13.10.2014

Yasamal və Nərimanov rayonlarında səyyar qəbullar keçirilib

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

      Qeyd edək ki, növbəti səyyar qəbullar Nərimanov və Yasamal rayonlarında keçirilmişdir. Yasamal rayonu üzrə 53 №li məktəbdə keçirilən səyyar qəbulda 53, 60, 153, 173, 175, 176 №li məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

      Nərimanov rayonu üzrə 177 №li məktəbdə keçirilən səyyar qəbula isə 34, 47, 73, 177, 202, 207, 304 № li məktəblərin müəllim və valideynləri müraciət etmişlər.

      Səyyar qəbullar saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Yasamal rayonu üzrə ümumilikdə 20 müraciət, Nərimanov rayonu üzrə isə 11 müraciət qəbul edilmişdir.

       Əsas müraciətlər məktəblərin təmir edilməsi, rus dili və ingilis dili dərs saatlarının artırılması, şahmat dərslərinin keçirilməsi, laboratoriyaların müasir avadanlıqlarla təmin olunması və dərslərin elektron şəkildə keçirilməsi ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.