Təhsil naziri Mikayıl Cabbarovun APA İnformasiya Agentliyinə müsahibəsi (07.03.2014)

Təhsil naziri Mikayıl Cabbarov: “Hamı istəyir ki, dəyişiklik bir gündə,
qısa müddətdə baş versin” - MÜSAHİBƏ. 
 
- Mikayıl müəllim, aprel ayında sizin nazir kimi fəaliyyətinizin 1 ili tamam olacaq. Bu müddət ərzində qarşıya qoyduğunuz hansı məqsədlərə nail ola bilmisiniz? Qarşıdakı illərdə təhsilin inkişafı sahəsində daha hansı vacib tədbirlərin həyata keçirilməsi gözlənilir?
 
- Bu müddət ərzində ən başlıca məqsədləri müəyyənləşdirmişik və onlar “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb. İstənilən problemin həlli üçün məsələnin düzgün qoyuluşu lazımdır. Sualları düzgün qoymaq, problemi düzgün müəyyənləşdirmək üçün ilk 10 ayın əhəmiyyəti əvəzolunmazdır. Çünki burada məsələlərə müəyyən mənada kənar baxış fenomeni var. Təbii ki, insan müəyyən müddətdən sonra işlədiyi yerdən asılı olmayaraq, mövzuları və məsələləri ilkin ayların, həftələrin, günlərin kəskinliyi ilə görmür, nələrəsə öyrəşir. Düşünürəm ki, bu istiqamətdə vəziyyəti aydınlaşdırmaq, təhsilin bütün pillələrində mövcud vəziyyətlə tanış olmaq çox böyük işdir. Yalnız problemlərin qoyuluşu deyil, mövcud vəziyyətin istədiyimiz səviyyəyə çatdırılması, müəyyən istiqamətlər üzrə prioritetlərin açıqlanması da eyni məqsədə xidmət edir. Çünki yalnız təhsil sistemində, nazirlikdə çalışan insanlar deyil, həmçinin cəmiyyət, təhsil sisteminin iştirakçısı olan tələbələr, şagirdlər, müəllimlər, valideynlər, bir sözlə, bütün təbəqələr üçün bu çox mühümdür.
 Ötən 10 ay ərzində nazirliyin aparatında dəyişikliklər istiqamətində müəyyən işlər həyata keçirilib. Hazırda nazirliyin fəaliyyətimizin ilk həftələri və ayları ilə müqayisədə müxtəlif məsələləri həll etmə potensialı daha yüksəkdir. Təhsil sahəsində olan problemlər, onların həlli yolları dövlət başçısının, eyni zamanda cəmiyyətin diqqət mərkəzindədir. Bir çox hallarda təhsil sahəsi və burada olan problemlərin həlli barədə hər kəs öz rəyini bildirir. Bu təbiidir. Çünki hər kəsin bu sahəylə bağlı haqlı və legitim marağı var. Lakin təhsil həqiqətən elə bir sahədir ki, burada keyfiyyətli dəyişikliyin görünməsi üçün müəyyən vaxt tələb olunur. Bir məsələ də aydındır ki, istənilən keyfiyyətli dəyişikliyə nail olmaq üçün biz ilk növbədə münbit ab-havanı təmin etməli, təhsil atmosferinin şəffaflaşmasına, təhsilalanın maraqlarının əsas götürülməsinə nail olmalıyıq. Başqa sözlə, idarə edənlərin mövqelərindən, təcrübələrindən asılı olmayaraq, təhsilin bütün pillələrində təhsilalanın maraqlarının qorunması təmin edilməlidir. Təbii olaraq hesab etmirəm ki, hər hansı peşəkar özü öz işini dəyərləndirməlidir. Biz sadəcə, əlimizdən gələni etməliyik. Görüləsi çox işlərimiz var və hədəflərimizə çatmaq üçün gələcəyə nikbinliklə baxıram. 
 
 Bağçalara sərmayə yatıran özəl investorlara 10 illik vergi güzəştləri tətbiq olunur 
 
