17.03.2015

AXI DÜNYA FIRLANIR

Mart 11-də Bakı şəhəri 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi və 297 nömrəli tam orta məktəbin birgə hazırladıqları xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “Axı Dünya Fırlanır” adlı tədbir keçirilmişdir. Yubiley münasibətilə zal xalq şairinin kitabları, onun əsərlərini əks etdirən mərkəzin təsviri incəsənət üzvlərinin əl işləri bəzədilmişdir.

Tədbiri giriş sözü ilə mərkəzin dərnək rəhbəri Novruzova Nuranə açaraq xalq şairinin yaradıcılığından bəhs etmiş və 15 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şairin 90 illik yubileyinin vətənin hər bir yerində keçirilməsi ilə bağlı imzaladığı fərmanı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Tədbir B.Vahabzadənin sözlərinə həsr olunmuş “Bu torpağa borcluyam” mahnısı ilə açıq elan edilmişdir.

Tədbirdə 297 nömrəli məktəbin şagirdləri və Bakı şəhəri 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin dərnək üzvləri böyük həvəs və maraqla iştirak etmişlər. Tədbir ərzində xalq şairinin şeirləri, poema və pyeslərindən parçalar, şairin şeirlərinə bəstələnmiş mahnılar dərnək üzvləri tərəfindən ifa edilmişdir. Bədii qiraət dərnəyinin üzvləri isə “Şəhidlər” və “Xalq” şeirlərini səsləndirmişlər. Ansambl və “Rəqs” dərnəyinin üzvlərinin ifasında Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış mahnılar ifa edilmiş və rəqslər nümayiş olunmuşdur.

Tədbirin yekununda söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini filologiya elmləri doktoru, professor Hüseyn Əsgərova verilmişdir. Tədbirdə eyni zamanda qonaq qismində Binəqədi Rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin məsləhətçisi Elnur Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin müdir müavini Sevinc Süleymanova, 42 №li Gənc Turistlər və diyarşünaslıq Mərkəzinin direktoru Məmmədəli Həsənov, 34 №li Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov, 27 №li Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Hacı Şükürov, eləcədə Biləcəri qəsəbəsində yerləşən orta ümumtəhsil məktəblərinin direktorları və nümayəndələri iştirak etmişdir. Tədbirin sonunda bütün şagirdlər və dərnək üzvləri Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir.