15.09.2026

Paytaxt məktəblərində Bilik Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı tədbirlər keçirilib.

Tədbirlərdə elm və təhsil naziri Emin Əmrullayev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavinləri Vəfa Yaqublu və Arslan Hacıyev, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın və BŞTİ-nin struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanının nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar, müəllim və valideynlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar.

Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın, BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub. Tədbirdə iştirak edən qonaqlar, həmçinin ilk dərs prosesini də izləyiblər.

Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 504 413 şagird təhsil alacaq.