28.11.2014

XXVII SPARTAKİADANIN ŞAHMAT YARIŞI BAŞA ÇATDI

      24 - 26 noyabr 2014 - cü il tarixində Respublika Şahmat Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında keçirilən XXVII spartakiadanın proqramına daxil olan şahmat növü üzrə yarış başa çatmışdır.

      Yarışda 11 rayon komandası tərkibində 66 nəfər (onlardan 22 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəsinə görə, I yeri Səbail rayonu 160 nömrəli Klassik Gimnaziya, II yeri Xəzər rayonu 181 nömrəli tam orta məktəb, III yeri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin komandası tutmuşlar.

      Yarışın bağlanış mərasimində iştirak edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini Əbdülov Salman, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı və XXVII spartakiadanın baş katibi Sultanova Valentina, o cümlədən  yarışların baş hakimi Məmmədzadə Nurəli qalibləri təbrik etmiş və onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

      Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

      Qeyd edək ki, XXVII spartakiadanın dama və şahmat növləri üzrə yarışlarından sonra Səbail rayonu 2 xalla I, Xəzər rayonu 6 xalla II, Sabunçu rayonu 7 xalla III, Nərimanov rayonu 9 xalla IV, Xətai rayonu 9 xalla V, Nəsimi rayonu 11 xalla VI, Suraxanı rayonu 13 xalla VII, Nizami rayonu 18 xalla VIII, Yasamal rayonu 19 xalla IX, Qaradağ rayonu 19 xalla X və Binəqədi rayonu 24 xalla XI yeri tutur.