 - Yeni təhsil strategiyasında məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin edilməsi qeyd olunub. Erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması və bu sahədə icbariliyin təmin olunması üçün Təhsil Nazirliyi konkret hansı təkliflər irəli sürür?
 - Bu suala cavab verərkən ilk növbədə bunun səbəblərindən başlamaq istərdim. Nəyə görə belə bir məqsəd qoyulub, bunun qoyulması ilə biz hansı maraqları təmin etmək istəyirik? Sirr deyil ki, cəmiyyətdə uşaqların davranışı, sosiallaşması, şəxsiyyətin inkişaf etdirilməsi üçün zəruri olan keyfiyyətlərin və xüsusiyyətlərin formalaşması məhz məktəbəqədər təhsil sistemində baş verir. Başqa sözlə, məktəbəqədər müəssisəyə getmədən I sinfə gələn şagirdlə məktəbəqədər müəssisədən orta məktəbə gələn şagird arasında fərq hiss olunur. Bunun istər təhsilin ilk illərinə, istərsə də uşaqların uzunmüddətli təlim göstəricilərinə çox aydın təsiri var. Qeyd etmək lazımdır ki, bu mövzu digər problemlər kimi keçmiş Sovet İttifaqından bizə miras qalan problemdir. Hətta Sovet İttifaqı dövründə də Azərbaycanda uşaqların məktəbəqədər təhsillə əhatə olunma faizi 25 faizi keçməyib.
 Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın təcavüzü nəticəsində bir çox məktəbəqədər müəssisələrdə yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər məskunlaşıb, bir sıra obyektlər dağılıb və köhnəlib. Ona görə biz bu gün Azərbaycanda mövcud göstəricinin əhatə dairəsinin 15 faizə yaxın olduğunu müşahidə edirik. Nəticə etibarilə bizim I sinfə gələn şagirdlər Avropa İttifaqında I sinfə gələn şagirdlərlə müqayisədə artıq bir neçə addım geriləyir. Bu da təbii olaraq ilk illərdə və bütün təhsil boyu müəyyən akademik göstəricilərdə özünü büruzə verir. Bu baxımdan məzmunun, dərsliklərin, müəllimlərin ümumi təhsil sistemində təkmilləşdirilməsi zəruri və labüddür.
 Bir məqamı qeyd edim ki, bu günlərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı oldu. Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə məktəbəqədər təhsil ocaqlarının inkişafı ilə bağlı yeni layihəyə start verildiyini bildirdi. Bildiyimiz kimi, ötən illər ərzində Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü ilə uğurla həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində böyük işlər görülüb. Fondun həyata keçirdiyi bu və ya digər layihələr kimi, qeyd etdiyimiz layihənin də uğurlu olacağına əminəm. Bu da ölkəmizin daha böyük coğrafiyasında uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafına zəmin yaradacaq.
 Məktəbəqədər sistemdə bütün işlər iki əsas istiqamətdə aparılmalıdır. Birincisi, məktəbəqədər təhsillə əhatə genişlənməli və göstərici 90 faizə çatdırılmalı, digər tərəfdən isə məktəbəqədər təhsilin məzmunu dəyişdirilməli və müəllim hazırlığı təkmilləşməlidir. Məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsi üçün müxtəlif vasitələrdən istifadə edəcəyik. Bir tərəfdən əminəm ki, gələcək illərdə dövlət tərəfindən bu sahədə mühüm işlər görüləcək. Yeni uşaq bağçalarının titkintisi, mövcud olanların genişləndirilməsi işləri aparılacaq. Digər tərəfdən, özəl sektor tərəfindən bu fəaliyyətin həyata keçirilməsi üçün sərmayələrin cəlb edilməsi məqsədilə münbit şərait yaradılacaq. Artıq cari ildən başlayaraq Azərbaycanda bu sahəyə sərmayə yatıran və fəaliyyət göstərən bütün özəl investorlara 10 illik çox əhəmiyyətli vergi güzəştləri tətbiq olunur. Ölkənin məktəbəqədər təhsil müəssisələrində tədris olunan məzmun, metodikalar, onları tədris edən müəllimlərlə də bağlı köklü dəyişikliklər edilməlidir.
 
