Bakı şəhəri Suraxanı rayonunda 354 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Bağçanın açılış tədbirində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) sektor müdiri Sevinc Ağayeva, tərbiyəçi-müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən BŞTİ-nin Məktəbəqədər təhsilin təşkili sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edən Rəna Aslanova uşaq bağçasının fəaliyyətinə uğurlar arzulayıb və ökəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Azərbaycanda məktəbəqədər təhsilin davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsi olduğunu deyən R.Aslanova məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini nəzərə çatdırıb.
Suraxanı RİH-in sektor müdiri Sevinc Ağayeva Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işlərinin davamlı olaraq həyata keçirilməsinin ümumilikdə, uşaqların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini söyləyib.
Tədbirdə çıxış edən BŞTİ-nin Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Kənan Hüseynov paytaxtda uşaq bağçalarının yüksək tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərə diqqət çəkib və məktəbəqədər təhsil müəssisələrinin inşası sahəsindəki fəaliyyətin daha da genişləndirildiyini bildirib.
Qeyd edək ki, yeni istifadəyə verilən 354 nömrəli körpələr evi-uşaq bağçası 230 yerlikdir. Uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 11 pedaqoji işçi məşğul olur.