Məktəbəhazırlıq qrupları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və  “"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə” 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin müvafiq əmrlərinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları təşkil edilir.

Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq  vərdişlərin formalaşdırılmasıdır.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı, bacarıqlı, intellektual və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris planına əsasən, məşğələlər həftədə 4 gün (12 saat) keçirilir. Gün ərzində 3 məşğələ tədris olunan qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

Uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsinin mərhələlərlə 2017-2018-ci tədris ilində 65, 2018-2019-cu tədris ilində 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.