20.11.2026

Məktəblilər üçün ekskursiyalar təşkil olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil və internat məktəblərinin şagirdləri üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna və Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyalar təşkil olunur.

Elm və Təhsil Nazirliyinin dəstəyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən ekskursiyaların əsas məqsədi məktəbliləri Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış etmək, onların tarixi abidələr və milli-mədəni dəyərlər haqqında biliklərini və dünyagörüşlərini artırmaqdan ibarətdir.

Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olurlar. Şagirdlərə Şirvanşahlar sarayı, Qız qalası, qədim karvansaralar, Qoşa Qala Qapıları və qala divarlarının tarixi, ilkin memarlıq üslubu haqqında ətraflı məlumat verilir, məktəbliləri maraqlandıran suallar cavablandırılır.

Həmçinin BŞTİ ilə Dövlət Bayrağı Muzeyinin əməkdaşlığı çərçivəsində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri üçün muzeyə maarifləndirici ekskursiyalar təşkil olunur.

Ekskursiya zamanı şagirdlər muzeyin ekspozisiyası ilə tanış olaraq Azərbaycanın dövlətçilik tarixinin müxtəlif mərhələləri, dövlət rəmzlərinin yaranması və inkişafı, eləcə də Dövlət Bayrağının tarixi haqqında məlumat əldə edirlər.