Bu gün cəmiyyətdə qəbul olunmuş üstün mövqe ondan ibarətdir ki, uşaq bağçasının əsas rolu təhsil deyil, baxımdır. Uşağın sağlam olması, vaxtında keyfiyyətli qidalanması və s. Bunu da xüsusi olaraq vurğulayıram ki, bütün təhsil infrastrukturunda uşaqların sağlamlığı bizim üçün əsas prioritet olmalıdır. Cəmiyyətin sağlam olmasının vacibliyini izah etməyə ehtiyac yoxdur. Metodikaların, məzmunun müasirləşməsinə, müəllimlərin hazırlıq sisteminin təkmilləşməsinə çox böyük ehtiyac var. Biz ardıcıl şəkildə bu işi həyata keçirəcəyik. Düşünürəm ki, bir tərəfdən məktəbəqədər şəbəkənin genişlənməsi və buna paralel olaraq tələb olunacaq müəlimlərin hazırlıq sisteminə yenidən baxılması, təkmilləşmənin aparılmasının paralel getməsi əslində bir üstünlükdür. Bu, bizə müəyyən mənada vaxt verir ki, həmin istədiyimiz təhsilin keyfiyyətini məktəbəqədər təhsilə gətirə bilək.  
- Məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması mümkün ola bilərmi? 
- Biz məktəbəqədər təhsildə 1 illik icbariliyi təmin etmək üçün hazırda mövcud ümumtəhsil infrastrukturundan istifadə imkanlarını öyrənirik. Yəni son illərdə yeni məktəblər tikilib və ya əsaslı təmir olunub. Yeni uşaq bağçaları üçün binalar tikilmədən imkan və şəraiti olan məktəblərin özündə məktəbəqədər hazırlığın təşkil olunması təmin ediləcək. Biz bu imkanları da araşdırırıq. Tədris metodikasına, müəllimlərin hazırlığına gəldikdə, Təhsil Nazirliyinin üzərinə müəyyən funksiyalar düşür. Lakin məktəbəqədər təhsil müəssisələrinin hansı dövlət orqanının tabeliyində olması məsələsi Təhsil Nazirliyinin səlahiyyətinə aid olan mövzu deyil. 
 
Qeyri-səmərəli müəllimlər hazırlayan tədris müəssisələrinin ya gələcəyi barədə müvafiq qərarlar qəbul etməliyik, ya da... 
 
- Bu ildən məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təlimlərə başlanıb. Təlimlərdə məktəb direktorlarının iştirakı hansı səviyyədədir və bu proses onlar üçün hansı əlavə imkanlar yaradacaq? Gələcəkdə təhsili idarəedənlərin işə cəlb edilməsində konkret hansı yeniliklər tətbiq olunacaq? 
- Bu təlimlərin keçirilməsində məqsəd XXI əsr üçün tələb olunan Azərbaycan Respublikası vətəndaşının təfəkkürünə sahib olan, müasir dünyanın istənilən nöqtəsində çalışa biləcək peşəkar keyfiyyətlərə malik insanın yetişdirilməsi üçün idarəedənləri hazırlamaqdır. Təhsilin idarəolunmasında bir çox yeniliklərin tətbiq edilməsi nəzərdə tutulur. Birincisi, həmin idarəedənlərin hazırlığına toxunmalıyam. İdarəedənlərin hazırlıq prosesində dəyişiklər həyata keçiriləcək. Artıq bu işə başlanılıb və xüsusi təlim proqramları hazırlanıb. Bunun üçün ənənəvi müəllimləri hazırlayan təhsil şəbəkəsində islahatlar həyata keçirilir. Qeyri-səmərəli, biz istədiyimiz nəticəni verməyən və yaxud verə bilməyən müəllimləri hazırlayan tədris müəssisələrinin ya gələcəyi barədə müvafiq qərarlar qəbul ediləcək, ya da onlara qəbul olan tələbələrin sayını o məqsədlə azaldılacaq ki, mövcud olan resursları tam optimal şəkildə istifadə edə bilsinlər, bununla da keyfiyyət yüksəlsin. Bundan əlavə, bu yaxınlarda ölkə prezidentinin sərəncamı ilə ADA Universiteti yaradılıb. Həmin universitetin yeni yaradılacaq fakültələrindən biri də “Təhsilin idarəedilməsi” fakültəsi olacaq. Bu da təhsilin müxtəlif pillələri üçün idarəedənlərin hazırlanmasında öz sözünü deyəcək.
 
