Ümumtəhsil məktəblərində I sinfə elektron ərizələrin qeydiyyatının təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

Azərbaycan Respublikası Təhsil nazirinin “2015/2016-cı dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 19 fevral 2015-ci il tarixli 242 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İşçi qrupunun yaradılması barədə” 02 mart 2015-ci il tarixli 109 nömrəli əmrlərinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.2015/2016-cı dərs ili üçün I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda işçi qruplar yaradılsın.

2.Ümumtəhsil müəssisələrinin direktorları:

2.1.İşçi qrupun fəaliyyəti üçün binanın məqsədəmüvafiq hissəsində telefon rabitəsi və davamlı internet bağlantısı ilə təmin edilmiş otaq ayrılmasını;

2.2.hər hansı səbəbdən elektron qeydiyyatdan keçmək imkanı olmayan valideynlərin  elektron ərizəsinin məktəbin logini ilə sistemə daxil edilməsi üçün bir nəfər məsul şəxsin təyin olunmasını;

2.3.elektron ərizə qeydiyyatı ilə əlaqədar zəruri məlumatları əhatə edən elanların (müəllimlərin və siniflərin sayı, iş rejimi (dərs məşğələlərinin keçirilmə saatları), tədris edilən xarici dillər haqqında, sənədlərin qəbul günləri və saatları, sənədləri qəbul edən vəzifəli şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı) binanın girişində nəzərə çarpan hissədə yerləşdirilməsini;

2.4.valideynlər arasında elektron ərizə qəbulu ilə bağlı maarifləndirmə işlərinin aparılmasını;

2.5.uşaqların I sinfə qəbulu üzrə işçi qrupunun yaradılmasını və mövcud qaydalara uyğun fəaliyyətini;

2.6.ərizələrin elektron qeydiyyatı və uşaqların I sinfə qəbulu prosesində baş vermiş hər hansı gözlənilməz hadisə barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərən işçi qrupuna dərhal şifahi və yazılı məlumat verilməsini təmin etsinlər.

3.Nəsimi rayonu THL, Səbail rayonu 2 nömrəli THL, Nizami rayonu 145, Yasamal rayonu 18, Nərimanov rayonu 47, Xətai rayonu 191, Sabunçu rayonu 252, Suraxanı rayonu 114 və 275, Qaradağ rayonu 166 və 274, Xəzər rayonu 26 və 156, Pirallahı rayonu 235, Binəqədi rayonu 115 və 276 nömrəli məktəblərin direktorlarına tapşırılsın:

3.1.elektron ərizə qəbulu üzrə alternativ işçi qrupu yaratsınlar;

3.2.zəruri məlumatları əhatə edən elanların (sənədlərin qəbul günləri və saatları, sənədləri qəbul edən vəzifəli şəxsin adı, soyadı, iş telefonu, elektron poçt ünvanı) yerləşdirilməsini təmin etsinlər.

4.Ümumi sektor (S.Rəsulova) bu əmrin çoxaldılaraq yerlərə çatdırılmasını, İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) İdarənin saytında yerləşdirilməsini təmin etsin.

5.Müdir müavini (N.Səfərova) əmrin icrası ilə əlaqədar maliyyə məslələrini həll etsin.

6.I sinfə elektron ərizə qəbulu üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaradılmış işçi qrupu (M.Vəliyeva) bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etsin.

7.Əmrin icrasına nəzarət müdir müavini Məhəbbət Vəliyevaya həvalə edilsin.

 

            Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 19 fevral 2015-ci il tarixli 242 nömrəli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 02 mart 2015-ci il tarixli 109 nömrəli əmrləri, müdir müavini, işçi qrupunun sədri M.Vəliyevanın xidməti məlumatı.

 

Nazir müavini, Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdir səlahiyyətlərini

müvəqqəti icra edən Ceyhun Bayramov