Tam orta təhsil proqramı üzrə eksternat qaydasında imtahanların təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

Müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərin tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında imtahan verərək müvafiq təhsil sənədi almalarını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında imtahanlar 7-8 yanvar 2019-cu il tarixlərində keçirilsin. 

2. Eksternlərin ərizələrinin 10 dekabr 2018-ci il tarixdən 21 dekabr 2018-ci il tarixə kimi qəbulu təmin edilsin.

3. Ümumi təhsil sektoru (S.Bektaşi) tam orta təhsil proqramı üzrə 2018-2019-cu tədris ili üçün nəzərdə tutulmuş eksternat qaydasında imtahanların keçirilməsindən irəli gələn zəruri tədbirlərin yerinə yetirilməsini təmin etsin.

4. Tam orta təhsil proqramı üzrə eksternat qaydasında imtahanların təşkili və keçirilməsi üçün Bakı şəhəri 258 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilsin və məktəbin direktoru Sədaqət Hüseynova imtahanların təşkili üçün zəruri təşkilatı tədbirlərin yerinə yetirilməsini təmin etsin.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorlarına tapşırılsın ki, rəhbərlik etdikləri məktəblərdə ümumi orta təhsil səviyyəsi üzrə əvvəlki illərdə oxuyub tam orta təhsil sənədi ala bilməmiş şəxslərin müvafiq prosedur qaydaları ilə bağlı məlumatlandırılmalarını və onlara müvafiq sinfi bitirmələrinə dair arayış təqdim edilməsini təmin etsinlər.

6. İmtahanların keçirilməsi, sualların fənn proqramlarına uyğun şəkildə hazırlanması və obyektiv yoxlanılması məqsədilə komissiya yaradılsın və tərkibi təsdiq edilsin (əlavə 1).

7. Qiymətləndirmə şkalası təsdiq edilsin (əlavə 2).

8. Maliyyə sektoru (E.Mehdiyeva) bu əmrdən irəli gələn maliyyə məsələlərinin həll olunmasını təmin etsin.

9. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) bu əmrdən irəli gələn təchizat məsələlərinin həll olunmasını təmin etsin.

10. İnformasiya təminatı sektoru (İ.Abdullayeva) ərizələri qeydiyyata alınmış eksternlərin adlarının və imtahan nəticələrinin “Şagird-məzun” sisteminə daxil edilməsinə nəzarəti həyata keçirsin.

11. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin idarənin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

12. Ümumi sektor (S.Rəsulova) əmrin surətinin çoxaldılaraq aidiyyəti üzrə göndərilməsini təmin etsin.

13 . Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli 242 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”.

 

           

 

Məhəbbət Vəliyeva,

Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil

  İdarəsinin müdiri vəzifəsini icra edən

             7  noyabr  2018-ci il

   F-400