13.04.2015

Məktəblilərin texniki yaradıcılıq müsabiqəsi

Ümumdünya Kosmonavtika  günü münasibətilə   Park Bulvar alış-veriş mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında  Elmin  İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Bakı Şəhəri üzrə Təhsil İdarəsininin  təşkilati dəstəyi ilə Bakı şəhər məktəblilərinin texniki yaradıcılıq müsabiqəsi keçirilmişdir.

Texniki yaradıcılıq müsabiqəsinin ilkin mərhələsinə təqdim olunmuş 150-ə yaxın yaradıcılıq işindən ən yaxşı 50 iş seçilərək “Park Bulvar” AVM-də yerləşən Respublikada ilk və yeganə planetarium olan-Tusi –Bohm Planetariumda sərgilənmişdir.

Məktəblilərinin texniki yaradıcılıq qabiliyyətlərinin müəyyənləşdirilməsi, onların texniki yaradıcılıq dərnəklərinə cəlb olunması, bu sahəyə şəhər ictimaiyyətinin marağının artırılması məqsədini daşıyan müsabiqədə kosmonavtika, kosmos, səma cisimlərinə  aid hazırlanmış  maket və  robotlar nümayiş etdirilmişdir.

Müsabiqənin yekun tədbirində təşkilatçılar tərəfindən  5 ən yaxşı  texniki yaradıcılıq işi xüsusi diploma və qiymətli hədiyyələrə layiq görülmüşdür.  Aqil  Qəhrəmanov (34 nömrəli Texniki Yaradıcılıq Mərkəzi), Mübah Cəfərov (38 nömrəli Texniki Yaradıcılıq Mərkəzi), Tuncay Qəhrəmanov ( “Zəngi” liseyi ), Mədinə Məmmədova (Yeniyetmələrin  22 nömrəli Yaradıcılıq Mərkəzi) və Afiq Əzizovun (26 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi) yaradıcılıq işləri tədbir iştirakçılarında böyük maraq doğurmuşdur.        Müsabiqə qalibləri və digər bütün iştirakçılar AZƏRKOSMOS, BAZARSTORE, Shokki Mokki və AZƏRÇAY şirkətləri tərəfindən diplom, sertifikat və qiymətli  hədiyyələrlə  mükafatlandırılmışlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini  Hüseyn Əsgərov, Tusi –Bohm Planetariumun rəhbəri Famil Mustafa,   Azərbaycan Respublikasının Prezidenti yanında  Elmin  İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyası, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev, “AzərSun Holding” in vitse-prezidenti Tahir Gözəl, “AZƏRKOSMOS”un  Peyk əməliyyatları rəhbəri  Dunay Bədirxanov  mükafatlandırma tədbirində çıxış edərək yaradıcılıq işləri nümayiş etdirilən bütün iştirakçılara və onların müəllimlərinə təşəkkür etmiş, gələcəkdə bu sahənin daha da genişləndirilməsi ilə bağlı məktəblilərə lazımi köməkliyin  göstəriləcəyini bildirmişlər.