bu baxımdan sərgidə 283, 299, 236, 278, 307 saylı məktəblərin və Texniki Humanitar Liseyin şagirdlərinin işləri də diqqətləri üzərlərinə cəlb etdi.  299 saylı məktəb - liseyin şagirdi Samir Bayramov müəllimi Aynur Nuriyevanın köməkliyi ilə “İlan və qurbağa” təmsilindən hazırladıqları cizgi filmini təqdim etdilər. Şagirdlər tərəfindən səsləndirilən cizgi filmi uşaqların yaradıcılıq imkanlarının üzə çıxarılmasında atılan addımlardan biri oldu. Bölmədə həmçinin THL - in şagirdləri “Google Skethup” proqramında verilən obyektin 3 D modelini hazırlayaraq monitor vasitəsilə nümayiş etdirdilər.
İstedad əngəl tanımır


BMLK sərgidə inklüziv təhsillə bağlı son nailiyyətləri təqdim etdi. Təhsil müəssisəsi inklüziv təhsillə bağlı əldə etdiyi təcrübənin bölüşdürülməsi baxımından maraq obyekti oldu. Bölmədə inklüziv təhsilin uğurlarının əsas təqdimatçıları da məhz şagirdlər oldular. VIII sinif şagirdi Simuzər Ələsgərova inklüziv təhsillə bağlı hazırladığı təqdimatla sərgiyə gələnlərin diqqətini təhsil aldığı müəssisəyə yönəltməyi bacardı. Balaca Ayxan Məmmədov isə öz gözəl rəsmləri ilə istedadın aşkara çıxarılması üçün məktəbdə yaradılan əlverişli şəraitin ifadəçisi oldu.
Uşaqlar təhlükəsiz həyatın keşiyində


Sərgidə təhlükəsiz həyatın təminatı olan mülki müdafiə də unudulmayıb. 234 saylı məktəbin təqdimatını yüksək qiymətləndirən İlham Pirməmmədov mülki müdafiənin əhəmiyyətinə diqqət çəkərək sərgidə belə bir mövzunun  əhatə edilməsindən məmnunluğunu ifadə etdi. Bölmədə şagirdlər əyani şəkildə sınıq, çıxıq, qanaxma və başqa bədbəxt hadisələr zamanı yardımı praktiki olaraq nümayiş etdirməklə bu sahədəki biliklərini sərgilədilər. 


Bakı Montesoori “Dahi uşaqlar bağçası” da sərgiyə qonaq gəlmişdi. Yeni layihənin paytaxt məktəblərindəki təmsilçisi olan 52 saylı məktəb təhsilin ilk pillələrindən başlayaraq uğur əldə etməyin daha bir yolundan bəhs etdi.


Təəccübləndirən texnologiya


23 saylı məktəb sərgidə bir neçə bölmədə təmsil olundu. Belə ki, multimedia vasitələrinin tətbiqini nümayiş etdirən şagirdlər planşet və rəqəmsal pultlarla test tapşırıqlarını nümayiş etdirdilər. Testlər yerindəcə interaktiv lövhədə qiymətləndirildi. Daha bir bölmədə isə fizika və informatika dərslərində  tətbiq edilə biləcək elektron laboratoriyaların təqdimatına geniş yer verildi. Nazirliyin Aparat rəhbəri İlham Pirməmmədov xüsusilə “Ustad dərslər” bölməsində məktəbin təqdimatlarını yüksək qiymətləndirməklə yanaşı, daha geniş çərçivədə nümayiş və tətbiq edilməsinin vacibliyinə diqqəti çəkdi. 
İqtisadi biliklərin  sirləri


164 saylı məktəbin təqdimatında “Məktəb və iqtisadi biliklər” sərgi iştirakçılarına təqdim olundu. Şagirdlər burada xalçaçılıq biznesinin qurulması və bu sahədə uğur əldə etməyin sirlərini ziyarətçilərlə bölüşdülər. Bu isə şagirdlərin iqtisadiyyatın əsasları ilə bağlı təkcə nəzəri biliklərlə kifayətlənməyib, həm də təcrübi biliklər əldə etməsinin təzahürü oldu. Elmlərin şahı olan riyaziyyat bölməsində 248 saylı məktəbin müəllimi Sevinc Canmirzəyeva ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən “Funksiyalar” mövzusunda elektron dərs nümayiş etdirdi. Bölmədə 229 saylı məktəbin hazırladığı bukletlər, riyaziyyat və incəsənətin sintezi olan əl işləri, əyani vəsaitlər böyük maraqla izlənildi.


6 ildə 1000 medal


Sərgidə BŞTİ - nin tabeliyində olan ümumtəhsil müəssisələri ilə yanaşı, məktəbdənkənar müəssisələrin də uğurları nümayiş etdirildi. Qonaqlar gənc peşəkarların, Azərbaycan bayrağını bir sıra dünyamiqyaslı yarışlarda qürurla dalğalandıran idmançıların  iştirakı ilə şahmat matçının izləyicisi oldular. Sərgini ziyarət edən şahmat həvəskarları ilə masa arxasına keçən uşaqlar qalibiyyətin zövqünü bir daha yaşadılar. Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov və digər qonaqlara BŞTİ - nin tabeliyindəki məktəbdənkənar təhsil müəssisələrinin müxtəlif səviyyəli yarışlarda  son 6 ildə 1000 - dən artıq medal qazandığı barədə məlumat verildi. İ.Pirməmmədov istedadlı gənclərə diqqət və qayğının dövlətimizin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq istedadlı şagirdlərin aşkarlanmasında təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən danışdı.


Gün ərzində davam edən sərgidə məktəbdənkənar müəssisələrin balaca istedadlarının ifasında təqdim edilən kompozisiyalar, kiçik səhnəciklər, əl işləri, yaradıcılıq nümunələri ziyarətçilərə xoş ovqat bəxş etməklə yanaşı, Bakı təhsilinin uğurlarından xəbər verdi. Beləliklə BŞTİ fəaliyyətində daha bir uğurlu layihəyə imza atdı. Paytaxt təhsilinin uğurlarının nümayiş etdirildiyi bu sərgi həm də ulu öndərin əsasını qoyduğu, prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət təhsil siyasətinin sarsılmaz əsaslar üzərində qurulduğunun bariz nümunəsi oldu.