02.12.2014

“ÖZ HƏYATINI QORU, BAŞQASININ DA YAŞAMASINA MANE OLMA!”

      Bakı şəhəri 5 №-li tam orta məktəbdə 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar müvafiq tədbirlər planına uyğun olaraq “ÖZ HƏYATINI QORU, BAŞQASININ DA YAŞAMASINA MANE OLMA!” devizi altında silsilə tədbirlər həyata keçirilmişdir.

      Tədbir öncəsi məktəb foyesində şagirdlərin maarifləndirilməsi üçün onların rəsmlərindən, esse yazılarından və gigiyenik ləvazimatlardan, bir dəfəlik istifadə üçün nəzərdə tutulan tibbi avadanlıqlardan, dizenfeksiyaedici maddələrdən ibarət “Biz, Narkomaniyaya Yox Deyirik!, ”Stop  AİDS” başlıqları altında sərgi təşkil olunmuşdur.

      Daha sonra Bakı şəhəri Rabitə Kolleci və Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində reproduktiv sağlamlıqla bağlı açıq dərslər təşkil olunmuşdur. Dərslər pilləli şəkildə 3, 6, 10, 11 - ci siniflərdə keçirilmişdir. Dərslərin aparıcı müəllimləri Qafqaz Universitetinin müəllimi Ayaz Abbasov, Rabitə Kollecinin müəllimi Teymur Fərhadov və məktəbin biologiya müəllimləri Kərimova Vəfa, Rzayeva Könül olmuşlar.

      Maarifləndirici dərslərdən sonra məktəbin akt zalında yuxarı sinif şagirdlərinin, həmçinin məktəbin qonaqları olan Rabitə Kolleci və Qafqaz Universitetinin tələbələrinin iştirakı ilə elmi - praktik konfrans keçirilmişdir.

      Konfransı giriş sözü ilə açan məktəbin direktoru N.M.Gündüzlü tədbirin mahiyyəti haqqında qısa məlumat vermişdir.

      Konfransda məktəbin şagirdləri - Məlikli Məhəmməd, Cəfərquliyeva Xəyalə, Əfəndi Nihat, Talıblı Nigar, Rabitə Kollecinin I kurs tələbəsi - Zeynalova Qızılgül, Qafqaz Universitetinin II kurs tələbəsi – İsgəndərli Elnarə təqdimat işləri ilə çıxış etmişlər.

      Konfrans boyu “QİÇS”-lə bağlı reklam çarxları da nümayiş etdirilmişdir.

      Sonda hər bir sinif “Sağlam həyat tərzi” ilə bağlı öz fikirlərini “Qərar lövhə”sinə yerləşdirmişlər.

      Konfrans məktəb şagirdlərindən ibarət “Virus” pantomim rəqs qrupunun rəqsi və “Biz bir dünyayıq” mahnısı ilə başa çatmışdır.

      Tədbirdə Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev, “AİDS” - lə Mübarizə İctimai Birliyinin əməkdaşı Ehtiram Paşayev, Respublika “QİÇS”lə Mübarizə Mərkəzinin həkimi Ziyad Nəsibov və “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Şakir Cəfərov da iştirak etmişdir.