29.12.2014

XXVII SPARTAKİADANIN STOLÜSTÜ TENNİS YARIŞI BAŞA ÇATDI

      26 dekabr 2014 - cü il tarixində 258 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında keçirilən XXVII spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə yarış başa çatmışdır.

      Yarışda 11 rayon komandası tərkibində 55 nəfər (onlardan 22 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəsinə görə, I yeri Nərimanov rayonu 258, II yeri Xəzər rayonu 183 nömrəli tam orta məktəbin komandaları, III yeri Yasamal rayonu Akademik Zərifə Əliyeva adına liseyin komandası tutmuşlar.

      Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini Əbdülov Salman, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVII spartakiadanın baş katibi Sultanova Valentina, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Novruzov Nəcəf və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi, XXVII spartakiadanın mandat komissiyasının sədri Əlizadə Cəlil qalibləri təbrik etmiş və onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Tədbirdə həmçinin 2015 - ci ildə ilk dəfə olaraq keçiriləcək Avropa Oyunlarının proqramına daxil olan stolüstü tennis növü üzrə yarışa vəsiqə qazanmış yeganə paytaxt məktəblisi, Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin komandasının kapitanı Həsənov Nurlana uğurlar arzulamışlar.

      Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

      Qeyd edək ki, XXVII spartakiadanın dama, şahmat və stolüstü tennis növləri üzrə yarışlarından sonra Xəzər rayonu 8 xalla I yeri, Nərimanov rayonu 10 xalla II yeri, Səbail rayonu 13 xalla III yeri, Sabunçu rayonu 14 xalla IV yeri, Nəsimi rayonu 20 xalla V yeri, Xətai rayonu 21 xalla VI yeri, Suraxanı rayonu 21 xalla VII yeri, Yasamal rayonu 22 xalla VIII yeri, Qaradağ rayonu 23 xalla IX yeri, Nizami rayonu 26 xalla X yeri və Binəqədi rayonu 29 xalla XI yeri tutur.