Son illər müasir informasiya texnologiyaları sahəsində biliklərini artırmaq üçün yiyələnmək üçün müəllimlərə xüsusi treninqlər keçirilir. Əslində isə bu, müəllimin hazırlığı sistemində baş verməldiir. Bu gün ali məktəblərdə fənlərin tədrisinin metodikalarında dəyişikliklər, müasirlik olmalıdır. Biz təhsil sahəsində islahatlar barədə danışdıqda, heç zaman unutmamalıyıq ki, istənilən islahatın uğuru və yaxud uğursuzluğu onu həyata keçirən insanların peşəkarlığından asılıdır. İstənilən islahatı ən xoş niyyəti olan, amma peşəkar hazırlığı və bacarığı olmayan insanlara tapşırdığımız halda, həmin islahatın istədiyimiz nəticəni verməməsi riski çox yüksəkdir. Başqa sözlə, idarəedənlərə onların bacardığı, peşəkar bilikləri çatdığı qədər iş həvalə oluna, səlahiyyət verilə bilər. Bu da öz növbəsində tələb edir ki, biz bu günün və yaxud gələcək islahatda nəzərdə tutduğumuz funksiyaların yerinə yetirilməsi üçün təhsili idarəedənləri müvafiq şəkildə hazırlamalıyıq. Əgər biz biliyi olmayan insanlara bu funksiyaları həvalə etmiş olsaq, islahatların uğur gətirəcəyinə ümid edə bilmərik. Hamı istəyir ki, dəyişiklik bir gündə, qısa müddətdə baş versin. Amma bizim marağımız odur ki, dəyişiklik müsbətə doğru, davamlı və dayanıqlı olsun. Sadəcə, bu gün “nazirliyin iradəsi və baxışı budur” deyərək, sabah “alınmadı” kimi məsələlərlə rastlaşmayaq. 
- Ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri Sizi qane etməyib. Ümumiyyətlə, bu gün ölkədə yeni kurrikulum tətbiq edilir, amma gəlin etiraf edək ki, ən çoxu 1 aylıq təlim kursları ilə müəllimləri bu yeniliklərə uyğunlaşdırmaq mümkün deyil. Sizcə, ölkədə pedaqoji kadrların hazırlanması və onların müasir tələblərə cavab verməsi üçün hansı tədbirlər görülməlidir?
 - Ümumiyyətlə, möcuzələrə inanmaq olar, amma onlara arxalanmaq mümkün deyil. İstər ölkədə yeni kurrikulumun tətbiqi, istər təhsil sahəsində çox mühüm olan təhsil strategiyasının qəbulu, istərsə də kadr dəyişikliyi uğuru təmin edən yeganə amil ola bilməz. İlk öncə hər bir uğurun arxasında çox böyük əziyyət və zəhmət durur. Spesifik misallardan biri odur ki, biz 2008-2009-cu tədris ilində təhsil sistemimizdə yeni kurrikulumun tətbiq olunmasına başlamışıq. Amma müəllimlərə “yeni kurrikulumun tələbləri nədir, bu, onların işində, peşəkar hazırlığında hansı yenilikləri və hazırlıqları tələb edir” mövzusunda təlim və tədris aparmağı unutmuşuq. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi aydındır. Təbii olaraq yeni kurrikulumun, məzmunun tələbləri, yeni metodikaların daha fəal və peşəkar şəkildə müəllimin hazırlıq mərhələsində tədrisi və tətbiqi diqqət mərkəzində olacaq. İkinci məsələ ondan ibarətdir ki, biz hər zaman müəllimin hazırlığı və məzmundan danışırıq. Bu, çox mühüm bir mövzudur və həmişə diqqət mərkəzimizdə olacaq. Nə qədər ki, cəmiyyət var, o qədər də təhsilin məzmunu və müəllimin keyfiyyəti mövzusu haqlı bir sual olaraq qalacaq. 
 - Təhsildə həyata keçirilən islahatlarda, ümumiyyətlə, şagirdlərin təlim-təhsil-tərbiyəsində valideynlərin rolunu necə qiymətləndirirsiniz?
 - Cəmiyyətdə valideynlər tərəfindən uşaqları I sinfə vermək və XI sinifdə arzu edilən savadlı övladı almaq istəyi kifayət qədər geniş yayılmış, amma heç də güclü məntiqə əsaslanmayan düşüncə tərzidir. Övladlarımızın formalaşmasında bizim valideyn kimi rolumuz əvəzolunmazdır. Mən bunu xüsusi olaraq vurğulamaq istəyirəm. Valideynlərin rolu yalnız uşaqların asudə vaxtının düzgün təşkil olunması ilə məhdudlaşmır, eyni zamanda onların şəxsiyyət kimi formalaşmasına və təhsil sistemi üçün hazırlıqlı, təhsilin onların həyatlarında, gələcək uğurların şərti kimi izah edilməsi olmalıdır. Uşaqların akademik göstəricilərində onların həyat bilgisi, ətraf aləmlə bağlı məlumatlanma səviyyəsi mühüm bir amildir. Məktəb yaşına çatmayan uşaqlarda xüsusi olaraq bu biliklərin formalaşdırılmasında valideynlərin rolu müstəsnadır. Buna nail olmaq üçün ən sadə üsul uşaqlara kitabların oxunmasıdır. Çox sadə səslənsə də, bu həqiqətdir. İnkişaf etmiş təhsil sistemlərinə malik dövlətlərdə valideynlər tərəfindən məktəb yaşına çatmayan uşaqlara kitab oxunması barədə statistika aparılır. Avropa İttifaqı, ABŞ-da ümumi göstəricilər onu deyir ki, təxminən ailələrin 60 faizində həftədə 7 dəfə, yəni hər gün məktəb yaşına çatmayan uşaqlar üçün kitablar oxunur. Azərbaycan üçün bizdə belə bir statistika yoxdur. Amma cəmiyyətin bir üzvü kimi bu rəqəm bizim hər birimizi düşündürməldiir. Hər birimiz düşünməli və başa düşməliyik ki, uşaqlarımızın gələcək təhsil uğurları və həyatdakı rollarında bizim üçün çox sadə, bəlkə də əhəmiyyətsiz olan bir amil nədir, biz uşağı gələcəyə hansı dərəcədə hazırlaya bilərik?
 Mən deyə bilmərəm ki, bu öhdəlik təhsil sisteminin üzərinə düşmür. Müəllim və məzmun ikinci dərəcəlidir. Mənim vurğuladığım odur ki, yalnız buna arxalanmaq, bütün problemlərin həllini dövlət tərəfindən müəllimlərin hazılığı sistemində, məktəbdə baş verən təhsil prosesində görmək müasir biliyə əsaslanan bugünki dünyada reallığa uyğun olmayan bir gözləntidir. Övladlarımızın uğurları bir çox hallarda bizim özümüzdən asılıdır. 
 
