17.03.2015

Novruz gəlir, yaz gəlir

Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramı münasibətilə 11-13 mart tarixlərində silsilə tədbirlər həyata keçirilmişdir. Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət, tarixi ənənələrimizi onlara aşılamaq və  uşaqların estetik zövqlərini inkişaf etdirməkdən ibarət olmuş, bütün yaş təbəqələrini və bir çox sahəni əhatə etməklə həyata keçirilmişdir.

   “Novruz gəlir, yaz gəlir” adlı bayram şənliklərinin iştirakçıları olan balacalar səhnədə milli geyimlərdə  öz istedadlarını nümayiş etdirərək rəngarəng mahnı, şeir, rəqs çələnglərini valideyn və müəllimlərinə ərmağan etmişlər.

Tədbir boyu məktəbin müəllimləri tərəfindən şagirdlərə mənəvi dəyərlərimizə söykənən ənənələrimiz haqqında məlumat verilmişdir.

Bayram tədbirlərinin davamı olaraq martın 12-də məktəbdə kitabxana müdiri Kəmalə Məmmədova və psixoloq Ləzifə Əhmədovanın rəhbərliyi altında “Azərbaycan filmlərində milli adət və ənənələrimizə baxış” başlığı altında diskussiya keçirilmiş, Azərbaycan kinomotoqrafiyasının nadir incilərindən sayılan “Dəli Kür”, ”Yeddi oğul istərəm” filmlərindən Novruz adət və ənənələri ilə zəngin olan fraqmentlər  şagirdlərə nümayiş etdirilmişdir.

Bayram tədbirləri çərçivəsində martın 13-də məktəbin bayramsayağı bəzədilmiş idman zalında şagirdlərdə idmana maraq oyatmaq, onların çevik, sağlam böyümələri məqsədilə Novruz bayramına həsr edilmiş “Ucalsın göylərə Azərbaycan cəngisi!” şüarı ilə “Şən estafetlər” adlı idman yarışı keçirilmişdir.

 Məktəbin Şagird Elmi Akademiyasının üzvləri də bu tədbirlərdən geri qalmamış, öz təqdimat işlərini tarixi köklərə söykənən 4 Novruz çərşənbələrinə  həsr etmişdilər. ”Su”, ”Yel”, ”Od”, “Torpaq” çərşənbələrinin elmi, coğrafi və fiziki mənaları haqda geniş məruzələr etmiş və təqdimat işlərini cəmiyyətin iclasında şagird və müəllimlər qarşısında nümayiş etdirmişlər.

Eyni zamanda, məktəbin şagirdləri  Xəzər rayonu Qala qəsəbəsi ərazisində yerləşən "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya etmişlər.