23.04.2015

60 nömrəli məktəbdə Elxan Elatlı ilə görüş keçirilib

Azərbaycan təhsilində 2014-2015-ci  illər  “Mütaliə ili” elan olunması ilə əlaqədar 60 nömrəli tam orta məktəbdə aprelin 2-də görkəmli yazıçı və şair Elxan Elatlı ilə görüş keçirilib.

Qeyd edək ki, Elxan Elatlı 1962-ci ildə Şamaxı rayonunun Sis kəndində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. İndiyədək 14 kitabı işıq üzü görüb. ”Xəyanət” romanından sonra dedektiv yazıçı kimi tanınmağa başlayıb. ”Qan ləkəsi”, ”Xəyanət”, ”Bakıdan gələn xəfiyyə”, ”Yeddinci mərtəbədə qətl” və.s. kimi bir çox əsərlərin müəllifidir.

Tədbiri məktəbin direktoru Günel Rəcəbova açıq elan edərək sözü Elxan Elatlıya verib. Görüşdə VIII, IX, X, XI sinifin şagirdləri iştirak ediblər. Söhbəti tərbiyəvi mövzuyla açan yazıçı öz həyatı, fəaliyyəti və yaradıcılığı və “Qarabağ” mövzusu haqqında söhbət açıb.

Təhsil Nazirliyinin sinifdənkənar oxuya geniş yer verilmənin çox sevindirici hal oldugunu qeyd edərək bədii ədəbiyyatın insan həyatında rolunu vurğulayıb. “İlk öncə hər birimiz  öz dilimizi bilməliyik. Nəzərə alın ki, siz Azərbaycan dilinin 40-50% bilirsiniz və işlənməyən sözlər tədricən yaddan çıxır, bu baxımdan dilimizi bilmək və qorumaq çox vacibdir” deyərək yazıçı öz çıxışı zamanı bildirib.

Sonra yazıçı tariximizdən, mədəniyyətimizdən danışıb: “200 il bizi sıxmağa və məhv etməyə çalışsalarda buna müvəffəq olmayıblar. Bu baxımdan biz böyük və qüdrətli xalqıq. Bizim zəngin və qədim mədəniyyətimiz var. Bizim üzərimizə tariximizi qorumaq kimi çox böyük bir yük düşür”.

Tədbirdə E. Elatlı öz yazdıgı şeirləri oxuyub və şagirdləri maraqlandıran sualları cavablandırıb.

 

Çıxışdan sonra G.Rəcəbova yazıçıya öz minnətdarlığını bildirərək  qeyd edib: “Güman edirik ki, məktəbin şagirdləri üçün bu görüş yaddaqalan olacaq, Vətənimizə, dövlətimizə sevgi hisslərini dahada gücləndirəcək”.