 Dərsliklərin hazırlanması üçün elan olunan tender iştirakçıları arasında universitetləri görmürük 
 
 - Dərsliklərin çapı və yenidən hazırlanması ilə bağlı gələcəkdə hansı işlər görüləcək? Bu məsələ dəfələrlə müzakirə olunsa da, məktəblərdə müəyyən fənləri tədris edən müəllimlər belə dərsliklərdəki səhvlərdən şikayətlənirlər. Dərslik probleminin qarşısını birdəfəlik almaq mümkündürmü və bunun üçün Təhsil Nazirliyinin təklifləri nədir?
 - Biz hər zaman dərsliklərdə olan problemlər barədə danışırıq. Amma o da həqiqətdir ki, dərsliyin ilk dəfə yaradılması çox ağrılı bir prosesdir. Dərsliklərimiz daha keyfiyyətli olmalıdır. Amma biz dərslik hazırlanması üçün müraciət edən insanlar arasında fənn mütəxəssislərini görmək istəyərdik. Onlar bu işlə əlaqədar müraciət etmirlər. Bu problemdir və biz görürük ki, ali təhsil müəssisələrinin müvafiq fənn kafedralarında mütəxəssislər, peşəkarlar toplaşıb. Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarında mütəxəssislər fəaliyyət göstərir. Amma biz universitetlərin adlarını dərsliklərin hazırlanması üçün elan olunan tender iştirakçları arasında görmürük. Bu ali təhsil müəssisələrinə yönəldilmiş bir tənqiddir. Çünki iqtisadi nöqteyi-nəzərdən də bu, həmin universitetlər üçün faydalı işdir. Dövlət bu işə görə xeyli vəsait ödəyir. Dərsliklərin məzmununun hazırlanması üçün xərclənən vəsait universitetlərin iqtisadi vəziyyətini də yaxşılaşdıra bilər. Onlar bu vəsati həmin müəllimlərə əlavə qonorar kimi ödəyə bilərlər.
 
Keyfiyyətli dərsliklərin hazırlanması hər bir təhsil sistemi üçün prioritet məsələdir. Xüsusilə də informasiya cəmiyyətində yaşadığımız indiki dövrdə biliklərin məzmunca köhnəlmə intensivliyi artdıqca, bütün keyfiyyət meyarlarına uyğun gələn dərslik nümunələrinin hazırlanması aktuallaşır. Artıq təhsilalan 20-30 bundan əvvəlki kimi ancaq dərslik vasitəsilə bilik əldə etmir. Bu gün bilik qazanmağın məkan və zaman ölçüləri dəyişdiyindən dərsliklər də bu rəqabətə dözümlü ola bilməlidirlər.
 
  Məktəblərdə müəllim hazırlığı ilə bağlı 2 əhəmiyyətli yenilik
 
 - Azərbaycanda müəllim hazırlığı prosesində praktiki təcrübəyə kifayət qədər yer ayrılmır. Gələcəkdə müəllim ixtisası üzrə hazırlanan tələbələrin məcburi şəkildə orta məktəblərdə təcrübə keçməsinin tətbiqi hansı formada icra olunacaq? Bununla bağlı daha hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
 - Bu ildən məktəblərdə müəllim hazırlığı ilə bağlı 2 əhəmiyyətli yenilik tətbiq ediləcək. Düşünürük ki, müəyyən müddətdən sonra bu, öz müsbət təsirini göstərəcək. Belə ki, ilk olaraq növbəti tədris ilindən cəmiyyətdə “qeyri-prestijli” kimi qəbul olunan peşələrə tələbələrin cəlb edilməsi üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcək. Bu ixtisasları həqiqətən seçən və yüksək balla ora qəbul olunan istedadlı gənclərə xüsusi müavinətlar, imtiyazlar, daha yüksək təqaüdlərin verilməsi sistemi tətbiq ediləcək. Yeni akademik ildən başlayaraq bunlar tətbiq olunacaq və bu yaxınlarda müvafiq rəqəmlər açıqlanacaq.
 İkinci vacib məsələ isə müəllimlərin praktik təcrübəsi ilə bağlıdır. Müəllim hazırlığı prosesində praktiki təcrübə mövcuddur, amma istədiyimiz qədər yer tutmur. Biz düşünürük ki, yaxın müddətdə müəllim peşəsinə sahib olan məzunlar üçün məktəblərdə bunu genişləndirək. Belə bir təcrübə var və bu, təkcə Azərbaycanda baş verən proses deyil. Müəllimin formalaşması və yetişməsi üçün ən yaxşı mühit məhz məktəbdir. Ali məktəbdə aldığı nəzəri biliklərlə praktiki biliklərin sintezi ən düzgün şəkildə məhz məktəbdə həyata keçirilə bilər. Ona görə də bir daha vurğulayıram ki, bir çox yeniliklər olacaq. Amma orta müddətdə təhsilin keyfiyyətinə təsir edə bilən amillərdən danışırıqsa, ikincini xüsusilə vurğulamaq istərdim. 
 
 Müəllim diplomu əldə edən insanların sayı vakansiyalardan bir neçə dəfə çoxdur 
 
 - Ölkədə müəllim çatışmazlığı ilə bağlı vəziyyət necədir? Ümumiyyətlə, müəllimlərin işə qəbulu ilə bağlı gələcəkdə hansı yeniliklər gözlənilir?
 - Vəziyyətin qəribəliyi ondan ibarətdir ki, müəllim diplomu əldə edən insanların sayı ehtiyacdan bir neçə dəfə çoxdur. Nəzəriyyədə bu o deməkdir ki, biz ən yaxşı müəllim seçimi imkanına malikik. Amma obyektiv imtahan keçirdiyimiz zaman görürük ki, vakansiyaların yarısını doldura bilmirik. Əgər yenilik barədə danışırıqsa, biz müəllimlər üçün tələb olunan bilik səviyyəsini aşağı salmayacağıq. Bu birmənalıdır. Onun da səbəbi odur ki, biz ilk növbədə təhsilin keyfiyyətini təmin etmək niyyətindəyik. Hətta universiteti bitirmiş məzunların universitetdə təhsil aldığı dövrdə bilikləri əldə etmək imkanı olmayıbsa, imtahandan sonra keçən müddət ərzində ali təhsilli insan hansısa fənn üzrə müəllim işləmək istəyini qarşıya məqsədi qoyursa, hazırlaşa bilər. Bu şanslar və imkanlar hər kəs üçün açıqdır. Azərbaycanda da urbanizasiya prosesləri geniş vüsət alıb. Bakı məktəblərində müəllim vakansiyaları yoxdur, amma bir çox bölgələrdə hələ də doldurulmamış yerlər var. Bunu nəzərə alaraq dövlət tərəfindən stimullaşdırıcı tədbirlər tətbiq olunur. Rayonlarda, bölgələrdə fəaliyyət göstərəcək müəllimlər üçün bu tədbirlər davam etdiriləcək. Gələcəkdə nəzərdə tuturuq ki, praktik təcrübə keçən müəllimlərə işə qəbul zamanı daha çox üstünlük verək. Bir sıra sistemli tədbirlər hazırlanır ki, müəllimlərin sayının çoxluğu ilə məktəblərdə doldurulmamış vakansiyalar arasında disproporsiya aradan qaldırılsın.
  - Bu gün Azərbaycanda müəllim hazırlığı ilə Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti məşğul olur. Ölkədə pedaqoji kadrların hazırlanması istiqamətində Azərbaycan Dövlət Pedaqoji Universiteti fəaliyyət göstərdiyi halda, Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyət göstərməsinə nə dərəcədə ehtiyac var?
 - Ali təhsil sisteminin optimallaşdırılması imkanlarını biz hər zaman araşdırmalıyıq. Bu gün biz universitetlərin birləşdirilməsi məsələsini gündəmdə saxlamırıq. Lakin sizin sualınız çox məntiqlidir. Onun məntiqi ondan ibarətdir ki, biz hər zaman optimal balansı seçib tapmalıyıq. Bir tərəfdən resurslarımızın vahid mərkəzə yığılması və buradan idarə olunması, digər tərəfdən ali təhsil sahəsində həyatın digər sahələrində olduğu kimi, rəqabətin təmin olunması lazımdır. Təcrübə göstərir ki, rəqabət istər-istəməz məhsulun keyfiyyətinə təsir göstərir. Müəyyən mənada təhsilə bir xidmət, məhsul kimi baxıla bilər. Bütün resurslarımızın bir yerə yığılması, orada vahid şəkildən idarə olunması və ya rəqabətin nəticəsində keyfiyyət göstəricilərinin artırılması dərin təhlil, araşdırmalar, müzakirələr tələb edir. 
 - Bu il Azərbaycan Müəllimlər İnstitutunun 4 filialına qəbulun aparılması nəzərdə tutulmayıb. Ümumiyyətlə, Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyətinin tam dayandırılması və ya formatının dəyişməsi mümkündürmü?
 - Çox qabağa getməyək. Düşünürük ki, bu mərhələdə qəbul olunan qərarlar vaxtın tələblərinə adekvatdır. Gələcəkdə bu məsələləri dərindən müzakirə etməyə əlavə imkanlarımız olacaq. Çünki bu, təhsil sistemi üçün taleyüklü məsələdir. 
 
 İşlədiyim 10 ay ərzində nazirliyə yüzlərlə adlı, anonim olmayan müraciət olub 
 
 - Cənab nazir, Təhsil Nazirliyində anonim zənglərin qəbul edilməməsi vətəndaşların hər hansı bir faktla qarşılaşdıqda, onu ünvanına çatdırmamasına səbəb olur. Onlar gələcəkdə hansısa faktı dedikləri üçün incidilməkdən, təzyiqlərdən qorxurlar. Bu da son nəticədə müvafiq faktların qapalı qalmasına səbəb olur. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?
 - Bizim fəaliyyətimiz qanunvericilik çərçivəsində həyata keçirilir. Anonim zənglərin, müraciətlərin baxılıb-baxılmaması qanunvericiliyin tələbindən irəli gəlir. Biz də bir dövlət orqanı kimi qanunvericilik çərçivəsində çalışırıq. Kiminsə anonim müraciət etdikdən sonra incidilməkdən, onlara qarşı ola biləcək təzyiqlərdən qorunması çox geniş yayılmış düşüncə tərzidir. Amma mən təhsil naziri kimi işlədiyim dövrdə faktlara cavab vermək istəyirəm. 10 ay ərzində bizə yüzlərlə adlı, anonim olmayan müraciət olub. Düşünürəm, nə qədər ki, bu düşüncə tərzi cəmiyyətdə dominant mövqedə olacaq, o qədər də biz bir cəmiyyət kimi korrupsiya və yaxud digər pozuntuların baş verməsi üçün məsuliyyəti bölüşəcəyik. Bu, hər bir kəsin işidir. Sadəcə, bizim imkan və səlahiyyətlərimiz fərqli olduğuna görə məsuliyyətimiz də fərqlənir. Amma bu o demək deyil ki, bunu bilən şəxs bilərəkdən müraciət etmir və onun məsuliyyəti yoxdur. Onun da vətəndaş məsuliyyəti var.
 
  Saxta sənəd təhsilin dəyərinin süni şəkildə aşağı düşməsinə, onun əsaslarını aşınmasına gətirib çıxarır 
 
 - Təhsil Nazirliyinin fəaliyyəti nəticəsində mütəmadi olaraq saxta diplomlar aşkarlanır. Əsl sənədlərin saxta yollarla vətəndaşlara verilməsi, həmçinin saxta diplomların təqdim edilməsinin qarşısını almaq üçün Təhsil Nazirliyinin bundan sonrakı mövqeyi və görəcəyi işlər nədən ibarət olacaq? Bu günə kimi ölkədə neçə saxta diplom faktı aşkarlanıb və onlardan neçəsi hüquq-mühafizə orqanlarına göndərilib?
 - Biz işə götürənik və bizim sistemimizdə yüz minlərlə insan çalışır. Onları işə götürərkən tələb budur ki, ali təhsilli olsunlar. Ali təhsil barədə onların sənədlərini yoxlayarkən biz qeyri-qanuni və yaxud saxta diplomun olduğunu aşkarlayırıq. Çünki müvafiq mərkəzi icra hakimiyyəti orqanı kimi diplomların məlumat bazasına malikik. Üstəlik, həmin diplomları vermiş təhsil müəssisələri bizim tabeliyimizdə fəaliyyət göstərir. Ona görə də biz bu faktı görərək buna biganə qala bilmərik.
 Qanunu pozmaqla təhsil sisteminə gəlmək istəyən şəxslər var. Əgər insan cinayətə gedirsə və qanunu pozaraq təhsil sisteminə gəlmək istəyirsə, işəgötürən olaraq belə işçi bizə lazımdırmı? Saxtakarlığa yol verən insanları işə götürməyəcəyik. Saxta sənəd ümumilikdə təhsilin dəyərinin süni şəkildə aşağı düşməsinə, onun əsaslarını aşınmasına gətirib çıxarır. İşəgötürən kimi bu məsələdə bizim mövqeyimiz qətidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu, qanuni şəkildə əziyyət çəkib oxuyan, imtahan verən, diplom alan insanın, orada fəaliyyət göstərən müəllimlərin, professorların və digərlərinin, sistemin əleyhinə baş verən hüquq pozuntusudur. Biz buna qarşı reaksiya göstəririk və bundan sonra da göstərəcəyik. Digər işəgötürənlər də təbii olaraq Təhsil Nazirliyinə sorğu göndərərək, onlara iş üçün müraciət edən insanların ali təhsili və digər pillələrdə verilən sənədlərin qanuniliyi barədə maraqlana bilərlər. Bütün müraciətlər araşdırılıb onlara cavab veriləcək. Ona görə də burada hər kəs öz məsuliyyətini dərk edib düzgün siyasət həyata keçirməlidir.
 
  Tələbələr öz akademik imkanlarını yaxşı bilmirlər 
 
 - Azərbaycanın ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri açıqlanıb. Bu gün Azərbaycanın ali təhsil sistemindəki vəziyyəti, ali məktəblərin tələbə hazırlığı, təhsil alan tələbələrin sonradan ölkənin əmək bazarında olan tələbatı ödəməsi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Mövcud vəziyyət nazir kimi Sizi qane edirmi?
 - Ali təhsil sistemində tələbələrin müxtəlif qrupları mövcuddur. Təbii olaraq təhsil sistemində yaşadığımız çətinlik və problemlər tələbə kontingentinin ümumi keyfiyyətinə təsirsiz ötüşmür. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən siyasət dünyada olan siyasət və trendlərdir. Hər il ali təhsillə əhatə olunan insanların sayı artır. Əgər 10 il əvvəl 25 min tələbə qəbul olunurdusa, bu gün 40 min tələbə qəbul olunur. Bunun da tələbənin orta keyfiyyət göstəricisinə öz təsiri var. Burada seqmentləşmə gedir. Artıq burada kimin hansı balla ali təhsil müəssisəsinə qəbul olmaq istəməsi hər bir fərdin öz müstəqil qərarıdır. Amma gənclərin təhsil almaq hüququ, istəyi üçün dövlət olaraq şərait yaratmalıyıq. İnsanlar öz növbəsində yeni sosial-iqtisadi reallıqları qəbul etməlidir. Tələbələr 10 il əvvəllə müqayisədə daha şüurlu şəkildə öz qərarlarını verərək, təhsillə bağlı gələcəklərini daha çox fərdi məsuliyyət əsasında müəyyənləşdirirlər. Fərdi məsuliyyət fərdi azadlıqlardan irəli gələn məsələlərdir. İndi Bolonya sisteminə keçid tələbələrə hüquq verir ki, öz təhsil planını, müddətini planlaşdırsın. Tələbələrə təsir imkanları minimuma endirilib. Artıq tələbənin xaric olunması kimi konsepsiya aradan qaldırılır. Akademik müvəffəqiyyətsizlik halında tələbənin bir daha həmin kursdan dərs keçməsi, hətta başqa bir universitetdə keçməsi üçün imkan yaradılır.
 Bütün bunların hamısı təhsil sistemində liberal islahatlardır. Bunlar indiyə qədər təhsil sistemində yox idi. Lakin təəssüflər olsun ki, bu yeniliklər ali təhsil müəssisələri tərəfindən bir çox hallarda düzgün izah olunmur və tam tətbiq edilmir. Bunun nəticəsində də tələbələr öz imkanlarından yaxşı yararlana bilmirlər.